Oxumaq üçün əngəl yoxdur, əngəl sadəcə bizim dediklərimizdir


Uşaqları məktəb yaşında olan bəzi valideynlər onlarda oxuma həvəsinin olmaması kimi problemlə üzləşirlər. Onlar nə qədər danışıb, dil töksələr, müxtəlif üsullardan istifadə etsələr də, uşaqlarda bu həvəs çox zaman yaranmır. Beləliklə də, məktəbdə və imtahanlarda yaxşı nəticə əldə edə bilmirlər. Bəs uşaqlarda oxumaq həvəsini necə yaratmaq olar? Faydalı dərs oxumaq və imtahanda yaxşı nəticə əldə etmək üçün nə etmək lazımdır? Bu və bu kimi suallara cavab tapmaq üçün təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovla həmsöhbət olduq...

- Şagirdlərdə oxuma həvəsini oyatmaq üçün hansı üsullardan istifadə etmək lazımdır? Ümumiyyətlə, belə bir üsul varmı?
- Burada ən yaxşı üsul öyrənmə fəaliyyətinin əyləncə halına gətirilməsidir. Bunun üçün valideynin də bu posesə qoşulmağı və öyrənmə mərhələsində iştirak etməyi vacibdir. Bu zaman hədiyyələrlə mükafatlandırmaq, təbəssüm etmək kimi üsullardan istifadə edilməsi tövsiyə oluna bilər. Valideyn uşağı cəzalandırmaqla dərs oxumağa vadar etməməlidir. Məsələn, "Bəsdir oynadın, get dərslərini oxu!", "Həyətə düşmək olmaz, get dərsini oxu!" kimi sözlərdən istifadə edilməsi doğru deyil. Bu zaman dərs oxumaq uşaqlar üçün işgəncə halına gələcək. Ona görə də, mütləq qaydada uşaq dərs oxumaqla cəzalandırılmamalıdır. Eyni zamanda valideynlər səhvləri doğru şəkildə izah etməli, müsbət halları daha çox qeyd etməlidirlər.

- Şagirdlər bəzən nəyə qadir olduqlarını kəşf edə bilmirlər. Onlar düşünürlər ki, "Məndə alınmayacaq" və ya "Mən uğur qazana bilməyəcəyəm". Bu zaman onlar öz bacarıqlarını necə üzə çıxara bilərlər?
- Ümumiyyətlə, bir insan hər hansı işi bacara bilmirəm deyirsə, o, bacara bilməyəcək. Amerikalı sosial psixoloq Emi Kaddi TED çıxışında (Technology Entertainment Design - Texnologiya, Əyləncə, Dizayn) qeyd edib ki, insanın psixoloji durumu təkcə davranışlara deyil, eyni zamanda davranışları da psixoloji durumuna təsir edir. Bu o deməkdir ki, insan qorxu ilə hərəkət edəcəksə, qorxacaq, cəsarətlə hərəkət edəcəksə, qorxusu azalacaq. Eynilə bu, dərs oxumaq üçün də keçərlidir. "Mən bu işi bacara bilərəm", "Mən bu işin öhdəsindən gələ bilərəm" kimi mesajların beyinə ötürülməsi motivasiyanın artmasına səbəb olur. Beləliklə də, şagirdin həmin işin öhdəsindən gəlməsinə tövfə yaranacaq. Ümumiyyətlə, "Məndə alınmayacaq" sözü qapalı düşüncə tərzinin nəticəsidir. Həmin şagirdlər bilməlidirlər ki, əgər oxumağı, yazmağı, yeriməyi bacarırlarsa, deməli, bunu da bacararlar. Yəni, bütün öyrənmələr aşağı siniflərdə necə olursa, yuxarı siniflərdə də eynilə reallaşır. Sadəcə olaraq, bizim ideallarımız azalır, hədəflərimiz kiçilir. Beləliklə də, biz bacara bilməyəcəyimizi düşünürük. Uşaq yaşlarında o düşüncələrimiz olmadığı üçün daha çox şey öyrənə bilirik. Lakin yadda saxlamaq lazımdır ki, oxumaq üçün əngəl yoxdur, əngəl sadəcə bizim dediklərimizdir.

- Abituriyentlər arasında belə bir fikir formalaşır ki, "oxuyuram, amma yadımda qalmır". Yadda qalan dərsi necə oxumaq lazımdır?
- Əgər şagirdlər arasında belə bir şey varsa, bu zaman onlar düzgün oxumurlar. Düzgün oxumaq nədir? Şagird dərs oxuyarkən özünü izolyasiya etməli, telefondan, televizordan, sosial şəbəkələrdən və müxtəlif məşğuliyyətlərdən uzaq olmağı bacarmalıdırlar. Oxunan dərslərin yadda qalması üçün 3-5 dəfə təkrarlamaq lazımdır. Daha yaxşı yadda qalması üçün isə işə emosiyaları da qatmaq lazımdır. Yəni, sanki öz-özünü motivasiya edir, həvəsləndirir və oxuduğu dərsdən həzz alır. Başqa sözlə desək, amerikalıların "wow" effekt dediyi effekti yaratmalıdırlar. Bu zaman həmin hiss müəyyən vaxtdan sonra emosiyaları oyadacaq və insan heç vaxt onu unutmayacaq.

- İmtahanlarda yüksək nəticə əldə etmək üçün televizora baxmaq, dostlarla görüşmək, telefonla oynamaq və s. kimi məşğuliyyətlərdən imtina etməyə ehtiyac varmı?
- Xeyr, bunlardan imtina etməyə ehtiyac yoxdur, amma limitli şəkildə olmalıdır. Şagirdlər hər gün televizora baxır, dostları ilə görüşürsə, bu zaman onların uğur qazanması çətin olacaq. Çox az şagird var ki, onlar qısa vaxtda materialları öyrənə bilirlər. Ortalama zəkaya malik olan şagirdlər öyrəndikləri materialı, gün, ay, həftə ərzində təkrar etməlidirlər. Öyrənmənin yeganə üsulu öyrəndiklərini təkrarlamaqdır.

- Ümumiyyətlə, düzgün dərs bölgüsü necə olmalıdır ki, həm faydalı olsun, həm də şagird istirahət edə bilsin?
- Dərs çalışma müddəti, fənlərin ağırlığına görə gün ərzində 3-5 saat ola bilər. Burada heç bir problem yoxdur. Bu vaxt ərzində ən vacib davranış istirahətdir. 2 saat fasiləsiz olaraq dərs oxumaq tövsiyə edilmir. Ona görə, yaxşı olar ki, 40-45 dəqiqə oxuduqdan sonra 10-15 dəqiqə fasilə versinlər. Daha sonra yenidən ikinci bölməyə keçsinlər. Bu hazırda pedaqoq və psixoloqlar tərəfindən tövsiyə olunan üsuldur.

- Şagirdlərin dərs oxumamasına təsir edən amillər hansılardır?
- Ən başlıcası smartfonlar, kompüter oyunları və sosial media platformalarıdır. Daha sonra ailə-məişət problemləri, bəzən evə gələn qonaqlar, uşağın ayrı otağının olmaması, diqqətinin yayınması və s. kimi faktorlar aiddir. Bəzən anotomik və fizioloji disleksiya ola bilər ki, bu da uşaqların öyrənməsi üçün problem yarada bilər.

- Bir fənnin dərsini yaxşı mənimsəmək üçün ona nə qədər vaxt ayırmaq lazımdır?
- Hər bir fənnə bir saat vaxt ayırmaq kifayətdir. Mövzular bitdikdən sonra isə gün ərzində hər fəndən ən azı 50 sual həll etmək vacibdir. Bu zaman şagirdlərin əksəriyyəti eyni səhvə yol verirlər. Onlar bildikləri sualları təkrar-təkrar həll edirlər. Çünki bildikləri sualları həll etmək insana zövq verir. Əslində isə çətin və həll edə bilmədikləri sualların üzərində çox dayanmalıdırlar. Bununla da mükəmməl nəticə əldə edə bilərlər.

- Şagirdlər dərsə hazırlaşarkən bəzən səssiz, bəzən də yüksək səslə oxuyurlar. Bu metodlardan hansı daha faydalıdır və ya siz hansını tövsiyə edərdiniz?
- Bunun üçün xüsusi bir qayda yoxdur. Bu, insandan-insana dəyişir və kim hansı üsula öyrəşirsə, elə onunla da davam edə bilər. Ümumilikdə isə insan bir nöqtəyə fokuslandıqda və digər işləri azaltdıqda daha uğurlu olur. Ona görə də, şagirdlər bir işin yaxşı alınmağını istəyirlərsə, digərlərini təxirə salmalıdırlar. Bəzən ola bilər ki, səsli dərs oxumaq həmin şəxsin diqqətini yayındırır və ya əksinə. Lakin tövsiyəm odur ki, şagirdlər dərs oxuyarkən səssiz oxusunlar. Bu üsul daha çox effektiv olur.

- Şagirdlərin dərs oxumasında valideyn-müəllim əlaqələrinin hansı təsiri var?
- Şagirdlərin dərs oxumasında valideyn-müəllim əlaqələrinin çox mühüm rolu var. Çünki məlumatları valideyn müəllimdən almalı və mənfi-müsbət rəyləri övladına bildirməlidir. Lakin valideynlər mənfi rəyi övladına çatdırarkən çox diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, uşağın psixologiyasına zərər verməsinlər. Belə olan halda valideyn və müəllim arasında əlaqə qurulacaq və hər ikisi eyni məqsədə köklənəcək. Yəni, burada əməkdaşlığın çox böyük təsiri var.

- Son olaraq şagirdlərə və imtahana hazırlaşan abituriyentlərə nə tövsiyə edərdiniz?
- Tövsiyəm odur ki, hər gün dərs oxusunlar. Müəllimin bu gün keçdiyi mövzunu növbəti günlərə saxlamadan öyrənsinlər. Bu zaman mövzu daha yaxşı yadda qalacaq. Bundan başqa, tez-tez sınaq imtahanlarına girsinlər. Şagirdlərlə yanaşı valideynlər də diqqətli olmalıdırlar. Onlar evdəki planları övladlarını nəzərə alaraq qurmalıdırlar. İmkan daxilində şagirdin evdə ayrı otağı, dərs masası olmalıdır. 

Fraza jurnalı,
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top