Qaynar xəttin rəhbəri: “Zorakılığa məruz qalan qadın sabah cinayətkara çevrilir” - VİDEO


Xəbər verdiyimiz kimi Azərbaycanda gender-əsaslı zorakılıqla bağlı yeni 860 qaynar xətti fəaliyyətə başlayıb. BMT-nin Əhali Fondunun və Azərbaycan hökumətinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn qurumun rəhbəri psixologiya üzrə fəlsəfə doktoru Günel Aslanova Yeniavaz.com-a müsahibə verib.
O bildirib ki, qaynar xətt məişət və gender əsaslı zorakılıqdan əziyyət çəkən insanlara telefon vasitəsilə yardım göstərir:
“Biz artıq dekabr ayının 1-dən etibarən fəaliyyətə başlamışıq. Bu məişət zorakılığından əziyyət çəkən şəxslər üçün 7/24 fəaliyyət göstərən qaynar xəttdir. Zəng edən şəxslərə qaynar xəttin 5-li dəstəyi olur. İlk öncə şəxsin məişət zorakılığına məruz qalıb-qalmaması ilə bağlı qiymətləndirmə aparılır. Daha sonra onun böhran vəziyyətində olub-olmadığı dəyərləndirilir. Böhranda olduğu halda ona müdaxilə edilir. Üçüncü istiqamətdə maarifləndirmə işləri aparılır. Bəzən olur ki, zəng edən şəxs məişət zoraklığına məruz qaldığının fərqində olmur və buna görə də məişət zorakılığın nə olduğu ona izah edilir. Dördüncü dəstək isə yönləndirmədir. Bizimlə əməkdaşlıq edən qurumlar var və biz qaynar xəttə zəng edən şəxsləri onlarla əlaqələndiririk. Bura müəyyən sığınacaqlar, qeyri-hökümət təşkilatları daxildir. Beşinci əsas məqam isə üzbə-üz psixoloji dəstəyin göstərilməsidir.

Bəzən qaynar xəttə müraciət edən şəxslərdə bir neçə zorakılıq faktına rast gəlirik. Daha çox üzləşdiyimiz isə psixoloji və fiziki zorakılıq faktıdır. Zənglərdə hətta vətədaş mövqeyini əsirgəyəmən şəxslərə də rast gəlirik. Bəzən olur ki, vətəndaş qonşusuna və ya küçədə təsadüfən rastlaşdığı zorakılıq faktına görə müraciət edir. Bu da çox sevindirici haldır ki, artıq bir başqasının digərinə etinasız qalmadığının şahidi oluruq. Düşünürəm ki, zorakılıqla mübarizədə bu çox önəmli məsələdir. Zorakılıq elə bi konsepsiyadır ki,  həmin şəxs uzun müddət bunu dilə gətirməyə ehtiyat edir. Bəzən heç fərqində belə olmur və bunu özünün bir günahı imiş kimi görür. Fərqinə vardığında isə özünü əlacsız və çarəsiz hiss edir. Demək olar ki, hər bölgədən zənglər daxil olur. Düşünün ki, 70 yaş üzəri şəxslər belə bizə müraciət edirlər”.
Günel Aslanovanın sözlərinə görə, qızın boşanmağına pis baxılan ailələrdə zorakılığa məruz qalma hadisələri daha çox olur:
“Zorakılığa məruz qalan qadın sabah bir cinayətkara çevrilə bilir. Bu zərərçəkmiş psixologiyasıdır. Özünü qoruduqca həmin şəxs özü fiziki zorakılığa yönəlmiş olur. Yəni zorakılıq silsilə formasında bir prosesdir.  Bir məqamı da qeyd edim ki, 860 qaynar xətti tək qadınlar üçün deyil, ümumiyyətlə məişət zorakılığına məruz qalan şəxslər üçün nəzərdə tutulub. Hətta zəng edənlər arasında həm qadınlar, həm də kişilər var. Oxucularınıza demək istəyirəm ki, belə məsələlərdə vətəndaş mövqeyini əsirgəməsinlər. Ətrafınızda gördüyünüz hər bir hadisə cəmiyyətin narahatlığıdır. Düşünün ki, siz də bir insanı, bir insanın timsalında bir ailəni xilas edə bilərsiniz”.


 

DİGƏR XƏBƏRLƏR

Top