Soyuqdəymə əleyhinə olan "paraşok"lar bu halda istifadə edilməməlidir – Həyat üçün təhlükəlidir


Müasir dərman bazarında soyuqdəymə əleyhinə müxtəlif çeşidli məhsullar təklif olunur. Ən çox istifadə edilənləri isə "Teraflu",  "Tylolhot" və “Nimesil"dir. Heç bir resept tələb edilmədən satılan bu dərmanları həs kəs istifadə edə bilərmi? Bu dərmanlar haqqında nələri bilməliyik?

Yeniavaz.com sözügedən dərmanlar haqqında hər kəsin bilməli olduğu  məlumatları təqdim edir.

"Teraflu" –  Toz şəklində olan bu dərman qrip və soyuqdəymənin müalicəsində istifadə olunur. Qızdırma, əzələ ağrıları, baş ağrısı, bədən narahatlığı və burun axıntısı kimi simptomları qısa müddətdə aradan qaldırır. Eyni zamanda allergik rinit əlamətlərinin azalmasına da təsir göstərir. Dərman 5 gündən çox olmamaqla, gün ərzində 3 paket ( 4-5 saat fasilə ilə)  istifadə edilə bilər. 12 yaşdan kiçik uşaqların istifadəsi məsləhət görülmür.  Uzun müddət istifadəsi isə qaraciyərə zərər verə bilər. Spirtli içi ilə qəbul edilməsi isə qaraciyərə daha ciddi zərər verə bilər. Ən çox görülən yan təsir yuxu hissidir. Bundan əlavə, həzm sistemini təsir edən qəbizlik, ishal və ürək bulanması kimi mülayim yan təsirlər yaşana bilər. “Paracetamol” tərkibli digər ağrıkəsici dərmanlar ilə eyni vaxtda içilməməlidir. Həkim məsləhəti ilə istifadə edildiyi müddətcə təhlükəsiz bir dərman hesab edilir. 

"Nimesil" - Bu ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə vasitədir, tərkibindəki maddənin adı isə "nimesulide" adlanır. “Nimesil”,  bədən temperaturu artan zaman, əməliyyatdan sonra yaranan ağrılar, baş, əzələ, diş, əzələ, ayaq burxulmaları, bədənin zədə almasından sonra yaranan ağrılar, damar, ginekoloji və uroloji xəstəliklərə təsirlidir. Dərman təsirini ilk 5-15 dəqiqə ərzində göstərir və 6 saata qədər davam edir.  "Nimesil" yeməkdən sonra qəbul edilməlidir. 12 yaşdan yuxarı olan uşaq və böyüklər 100 ml suda bir  paket həll edərək içməlidirlər. 0-12 yaş aralığında olan uşaqların isə istifadəsi qəti şəkildə qadağandır. Maxsimum müalicə müddəti 15 gündür. 15 gündən artıq istifadəsi həyat üçün təhlükə yarada bilər. Araşdırma zamanı məlum olmuşdur ki, "nimesulide" maddəsi böyrəklər tərəfindən xaric olunur, buna görə də böyrək çatışmazlığı olan xəstələr bu dozanı azaltmalı ya da ümumiyyətlə istifadə etməməlidir.  Bütün bunlardan əlavə, preparatın yan təsirləridə mümkündür. Belə ki, dəridə qaşınma, qızartı, normadan artıq tərləmə, nadir hallarda isə nəfəs darlığı problemi yarada bilər. Buna görə də, mütəxəssislər dərmanın güclü təsirini və dozasını nəzərə alaraq həkim məsləhəti ilə istifadə edilməsini məsləhət görürlər.
Haşiyə: Normadan artıq istifadə edildikdə yuxu gətirir, qusma, ürəkbulanma, mədə ağrısı və ya narahatlıqlara səbəb olur. Mədə-bağırsaq xoraları, diabet, təzyiq xəstələrinin istifdəsi qadağandır.

“Tylolhot” - Qrip və soyuqdəymənin simptomatik müalicəsində istifadə olunan  toz şəklində dərmandır. Üst tənəffüs yolları xəstəlikləri, baş və bədən ağrıları, qızdırma, burun tutulması kimi soyuqdəymə əlamətlərini aradan qaldırmaq üçün istifadə olunur. Eyni zamanda ağrıkəsici və temperatur salma kimi xüsusiyyətlərə malikdir. Dərman 4 paketdən artıq olmamaq şərti ilə, 5-6 saatdan bir qəbul edilə bilər. Əgər qaraciyər, ağciyər, böyrək, astma, yüksək qan təzyiqi, ürək, tiroid, şəkərli diabet, göz təzyiqi kimi xəstəliklərdən hər  hansı biri və ya spirtli içki asılılığınız varsa, dərmanı istifadə etməzdən öncə həkimlə məsləhətləşməyinizdə fayda var. Əks halda ciddi fəsadlarla üzləşə bilərsiniz. Digər sadaladığımız dərmanlar kimi “Tylolhot” da 12 yaşdan kiçik uşaqlara qəti şəkildə olmaz. Bununla yanaşı hamiləlik və ana südünün verilmə dönəmində istifadədən öncə həkimlə məsləhətləşmək tövsiyə olunur. Qarın ağrısı, nəfəsdarlığı, üz, dodaq, dil və boğazın şişməsi, ürək bulanma, qusma, həzmsizlik, qarın ağrısı, qəbizlik, başgicəllənmə kimi hallar baş verdikdə dərhal həkiminizə məlumat verin.

Qeyd: Araşdırmalara görə, hər bir dərmanın əks təsiri var. Bir çox hallarda soyuqdəymə üçün sadaladığımız bu, toz şəkilli dərmanları bir-birinə qarışdırılaraq istehlak edildiyinin şahidi oluruq. Lakin, mütəxəssislər bu dərmanlarınn tərkiblərinin bir-birinə tamamilə əks olduğunu bildirirlər. Buna görə də, bir-birilərinə qarışdırılması məsləhət görülmür.  

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top