Daha çox qadınlarda müşahidə olunan başgicəllənmə: Səbəbləri nələrdir? – MÜSAHİBƏ


Bir çox insanlarda yataqdan, divandan, oturduğu yerdən qalxanda ani olaraq başgicəllənmə, gözlərinin qaralması halı müşahidə olunur. Amma bu hal az müddət çəkdiyi üçün insanlar problemin səbəbini araşdırmağa və həkimə getməyə laqeyd yanaşırlar. Çoxları isə bunu qanazlığı ilə əlaqələndirir.
Bəs başgicəllənmə əslində hansı səbəblərdən yaranır? 
Yeniavaz.com saytı problemlə bağlı uzman həkim, qulaq-burun-boğaz və baş-boyun carrahı Elnur Əkbərovdan müsahibə alıb.

Müsahibəni təqdim edirik: 

- Başgicəllənmə hansı hallarda yaranır və səbəbləri nələrdir? 
- Xoşxassəli paroksizmal pozisiyalı başgicəllənmə daxili qulağın xəstəliyidir. Bizim müvazinət sistemimiz mərkəzi və periferik olmaqla iki hissədən ibarətdir. Periferik komponent daxili qulaqda yerləşir. Məhz daxili qulaqda yerləşən otolit aparatının xəstəliyi xoşxassəli paroksizmal pozisiyalı başgicəllənmə və ya otolitiaz kimi tanınır. 
Otolitiazın əsas əlaməti isə başgicəllənmədir. Adətən başgicəllənmə qəflətən başlayır və başın müxtəlif pozisiyaları ilə tətiklənə bilir. 

- Xəstəlik daha çox hansı yaş qrupuna aid insanlarda özünü göstərir? 
- Otolitiaza daha çox orta yaş qrupu əhalidə rastlanır və adətən qadınlarda müşahidə olunur. Pasiyentlər uzun müddət başı aşağı və başı geriyə doğru ataraq gördükləri işlərdən sonra bu hal ilə qarşılaşırlar.

- Başgicəllənmə ilə paralel pasiyentlərdə başqa narahatlıqlar baş verə bilər?  
- Xəstəliyin klassik başlanma anı səhər saatlarıdır. Yuxudan ayılan pasiyent başını çevirməyə, ayağa qalxmağa cəhd etdiyi zaman anidən başgicəllənmə başlayır. Bu başgicəllənmə ortalama olaraq 10-15 saniyə qədər davam edə bilər. Belə bir müvazinət pozulması fonunda ürəkbulantı, bəzi hallarda qusma, arterial təzyiqin yüksəlməsi müşahidə edilir. Qeyd etmək istəyirəm ki, bu xəstəlik insanda hər hansı bir fəsada gətirib çıxarmır və iflicə səbəb ola bilməz. 

- Həkimə nə vaxt müraciət edilməlidir? 
- Xəstəliyin diaqnostikası xüsusi manevrlər vasitəsi ilə həyata keçirilir. Bu manevrlərin məqsədi daxili qulaqda yerləşən müvazinət aparatına müxtəlif təcillər verməklə qıcıqlandırmaq, meydana gələcək başgicəllənmənin və onun nəticəsi olaraq xüsusi göz hərəkətlərini (nistaqm) qeyd etməkdir.  Hansı qulağın zədələndiyi təyin etdikdən sonra xəstəliyin müalicəsi müvafiq manevrlərlə baş tutur.

- Başgicəllənmə başqa xəstəliklərin də əlaməti ola bilər? 
- Təəssüflər olsun ki, bir çox hallarda diaqnoz vaxtında və düzgün təyin edilmir. Məsələn, nevroloqlar, kardioloqlar, hətta psixiatrlar tərəfindən bu xəstəliklə bağlı müəyyən dərmanlar yazılır. Bu dərmanlar xəstəliyin müalicəsini təmin etməkdə yetərli deyil. Müxtəlif dərmanlar fonunda əlamətlər bir müddət itsə də, qısa müddət sonra yenidən təkrarlanır. 

- Xəstəliyin müalicəsi neçə müddət çəkir? 
- Adətən bir, çox nadir hallarda iki manevrlə effektiv nəticə əldə olunur və pasiyent ən qısa zamanda sağlam həyata dönür.

DİGƏR XƏBƏRLƏR

Top