Azərbaycanı dünyada tanıdan sənət incisi - “Arşın mal alan”

Bu ay dünya şöhrətli dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin üçüncü operettası olan “Arşın mal alan”ın 103 yaşı tamam oldu. 28 yaşlı şuşalı gəncin yaratdığı “Arşın mal alan” yer kürəsini dolaşaraq Azərbaycanımıza isə başucalığı gətirir. Qeyd edək ki, Üzeyir bəy “Arşın mal alan”ı 1913-cü ildə Peterburq konservatoriyasında oxuduğum zaman yazıb.

Üzeyirşünas Səadət Qarabağlının sözlərinə görə, Ü. Hacıbəyli “Arşın mal alan” operettasını tamamladıqdan sonra onu ilk dəfə Sankt-Peterburq konservatoriyasının direktoru, görkəmli rus bəstəkarı Aleksadr Qlazunova dinlədib. O, əsəri bəyənib və onu bütün Rusiyada ilk operetta adlandırıb: “Bundan sonra Üzeyir bəy əsərin partiturası ilə librettosunu Bakıya - dostları Müslüm Maqomayevə və Hüseynqulu Sarabskiyə göndərir. Onlar da operettanı tamaşaya hazırlayırlar. 25 oktyabr 1913-cü ildə, cümə günü Bakıda H. Z. Tağıyevin teatrında “Arşın mal alan” operettasının premyerası olur. İlk tamaşanın yaradıcı heyəti belə idi: Əsgər - H. Sarabski, Gülşöhrə - Ə. Ağdamski, Soltan bəy - Ə. Hüseynzadə, Süleyman - H.Terequlov, Asya - Gülsabah xanım, Telli - Olenskaya. Əsərin rejissoru H. Sarabski, dirijoru isə M. Maqomayev olublar”.

Səadət Qarabağlı bildirib ki, “Arşın mal alan” bütün dövrlərdə maraqla qarşılanıb, dünya səhnələrində böyük müvəffəqiyyətlə tamaşaya qoyulub: “Bəstəkar özü yazırdı ki, “Arşın mal alan” birinci tamaşaya qoyulan günlərdən bir neçə ay sonra, demək olar ki, SSRİ xalqlarının hamısının, o cümlədən rus, gürcü, erməni, özbək, tacik, yunan, fars, ingilis, fransız dillərinə tərcümə edilərək oynanılıb”.

İndiyədək əsərin 70-ə yaxın xarici dilə tərcümə edildiyini, 50-dən çox ölkədə, 150 teatrın səhnəsində tamaşaya qoyulduğunu, Amerikanın 13 ştatında, Polşanın 16 şəhərində səhnə həyatı yaşadıdığını vurğulayan Səadət xanımın sözlərinə görə, operetta həm də dörd dəfə ekran həyatı yaşayıb: “1917-ci il inqilabından əvvəl Piron qardaşlarının “Filma” səhmdar cəmiyyətində işləyən rejissor B. Svetlov bu əsər ilə maraqlanıb, onu lentə çəkib. “Arşın mal alan” filminin ilk tamaşası 3 yanvar 1917-ci ildə olub. O illərdə filmlər səssiz olduğu üçün əsərin musiqisindən əsər-əlamət yox idi. Üzeyir bəy Hacıbəylinin tələbi ilə, müəllifdən icazəsiz çəkildiyi üçün film qadağan edilib və ekrandan çıxarılıb. “Arşın mal alan” ikinci dəfə 1937-ci ildə ABŞ-da erməni əsilli R. Mamulyan tərəfindən lentə alınıb. Lakin həmin ekran əsərində Ü. Hacıbəylinin adı göstərilməyib. 1942-ci ildə Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri İranda olarkən həmin “Arşın mal alan”a baxıblar. Onlar Bakıya dönən kimi titrlərdə Üzeyir bəy Hacıbəylinin adına rast gəlmədiklərini Üzeyir bəyə çatdırıblar. Ü. Hacıbəyli də müəllif hüquqlarının müdafiəsi üçün Azərbaycanın o zamanki rəhbəri Mir Cəfər Bağırova məktub göndərib. Vəziyyətdən xəbərdar olan Stalin Bakı kinostudiyasında “Arşın mal alan” filminin çəkilməsini tapşırıb. 1943-cü ildə müharibənin qızğın çağında “Arşın mal alan” filmi üzərində gərgin iş başlayıb. Nəhayət, 1945-ci ildə S. Rəhmanın ssenarisi əsasında R. Təhmasibin və N. Leşşenkonun rejissorluğu ilə eyniadlı film üçüncü dəfə lentə çəkilib. Beləliklə də Üzeyir bəy Hacıbəylinin müəllif hüquqları bərpa edilib və bütün dünyada “Arşın mal alan”ın əsl sahibi, əsl müəllifi, hamıya bəlli olub. 1965-cı ildə “Arşın mal alan” əsərinə yenidən müraciət edilərək T, Tağızadənin rejissorluğu ilə dördüncü dəfə rəngli film çəkilib. Burada əsas rolları H. Məmmədov (Əsgər), L. Şıxlinskaya (Gülçöhrə), H. Yegizarov (Süleyman), A. Qurbanov (Soltan bəy), N.Məlikova (Cahan xala), S. İbrahimova (Telli) və b. oynayıblar”.

Bəli, Azərbaycan mədəniyyəti tarixində xüsusi yerə məxsus “Arşın mal alan” adlı sənət incisi dünyanı fəth edərək, Azərbaycanı hər yerdə tanıdıb. Onu da qeyd edək ki, YUNESKO 2011-ci ildə “Arşın mal alan” operasının 100 illiyini yubileylər siyahısına daxil edərək, onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub.

Q.M.

DİGƏR XƏBƏRLƏR

Top