İki dost – Mopassanın hekayəsi


(İngiliscədən tərcümə)
(Bu hekayəni tərcümə etmək çox vaxtımı aldı. Əsərdə səmimi ünsiyyətin dostluğa çevrilməsi, bu dostluğun səbəbi olan balıq tutmaq hobbisinin gözəllikləri, bu gözəllikləri müşayət edən təbiət təsvirləri, onları duyub yaşamağı bacaran adi insanların ötən sakit günlərə olan nostaljisi böyük ustalıqla təsvir olunduğu kimi, müharibənin törətdiyi aclıq,
ölüm, səfalət kimi arzulanmaz hallar da oxucunun ürəyini ağrıdır. Hekayə bizlər üçün
daha aktualdır. Müharibə ilə heç bir əlaqəsi olmayan sivil insanların bu fəlakətin qurbanı olmasının acı nümunələri bizim tariximizdə istənilən qədərdir. Hekayənin sonunda öz sədaqəti, dəyanəti ilə qəhrəman səviyyəsinə yüksələn iki balıqçı dosta qarşı prussiyalı zabitin dəhşətli qərarı, öldürdükləri insanların cəsədlərinə qarşı vəhşi hərəkətləri dərhal ermənilərin törətdikləri Xocalı soyqırımında dinc sakinlərin və İkinci Qarabağ Müharibəsində onlar tərəfindən əsgərlərimizin cəsədlərinin tanınmaz hala salınması canlanır gözümüzün önündə. Bu hekayə həm də ermənilər kimi ləyaqətsiz düşmənlərə nifrət hissi aşılamaqda əhəmiyyətlidir...)

Mühasirəyə alınmış Paris aclıqdan əzab çəkirdi. Evlərin damlarında sərçələrin, kanalizasiyalarda siçovulların sayı belə azalmaqda idi. İnsanlar əldə edə bildikləri hər şeyi yeyirdilər.

Hal-hazırda işsiz olan saatsaz Müsyö Morisso aydın bir yanvar səhəri əlləri şalvarının cibində, ac qarınla bulvarda gəzişərkən birdən köhnə tanışlarından biri, balıqçı dostu Müsyö Sovaj ilə üz-üzə gəldi.  

Müharibə başlamazdan əvvəl hər bazar günü səhər tezdən Morissonun əlində bambuk çubuqlu tilovu, belində bir konserv qutusu ilə yola çıxmaq adəti vardı. O, Arjentey qatarına minib Kolombda düşər, buradan da piyada Marant adasına gedərdi. Arzuladığı yerə çatdığı andan axşam qaranlıq düşənəcən balıq tutardı.
Hər bazar günü o, həmin bu yerdə Notr-Dam-de-Loret küçəsindəki trikotaj dükanının keçmiş sahibi, həm də qızğın bir balıqçı, şişman, gülərüz, bəstəboy bir adamla görüşərdi. Onlar tez-tez günün yarısını əllərində tilov, yan-yana, ayaqlarını suyun üzərində yellədərək oturardılar; bu iki adam arasında isti bir dostluq da yaranmışdı.
Bəzi günlər heç danışmazdılar; başqa vaxtlar isə söhbətləşərdilər; lakin onlar oxşar zövq və duyğuları olduğundan, sözlərin köməyi olmadan da bir-birilərini tam başa düşürdülər.
Yazda, təxminən səhər saat onda, günəşin çxıması ilə xəfif duman suyun üstündə üzməyə başlayanda iki həvəskar balıqçının kürəkləri yavaş-yavaş isinəndə, Morisso hərdən öz qonşusuna atmaca ilə:
 - Bəh, bəh! Bura nə qədər səfalıdır! – deyərdi.
O birisi də qarşılıq verərdi:
- Mən bundan yaxşı heç nə təsəvvür edə bilmərəm!
Elə bu sözlər onlara bir-birini başa düşməyə və qiymətləndirməyə kifayət edərdi.
Payızda, günün sonuna doğru, batmaqda olan günəş qan rəngli şəfəqini səmanın qərbinə sərəndə, buludların tünd qırmızı əksi bütün çayı qırmızıya boyayanda, iki dostun üzlərinə parıltı qonanda, qışın ilk soyuğunun dəyməsi ilə yarpaqları solmağa başlamış ağaclara qırmızı zər çəkiləndə Müsyö Sovaj gülümsəyərək arabir Morissoya baxar və deyərdi:
- Nə cəlallı bir mənzərə!
Morisso da gözünü tilovundan çəkmədən cavab verərdi:
- Bura bulvardan qat-qat yaxşıdır, elə deyilmi?
***
Onlar bir-birini görən kimi tanıdılar və dəyişən belə bir vəziyyətdən təsirlənmiş halda hərarətlə əl tutub görüşdülər.
Müsyö Sovaj köks ötürərək mızıldandı:
- Çox qəmgin vaxtlardır!
Morisso kədərli halda başı ilə təsdiqlədi.
- Hələ bir havaya bax! Bu ilin ən gözəl günüdür.
Səma doğrudan da parlaq, buludsuz mavi rəngdə idi. Onlar qayğılı və qəmgin halda yan-yana addımlayırdılar.
- Balıq tutduğumuzu yada salsaq! – Morisso dedi. – Nə gözəl günlərimiz vardı!
- Bir də orada haçan balıq tuta biləcəyik? – Müsyö Sovaj soruşdu.
Onlar balaca bir kafeyə daxil olub birlikdə bir absints (yovşan tərkibli, yaşıl rəngli güclü spirtli içki) içdikdən sonra səki boyunca yollarına davam etdilər. Morisso birdən ayaq saxladı.
- Bəlkə bir dənə də absints içək? - dedi.
- İstəyirsən içək, - Müsyö Sovaj razılaşdı.
Onlar başqa bir şərab dükanına daxil oldular.
Ac qarına içdikləri üçün dükandan çıxanda müvazinətlərini saxlaya bilmirdilər. Gözəl bir günorta idi və həlim meh onların üzlərini yelpikləyirdi.
Təmiz havanın təsirindən Müsyö Sovaj özünə gəlmişdi. O, birdən dayanıb dedi:
- Ora getməyə nə deyirsən?
- Hara?   
- Balıq tutmağa.
- Bəs hara?
- Necə hara, köhnə yerimizə. Fransa zastavaları Kolomba yaxındır. Mən polkovnik Dumoulini tanıyıram və keçməyə asanlıqla icazə ala biləcəyik.
Morisso marağından titrədi. – Lap yaxşı. Mən razı.
Onlar tilov və iplərini gətirmək üçün ayrıldılar.
Bir saatdan sonra magistral yolda yan-yana yeriyirdilər.
Tezliklə polkovnik tərəfindən zəbt olunmuş villaya çatdılar. Polkovnik onların xahişinə gülümsədi və icazə verdi. Parolu da alıb yollarına davam etdilər. 
Tezliklə zastavalar arxada qaldı, onlar tərk olunmuş Kolomba keçib Sena çayı ilə həmsərhəd kiçik bir meynəliyin kənarına gəlib çıxdılar. Təxminən saat on bir olardı.
Qarşılarındakı, yəqin ki, heç kəsin yaşamadığı Argentey kəndi idi. Orjemon və Sannua dağlarının yüksəklikləri mənzərəyə xüsusi təsir bağışlayırdı. Nanterraya qədər uzanıb gedən böyük ovalıq bomboş idi, qonur torpaq və çılpaq albalı ağaclarından başqa heç nəyin olmadığı boş bir yer.
Müsyö Sovaj yüksəkliklərə işarə edərək mızıldandı:
- Prussiyalılar bax oradadırlar.
Tərk olunmuş ərazinin görüntüsü dostların ürəklərini qeyri-müəyyən bir şübhə ilə doldurdu.
Prussiyalılar!  Onları heç vaxt görməmişdilər, lakin Parisin qonşuluğunda aylarla onların varlığını hiss etmişdilər – Fransanı xaraba qoyan, talan edən, qırğınlar törədən, insanlara aclıq çəkdirən biriləri kimi. Həm də bu qeyri-müəyyən, qalib millətə qarşı duymağa başladıqları nifrətlə qarışmış mifik bir qorxu hiss etmişdilər.
- Birdən onlarla rastlaşsaq, nə edərik? – Morisso dedi.
- Onlara balıq təklif edərik, - Sovaj öhdəsindən heç bir şeyin tam gələ bilməyəcəyi Paris sadəlövhlüyü ilə cavab verdi.
Buna baxmayaraq, onlar ətrafdakı tam sakitliyin qorxusundan açıq ərazidə özlərini göstərməkdən çəkindilər.
Nəhayət Müsyö Sovaj cəsarətlə dedi: - Gəl başlayaq, ancaq ehtiyatı əldən verməməliyik!
İkiqat əyilmiş, üzüm tənəklərinin altında daldalanarq, gözləri və qulaqları hər cür hənirtiyə hazır halda meynəliklərin birindən keçdilər.
Çayın sahilinə qədər çılpaq bir torpaq zolağını keçməli idilər. Onlar bu zolağı qaçaraq keçib, suyun kənarına yetişən kimi qurumuş qamışların arasında gizləndilər.
Morisso gəldikləri yolda ayaq səslərinin olub-olmadğını müəyyənləşdirmək üçün qulağını yerə qoydu, heç nə eşitmədi. Deyəsən, onlardan başqa heç kəs yox idi.
Sakitləşib balıq tutmağa başladılar.
Qarşıdakı Marant adası onları o biri sahildən görünməkdən qoruyurdu. Kiçik restoran bağlı idi və illər boyunca tərk olunmuş kimi görünürdü.
Müsyö Sovaj  birinci sazanı tutdu, Müsyö Morisso ikincisini və demək olar ki, hər dəqiqə onlar ard-ardınca uclarında balaca, parıldayan, çabalayan gümüşü balıqlar olan çubuqlarını qaldırırdılar; əla ov gedirdi.
Tutduqları balıqları ehmallıca ayaqlarının altındakı ilgəkli tor zənbilə qoyurdular; sevinclə dolub daşırdılar – uzun müddət idi ki, məhrum olduqları məşğuliyyətdən bir daha feyzyab olmuşdular.
Günəş öz şüalarını onların kürəklərinə sərmişdi; onlar daha nə bir şey eşidir, nə də bir şey haqqında düşünürdülər. Dünyada qalan hər şeyə biganə idilər; onlar balıq tuturdular.
Lakin birdən sanki yerin bağrından qopub gələn bir uğultu eşitdilər, ayaqlarının altında yer titrədi: toplar guruldamağa başladı.
Morisso başını çevirdi, sol tərəfdə, çayın sahillərindən uzaqda, Mon-Valerienin nəhəng silueti və onun zirvəsindən qalxan ağ tüstü layını gördü.
Bir an sonra birincinin ardınca ikinci tüstü layı qalxdı və bir neçə dəqiqədən sonra daha bir partlayış yeri titrətdi.
Ardınca yenə partlayışlar oldu və anbaan dağ ölüm saçan nəfəs alır və ahəstəcə sakit səmaya yüksəlib sıldırım qayanın zirvəsində süzən tüstü layı püfləyirdi.
Müsyö Sovaj çiyinlərini çəkdi:
- Yenə başladılar! – dedi.
Sakit, sülhsevər bir insanın belə atəş açan dəlilərə qarşı qəzəbli səbirsizliyi
tilovunun batıb çıxmasını narahatlıqla seyr edən Morissoya da anidən siyarət etdi
və o, qəzəblə dedi:
- Bir-birilərini belə öldürənlərdən də axmaq adamlar olar görəsən?
- Onlar heyvanlardan da pisdirlər, - Müsyö Sovaj cavab verdi.
Elə bu an balıq tutmuş Morisso dedi:
- Özü də bu vəziyyətin hökumətlərin mövcud olduqları müddətcə belə davam edəcəyini düşün!
- Respublika müharibə elan etməzdi, - Müsyö Sovaj əlavə etdi.
Morisso onun sözünü kəsdi:
- Kral hakimiyyətində xarici düşmənlərimizlə müharibələr olurdu; respublikada isə vətəndaş müharibəmiz var.
İki balıqçı siyasi məsələləri sakit, soyuqqanlı, vətəndaşların sağlam düşüncəsi ilə arxayın-arxayın müzakirə etməyə başladılar, yalnız bir məslədə razılaşdılar: insanlar heç vaxt azad olmayacaqdılar. Mon-Valerien aramsız olaraq guruldayırdı – top mərmiləri ilə  fransızların evlərini darmadağın edərək, insanların həyatlarını toza döndərərək, nə qədər arzuları, bəslənən ümidləri, gələcək xoşbəxtlikləri məhv edərək; başqa torpaqdakı qadınların, qızların, anaların ürəklərində amansızcasına sonsuz kədər yaradaraq.
- Həyat belədir də! – Müsyö Sovaj dedi.
- Daha doğrusu, ölüm belədir de! – Morisso gülərək cavab verdi.
Birdən onlar arxalarından gələn ayaq səslərinin həyəcanından titrədilər, lap yaxında dörd nəfər uca boylu, saqqallı, xidmətçi dəbində geyinmiş, başlarında yastı papaqlar olan adamlar gördülər. Onların tüfəngləri balıqçılara tuşlanmışdı.
Balıqçı çubuqları sahiblərinin əllərindən sürüşdü və çayın axarında qərq oldu. Bir-iki saniyə içərisində onları tutub bağladılar və qayığın içinə atıb adaya apardılar.
Onların tərk olunmuş zənn etdikləri evin arxasında iyirmiyə yaxın alman əsgəri vardı. Səliqəsiz görkəmli, stulda tərsinə - ata minmiş kimi, hər ayağını bir tərəfinə aşırıb oturmuş və uzun çini qəlyan çəkməkdə olan iri gövdəli bir adam onlara təmiz fransızca müraciət etdi:
- Hə, cənablar, balıq tutmaqda bəxtiniz gətiribmi?
Bu an bir əsgər özü ilə gətirməyi unutmadığı balıqla dolu toxunma zənbili zabitin ayaqları altına qoydu. Prussiyalı gülümsədi.
 - Hə, görürəm, pis deyil. Lakin biz başqa şey haqqında danışacağıq. Qulaq asın və həyəcanlanmayın.
- Bilməlisiniz ki, mənim gözümdə siz məni və hərəkətlərimi izləmək üçün göndərilmiş iki casussunuz. Təbii ki, mən sizi tutmuşam və güllələyəcəyəm. Siz balıq tutmaq bəhanəsi ilə əsl missiyanızı yaxşıca maskalayırsınız. Siz əlimə keçmisiniz və labüd nəticəsini də almalısınız. Müharibə belədir də!
Bir də o zastavalardan keçib buraya gələndə geri dönmək üçün parolunuz olmalıdır. O parolu mənə deyin, sizi buraxım, gedin.
Ölüm kimi solmuş iki dost sakitcə yan-yana dayanmışdılar, onların qorxu və həyəcanları yalnız əllərinin yüngülcə titrəməsindən görünürdü.
- Heç kəs heç vaxt bilməyəcək, - zabit sözünə davam etdi. Siz səssiz-səmirsiz evlərinizə dönəcəksiniz və bu sirri ancaq siz biləcəksiniz. Əgər imtina etsəniz, bu sizin üçün ölüm, dərhal ölüm demək olacaq. Seçin!
Onlar tərpənmədilər, dodaqlarını belə açmadılar.
Prussiyalı tam sakit, əli çaya tərəf uzanmış halda davam etdi:
- Təsəvvür edin ki, siz o suyun dibində olacaqsınız. Beş dəqiqədən sonra! Yəqin ki, sizin doğmalarınız da var?
Mont Valerien hələ də guruldayırdı.
Balıqçılar sakit dayanmaqda idilər. Alman dönüb öz dilində əmr verdi. Sonra o, əsirlərə çox yaxın olmaması üçün stulunu bir az kənara çəkdi, əllərində tüfəng on iki əsgər önə addımlayıb, iyirmi addım aralıda mövqe tutdular. 
- Mən sizə bir dəqiqə vaxt verirəm, - zabit dedi, - bir saniyə də artıq yox.
Sonra o, cəld ayağa qalxıb balıqçılara tərəf getdi, Morissonun qolundan tutub onu bir az kənara çəkdi və pıçıltı ilə dedi:
- Tez ol! Parol! Dostun heç nə bilməyəcək. Mən özümü yumşalmış kimi göstərəcəyəm.
Morisso bircə söz də demədi.
Ardınca prussiyalı Müsyö Sovajı da eyni tərzdə kənara çəkdi və eyni təklifi söylədi.
Müsyö Sovaj də cavab vermədi.
Balıqçılar yenə yan-yana dayandılar.
Zabit öz əmrlərini verdi, əsgərlər tüfənglərini qaldırdılar.
Bu an təsadüfən yaxınlıqdakı otların içnidə düşüb qalmış sazanla dolu tor zənbil Morissonun diqqətini çəkdi.
Günəş şüası hələ də titrəməkdə olan balıqları gümüş kimi parıldadırdı. Morissonun ümidləri puç oldu. Özünü ələ almağa çalışsa da, gözləri yaşla doldu.
- Əlvida, Müsyö Sovaj, - o duruxdu.
- Əlvida, Müsyö Morisso, - Sovaj cavab verdi.
Bütün cəhdlərinə baxmayaraq, balıqçılar başdan ayağa titrəyərək bir-birinin əllərini sıxdılar.
Zabit qışqırdı:
- Atəş!
On iki atəş bir səs kimi yayıldı.
Müsyö Sovaj dərhal üzü üstə yerə sərildi. Morisso bir qədər ucaboy olduğundan, paltosunun sinəsindəki dəlikdən qan sızaraq, yüngülcə səndələdi və üzü səmaya, dostunun qarşısına düşdü.
Alman yeni əmrlər verdi. Əsgərlər dağılışdılar, tez də əllərində kəndir və böyük daşlarla qayıdıb dostların ayaqlarına bağladılar; sonra onları çayın kənarına gətirdilər.
Zirvəsi tüstü ilə örtülmüş Mont-Valerien hələ də guruldamaqda idi.
İki əsgər Morissonun başından və ayaqlarından tutdular; digər ikisi də eyni qayda ilə Sovajı götürdülər. Güclü əllər onları həvəslə yelləyib uzağa, suyn içinə atdılar, cəsədlər qövs formasında birbaşa axının içinə düşdü.
Su yuxarı sıçradı, köpükləndi, burulğanlandı, sonra sakitləşdi; xırda ləpələr şappıltı ilə sahilə çırpıldı.
Bir neçə qan zolağı çayın səthini boyadı. Zabit, tamamilə sakit, iyrənc bir yumorla dedi:
- İndi də balıqlar baxsın onların işinə! – Zabit gəldiyi kimi də evinə döndü. Birdən o, yaddan çıxıb otların arasında qalmış sazanla dolu tor zənbili görüb səsləndi:
- Vilhelm!
Ağ önlüklü bir əsgər cavab verdi və prussiyalı qətlə yetirilmiş iki balıqçının ovunu ona ataraq dedi:
- Bu balıqları dərhal mənim üçün qızart, nə qədər ki hələ sağdırlar; onlardan ləzzətli yemək olacaq.
Sonra da qəlyanını sümürməyə başladı.

Çevirən: Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

DİGƏR XƏBƏRLƏR

Top