Qubanın iqtisadiyyatına daha bir sahə daxil olur - fındıqçılıq

Qubanın iqtisadiyyatının əsasını meyvəçilik təşkil edir. Qubada hazırda 14 min hektardan çox meyvə bağı vardır ki, bunun da təxminən 12 min hektara yaxını alma bağlarıdır. Alma Qubanın şanı-şöhrəti olsa da, rayonda heyvandarlıq, taxılçılıq da inkişaf etdirilir. Bu ildən etibarən Qubanın iqtisadiyyatına daha bir sahə daxil olacaq - fındıqçılıq.

Düzdür, bu vaxta qədər də ayrı-ayrı şəxsi təsərrüfatlarda fındıq əkilib becərilib. Lakin az miqdarda. Rayon üzrə fındıq bağlarının sahəsi təxminən 3-4 hektar olar. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru, meyvəçiliyin inkişafı sahəsində tanınmış alim Vahid Əliyevin sözlərinə görə, respublikamızda fındığa olan tələbat yüksək olsa da, bu məhsulla əhalinin yalnız 15-20%-i təmin olunur. Azərbaycan bu bitkinin becərilməsi üçün ən əlverişli şəraitə malikdir. Ona görə də son dövrlərdə Quba-Xaçmaz, Gəncə-Qazax və digər bölgələrdə də fındıq sahələri artırılır.

"Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı"nın icrasına uyğun olaraq qeyri-neft sektorunun inkişafına dəstək məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi və ixrac yönümlü məhsulların istehsalı ölkə rəhbərliyi tərəfindən ümdə vəzifə kimi qarşıya qoyulub. Bu istiqamətdə Qubada da müəyyən işlər görülür. Artıq strateji məhsul sayılan fındıq bağlarının salınmasına start verilib. Bu məqsədlə rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb. Fındıq əkiləcək sahələr müəyyənləşdirilib. Ting əldə etmək üçün tingçilik təsərrüfatları ilə əlaqə saxlanılıb. Bu ilin yazında 500 hektara yaxın sahədə fındıq əkmək nəzərdə tutulub. Artıq bir aya yaxındır ki, fındıq bağlarının salınmasına başlanılıb. Rayonda ən çox fındıq bağları salınan ərazilərdən biri Şuduq İnzibati Ərazi Dairəsidir. Məlumat üçün bildirək ki, Şuduq İnzibati Ərazi Dairəsi iki kəndi - Şuduq və Növdün kəndlərini əhatə edir.

...İcra nümayəndəsi Nail Məmmədquliyevlə birlikdə hazırda iş gedən sahələrə - "Daşlıq" və "Köhnədi" adlı sahələrə yollanırıq. 20 hektarlıq massivdə başdan-başa fındıqlıq salınıb. Növdün kənd sakini Qədir Qurbanovla da burada tanış oluruq. Onun iki hektar pay torpağı var. Qədir deyir ki, uzun illərdir ki, sahədən biçənək kimi istifadə edirdi: "Hazırda isə fındıq bağı salıram. Bu işdə - ting tədarükündə bizə icra nümayəndəliyi kömək edib". Qədirə kömək edən yaxın qonşuları Pərviz və Fərhad qardaşları da deyirlər ki, hər biri iki hektarda fındıq bağ salıb.

Söhbət əsnasında məlum olur ki, Bəhruz Nəqdəliyev 2 hektarda, Etibar Haşımov 1,5 hektarda, Gülbala Kərimov 1 hektarda, Rüstəm Mikayılov 1,5 hektarda, Ziya Əhmədov 5 hektarda fındıq əkiblər.

Nail Məmmədquliyev bizimlə söhbətində dedi ki, İcra hakimiyyətindən fındıq bağlarının salınması ilə bağlı göstəriş aldıqdan sonra ərazidə kənd sakinləri ilə görüş keçirildi. Onlara fındıqçılığın əhəmiyyətini, sahənin əkinə hazırlanması qaydalarını izah etdik. Onu da dedik ki, ting sarıdan problem olmayacaq. Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov şəxsən bu məsələnin həllində kömək edəcək, əkin materialı pulsuz veriləcək. Və beləliklə işə başladıq. Ərazimiz nahamar relyefdə yerləşdiyi üçün əsasən güney yerlərdə fındıq əkirik. Çünki bu bitki tez çiçəkləyir, həm də istiliyi, günəşi sevəndir. Əsasən "Qəbələ-17", "Əşrəfi", "Zaqatala", "Şişburun", "Çərkəzi-1", "Çərkəzi-2" fındıq növlərinin əkininə üstünlük veririk. Çünki bu sortlar daha məhsuldardır.

Qeyd edək ki, ərazi dairəsinin sakinləri əmindirlər ki, əkilmiş 50 hektara yaxın fındıq sahələri gələcəkdə onların həm iş yerləri olacaq, həm də dolanacaq mənbələri. Xeyirli, bərəkətli olsun.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top