"Əvvəlki "qara bazar"ın yerini indi başqası tutacaq" - hüquqşünas

"Manat 4%-lik marja əsirliyindən qurtuldu, indi banklar valyuta mübadiləsini istədikləri məzənnə ilə həyata keçirir. Neft Fondundan 7,5 mlrd. manat gözləyən Mərkəzi Bank isə banklara rəsmi məzənnəsi ilə dollar satmağa başladı. Dedik ki, vəssalam, manat üzməyə başladı, "qara bazar" öldü, çünki ona lüzum qalmadı. Amma görünən odur ki, əvvəlki "qara bazar"ın yerini indi başqası tutacaq". "Yeniavaz.com"un məlumatına görə bunu bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda bankların dollar alışı və satışı məzənnələri arasında kəskin fərq var: "6-11 qəpik. Demək olar ki, banklarımız əhalidən dolları Mərkəzi Bankın rəsmi məzənnəsi (1,78), bəzən isə ondan da aşağı məzənnə ilə alır və minimum 1,86, maksimum isə 1,89 məzzənə ilə satırlar.

Dollar alışının Mərkəzi Bankın məzənnəsi ilə həyata keçirilməsi anlaşılandır: baş bankdan hazırda həmin məzənnə ilə kifayət qədər dollar ala bilən bank nəyə görə əhalidən daha yüksək məzənnə ilə alsın ki? Amma dollar satışı məzənnəsinin müqayisədə xeyli yüksək olması onu göstərir ki, banklar dollara olan böyük tələbatdan sui-istifadə etmək istəyir. Burada qanunsuz heç nə yoxdur! Lakin açıq-aşkardır ki, normal bazar şəraitində belə yüksək fərq olmamalıdır.

Düzdür, qabaqcıl Avropa ölkələrində də banklar valyuta mübadiləsindən yüksək gəlir götürür: məzənnə fərqi ilə yanaşı hətta yüksək komisyon haqq da tuturlar. Lakin həmin ölkələrdə valyuta mübadiləsi əməliyyatlarına tələbat azdır, çünki öz milli valyutaları (avro, funt sterlinq, İsveçrə frankı) güclüdür və başqa valyutalardan istifadəyə lüzum yoxdur. Buna görə də orada bu əməliyyatlar bankların fəaliyyətinin cüzi hissəsini təşkil edir.

Bizdə isə valyuta əməliyyatları bankların fəaliyyətinin xeyli hissəsini təşkil edir. Ümumiyyətlə, Azərbaycanda valyuta bazarı çox intensivdir, daim satan və alan çoxdur. Buna görə də bankların inhisarçı mövqelərindən istifadə etməsi reallıqda mümkün deyil. Yəni Avropada bankların məzənnə fərqi və komisyon haqqı yüksək olsa da, onlarla heç kəs rəqabət aparmaq istəmir, çünki bazar kiçikdir, həcm baxımdan böyük gəlirlilik yoxdur. Azərbaycanda isə həcm iri olduğu üçün gəlirlilik də böyükdür. Buna görə də banklar inhisarçı mövqelərindən bu şəkildə istifadə edə bilməz. Avtomatik olaraq yeni "qara bazar" yaranacaq ki, tələb və təklif arasında optimal balans yaransın.

Belə ki, hazırda "qara bazar", məsələn, dolları əhalidən 1,8 məzənnəsi ilə ala və 1,85 məzənnəsi ilə sata bilər. Hər dollarda 5 qəpik qazanc çox böyük rəqəmdir. Buna görə də banklar məzənnə fərqini azaltmayınca mütləq kimlərsə bu fəaliyyətlə məşğul olacaq. Özü də bu dəfə onlara heç kəs əngəl yaratmayacaq. Yəni dövlət orqanları belə valyuta alverçiləri ilə ciddi məşğul olmayacaq, çünki dövlət üçün burada ciddi təhlükə yaranmır (vergidən yayınmanı nəzərə almasaq), itirən sırf banklar olacaq. Dövlət bu "pay"ı itirilən verginin əvəzi hesab edərək, bu qanunsuz fəaliyyətə əsasən göz yumacaq".

"Yeni "qara bazar"ın əvvəlkindən fərqi nədir?" sualına Əkrəm Həsənov belə aydınlıq gətirib: "Əsas 2 fərq var: 1) qara bazarın mənsubiyyəti; 2) qara bazarın məzənnə siyasəti.

Əski qara bazarın arxasında əsasən banklar dururdu və faktiki vahid (uzağı bir neçə) mərkəzdən idarə olunurdu. Mərkəzi Bankdan kifayət qədər dollar ala bilmədikləri və aldıqlarını 4%-li marja çərçivəsində satmalı olduqları üçün banklar onu "qara bazar"a ötürürdü. İndi isə bankların buna ehtiyacı yoxdur. Buna görə də yeni "qara bazar"da da bəzi bankların müəyyən iştirakı istisna edilməsə də, o, əsasən qeyri-bank alverçiləri tərəfindən pərakəndə şəkildə işlədiləcək.

Əski "qara bazar" dolları bankların məcburən elan etdiyi məzənnədən baha satırdı, çünki reallıqda banklar həmin məzənnə ilə dollar satmırdı. Yeni "qara bazar" banklar kimi Mərkəzi Bankdan rəsmi məzənnə ilə ucuz dollar ala bilməyəcək. Buna görə də elə birbaşa əhalidən bir qədər baha alacaq. Banklar kimi baha da sata bilməyəcək, amma həcm baxımdan daha çox satacaq və bunun nəticəsində xeyli dövriyyəsi olacaq. Buna görə də faktiki valyuta bazarı yenə "qara bazar" olacaq və manatın real dəyəri məhz orada müəyyən olunacaq. Əlbəttə, əgər banklar alış və satış məzənnələri arasında fərqi azaldıb bazara özləri sahib çıxmasa".

DİGƏR XƏBƏRLƏR

Top