"Mən ikimizin də yerinə döyüşəcəyəm" - Vətən qazisi şəhid dostundan yazır...


Bu günlərdə redaksiyamıza Vətən Müharibəsi qazisi Nurlan Məmmədovun şəhid olmuş dostu Rəcəb Məmmədovla bağlı hisslərini paylaşdığı yazı daxil olub.
Yeniavaz.com həmin yazını sizə təqdim edir:
“Bu gün sizə çox güman ki, tanımadığınız bir şəhid haqqında onun döyüş yoldaşı kimi danışmaq istəyirəm. Məmmədov Rəcəb Xaliq oğlu…
Sentyabr ayının 21-də təlimlərlə bağlı N saylı hərbi hissəyə yollanmışdıq. Rəcəblə ilk dəfə orada tanış olmuşdum. Eyni manqanın əsgəri idik və yanbayan yatırdıq. 1.80 boylarında, qaraşın oğlan idi. Hiss olunurdu ki, bərkə-boşa düşmüş, əziyyət görmüş adamdır. Məndən bir yaş böyük idi. 1995-ci il təvəllüd. Kürək hissəsindən onurğasında əyrilik var idi. Sonradan fəhlə işlədiyini öyrənəndə o əyriliyin səbəbini dərk etmişdim. Yüngülvari kəkəliyirdi, amma bu, onun danışığına xüsusi bir şirinlik qatırdı. Daun sindromlu insanlarda bir saflıq olur həmişə, yəqin ki, siz də eşitmisiniz və ya görmüsünüz. Rəcəbdə də çox qəribə bir saflıq var idi… Bu insan ona xas olan bütün xüsusiyyətləri ilə pak uşağa bənzəyirdi. Bütün bu saflıq, yüngül kəkələmə, jestlər və mimikalar birləşəndə ortaya hamını güldürə biləcək bir şəxs çıxırdı. İnanıram ki, hamınızın qarşısına belə insanlar çıxıb. Necə? Xüsusi bir şey demədən sizi güldürən, zarafat etməsə belə sanki “stand-up show” effekti yaradan bir insan. Baxın, Rəcəb də tam o insanlardan idi.

Manqada 4 nəfər idik və hamımız ona söz vermişdik ki, əgər salamat qayıtsaq, ona kömək edəcəyik. Nə olursa olsun, heç birimiz o birisini axtarmasa belə, üçümüz də onun yanına gedəcəkdik. Hətta, mən özüm ona söz vermişdim ki, geri qayıdaq, sənə “Tik-tok” hesabı açıb videolarını paylaşıb səni məşhur edəcəyəm.
Sentyabrın 27-si səhər saatlarında müharibənin başlandığı elan olundu. Füzuliyə doğru hərəkətə başladıq. Yol boyu insanların dəstəyini görürdük. Onların bu hərəkəti hər birimizi duyğulandırırdı. Gecə ilə Horadizə çatdıq. Horadizin mərkəzi meydanında güllələri dolduranda meydanda dağ kimi bir yer var, onun aşağısında yerləşmişdik. Həmin vaxt dağın üst tərəfini vurdular. Məcbur olduq ki, Horazdizdəki evlər tərəfdə gizlənək. Evin birinin çəpərinin çöl tərəfində, ağacın altıda gizlənmişdik ki, dron bizi çəkməsin. Həmin vaxt əməlli-başlı atəş altında idik. Onda Rəcəb mənə qayıtdı ki, “Nurlan, mən istəmirəm belə ölüm. Mən istəyirəm ki, kişi kimi qabağa gedəndə, vuruşanda ölüm”.

Üstündən 5 gün sonra biz döyüşə girdik. Döyüşün ilk günü əmrə əsasən lazım olan təpəni götürdük. Gecə mən soyuqda yağışın altında qalmışdım deyə, səhərə bərk soyuqlamışdım. Aşağı gedirdim. Həm dərman götürməyə, həm də yaralımız var idi. Onu aparmaq üçün yola düşürdüm. Yaralı da bizim həmin 4 nəfərlik manqamızın üzvlərindən biri idi. Ayağından güllə yarası almışdı. Yolda gedəndə birdən Rəcəbi gördüm. Onda Rəcəbə dedim ki, “Neynirsən elə, özünə bir dəlmə-deşik tap. Gir ora. Oradan başla atmağa”.

Bilirsiniz bu sözü ona niyə demişdim? Çünki o çox saf idi, biclik bilmirdi. Daha sonra bölük komandirinə dedim ki, “Bundan muğayat ol. Birdən özünü irəli atar. Allah göstərməsin”. Yanımdakı yoldaşım da dedi ki, “Mənə demişdi ki, sən get. Mən ikimizin də yerinə döyüşəcəyəm”. Mən bir gecə sonra dərmanı götürüb qayıtmışdım. Həmin oğlan isə yaralı idi deyə, o da hospitala getmişdi. Açığı Rəcəblə bağlı heç düşünməmişdim də. Heç kim də məlumat vermədi ki, Rəcəb həmin hücum vaxtı şəhid olub. Çünki heç kim dəqiq bir şey bilmirdi. Artıq qaranlıq çökmüşdü. Səngərlərdə idik. Hamı yavaş danışır, səs çıxarmırdı ki, düşmən yerimizi təyin edə bilməsin. Tabor komandirinin təlim-tərbiyə işləri üzrə müavini bir gün sonra dedi ki, “İki nəfər şəhidimiz var. Gəlin, görün bunları kim tanıyır?” Mən həmin vaxt ondan 3 metr uzaqlıqda idim. Gəlib baxanda Rəcəbin üzünü gördüm, amma tanımadım. İndi deyəcəksiniz ki, necə tanımadın? Tanımadım… Çünki həmin an ağlımın ucundan da keçməzdi ki, Rəcəb şəhid ola bilər. El arasında necə deyirlər? Gözümə inanmamışdım bəlkə də. Üzü sola yatırmışdılar. Əynindəki buşlatın yaxalığı üzünün sol tərəfini tam örtmüşdü. Üzünün sağ tərəfi görünürdü. Məlumunuz, insan dünyasını dəyişdikdən sonra rəngi-ruhu da dəyişir. Onsuz da qarayanız olan Rəcəbimizin rəngi dəyişmişdi. Heç bir yerində qan izi yox idi. Onu tanımağıma baxmayaraq, fikirləşirdim ki, görəsən bu qaraşın, yüngülvari qıvırcıq saçlı oğlan kimdir? Gördüyüm simanı düşünə-düşünə səngərə enirdim ki, dostumun səsini eşitdim: “Rəcəbi orada gördün?” O anda dərk etdim ki, mənə göstərdikləri adam elə Rəcəb imiş. Gözümün gördüyünü ağlım qəbul etmədiyi üçün gördüklərimə inanmaq da istəməmişəm. Bilmirəm, bəlkə də həmin an fikirli olmuşam. Sonradan öyrəndim ki, Rəcəb hücuma keçən vaxt uzaqdan snayperlə sinəsindən vurulub. Rəcəb vurulandan sonra əlini başına tutaraq dizi üstə çöküb. Saniyələr içində canını tapşırıb. Böyük ehtimal sinəsindən dəyən güllə ürəyini zədələmişdi. O insan bu dünyadan pak getdi. Mən onun buşlatının üzərində qan izini belə xatırlamıram. Bizim yeganə təsəllimiz o oldu ki, Rəcəb bu dünyadan haqq dünyasına gedərkən ağrı çəkmədən gedib.

Bilirsiniz, həmin andan sonra mən dərk etmişdim ki, sən demə ölüm bizə nə qədər yaxın imiş. İnsan şəhid xəbərlərini eşidir, çox məyus olur. Bizim 250 nəfərlik taborda da şəhidlərimiz olmuşdu. Amma… Amma Rəcəbin şəhid olması mənə bir başqa təsir etmişdi. Çünki onu tanımışdım. Eyni səngəri paylaşmışdıq... Quru torpaqda yatmışdıq... Eyni hərbi hissədə yanaşı çarpayılarda yatmışdıq. Və o artıq şəhid olmuşdu...
Allah rəhmət eləsin!
İmza: Dostun Nurlan”

(Fotoda Vətən Müharibəsi qazisi Nurlan Məmmədov)

DİGƏR XƏBƏRLƏR

Top