
44 günlük Vətən Müharibəsi vaxtı xüsusi şücaəti ilə seçilən qəhrəmanlarımızdan bir də şəhid Elçin Zamin oğlu Hüseynovdur.
Yeniavaz.com xəbər verir ki, Elçin Hüseynov 6 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Elçin hələ kiçik yaşlarında ikən ailəsi ilə birgə Bakıdan Sumqayıta köçüb. Elçin Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə 9 illik təhsil aldıqdan sonra təhsilini Sumqayıt Dövlət Texniki Kollecində davam etdirib. Kollecin Gömrük işi fakültəsini bitirərək, həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurandan sonra öz ixtisası üzrə deyil, məhz hərbçi kimi ( MAXE) Bakı korpusunda xidmət etməyə başlayıb. 2016-cı ilin aprel döyüşləri zamanı könüllü olaraq Bakı korpusundan ön xətdə yerləşən N saylı hərbi hissəyə köçürülüb. Bundan sonra Elçin Hüseynov Ağdam, Ağdərə, Tərtər bölgələrində yerləşən N saylı hərbi hissələrdə xidmət edib. O, xidməti müddətində snayper-kəşfiyyatçı ixtisasına yiyələnib. Dəfələrlə təlimlərdə iştirak edərək, yüksək nəticələr əldə edib.


Şəhidin anası Mətanət Məhərrəmova Yeniavaz.com-a açıqlamasında bildirib ki, Elçin həmişə ön xətdə xidmət etmək istəyib:
“Elçin hərbi xidmətdə olanda 3 dəfə raportla hərbi hissə komandirinə müraciət edib ki, onu ön xəttə xidmətə göndərsinlər. Komandir də izah edib ki, “oğlum, müharibə olanda nəinki sən, hamımız ön xəttə gedəcəyik”.
Mətanət xanım deyir ki, Elçin hələ uşaq yaşlarından çox saf, qeyrətli, humanist, mehriban övlad olub:
“Elçin hələ balaca olanda onu özümlə bazara aparırdım. Bazarda yaşlı insanların nə isə satdığını görəndə deyirdi ki, “ana, gəl qoca nənə-babalardan alaq, tez satıb evlərinə getsinlər. Onlar qocadılar, yazıqdılar, hava da soyuqdur”. Elçin imkanı daxilində ya da imkanından xaric ehtiyacı olan hər kəsə əl tutmağa çalışırdı. Hərbçi dostunun uşağı gözündən əməliyyat olunmalı idi, maddi cəhətdən gücü çatımdı. Elçin bankdan öz adına 5000 manat pul götürüb dostuna verib ki, “apar uşağın gözünü əməliyyat etdir. Uşaqları çox sevirdi, heyif ki, özünə uşaq atası olmaq qismət olmadı. Subay idi, evlənmək haqqında heç fikirləşmirdi. Fikri ancaq işğalda olan torpaqları azad etmək idi”.

Şəhidin anası deyir ki, Elçin gənc yaşda olmasına baxmayaraq çox gözəl əməlləriylə yaddaşlara həkk olub:
“Qrup yoldaşları danışırlar ki, bir dəfə Elçinlə şəhərdə gəzintidə olublar. Yolda işlənmiş ətçəkən maşın satan yaşlı qadın görüblər. Elçin qadına yaxınlaşaraq soruşub ki, “maşını neçəyə satırsan?” O, “5 manata”-deyə cavab verib. Elçin ətçəkən maşını alıb, qadından uzaqlaşandan bir xeyli sonra onu bir səkinin üstünə qoyub, yoluna davam edib. Dostları soruşublar ki, “niyə maşını ora qoyursan, oğurlayarlar axı. Evə aparaq qoyaq, sonra gəzərik”. Elçin cavab verib ki, “evdə ətçəkən maşınımız var, ehtiyac yoxdur. Maşını ona görə aldım ki, bəlkə o yaşlı qadının çörək almağa pulu yoxdur deyə satır. Yol qırağına da ona görə qoydum ki, kimin ehtiyacı varsa, aparıb istifadə etsin”.
Uzun illər hərbidə tibb sahəsində xidmət edən Mətanət Məhərrəmova Elçinin onun həssas olmasını nəzərə alaraq döyüşlərdən heç bir şey danışmadığını deyir:
“Elçin keçdiyi döyüş yolundan mənə heç nə danışmırdı, bilirdi ki, çox həssasam. Fikir edəcəyəm, narahat olacağam. Elçin şəhid olandan sonra dostları mənə danışırlar ki, bir dəfə Elçin kəşfiyyata gedəndə, necə olubsa, düşmən hiss edib. Elçin də quru samanların altında düz bir həftə ac-susuz gizlənib. Nəhayət, 1 həftədən sonra düşmən həmin ərazidən uzaqlaşıb. Elçin də çıxıb öz planlarını yerinə yetirərək, xidmət etdiyi hərbi hissəyə qayıdıb”.

Düşmənin 50-dən çox canlı qüvvəsini məhv edən Elçin Hüseynov Suqovuşan uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb. Belə ki, onlar "Mübariz" postundan növbəti posta adlayarkən güllə başının arxasından dəyib. Komandiri əvvəlcə onun şəhid olduğunu zənn edib. Bir müddətdən sonra döyüş yoldaşları silahdaşlarının sağ olduğunu biliblər. Elçin başının arxasından yara alandan sonra uzandığı yerdən qalxıb. Komandiri Elman Əzizlinin “geri qayıt” əmrinə baxmayaraq “gözləyin” deyərək irəli getməyə başlayıb. Elçin Hüseynov ikinci dəfə düşmən tərəfindən hədəfə alınmamış özündə güc taparaq daha bir ermənini vurub. Bundan sonra ermənilər onun başından nişan alıblar. Başına tuş gələn güllə onu yerə yıxıb. Yerə yıxılan Elçin əynindəki bronjiletini çıxararaq kənara qoyub. Üstündə olan bayraq düşmən əlinə keçməsin deyə götürərək şalvarının cibinə qoyub. Bronjiletini də səliqə ilə bükərək yanına qoyub. Ən sonda ona aid olan snayper tüfəngini qucaqlayaraq şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Silahlı Qüvvələrinin qulluqçusu 17 oktyabr 2020-ci il tarixində Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, şəhid Elçin Hüseynov şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda", “Suqovuşan uğrunda”, “Ağdam uğrunda” medalları ilə təltif olunub.