"Tanrı bizə Laçına, Şuşaya ayaq basmağı nəsib etsin" – Şəhid Polkovnikin etdiyi dua – VİDEO + FOTOLAR


“Mən ona sual verəndə, deyirdi ki, nəyə hazırlaşdığımı bilirəm, möhkəm olmaq lazımdır, hər şey ola bilər”.
Bu sözləri Şəhid Polkovnik-leytenant Elzamin Təhməzovun həyat yoldaşı Günay Təhməzova onun haqqında Yeniavaz.com-a danışarkən deyib. O bildirib ki, E. Təhməzov 23 illik hərbi fəaliyyəti dövründə daim torpaqlarımızın azad olunması eşqi ilə yaşayıb və çalışıb:
“Elzamin 26 oktyabr 1979-cu ildə Bərdə rayonunun Şirvanlı kəndində dünyaya gəlib. 1997-ci ildə Ali Hərbi Məktəbə daxil olub və 2001-ci ildə bitirərək kəşfiyyatçı kimi fəaliyyətə başlayıb. 23 illik hərbi fəaliyyəti var. Dünyanın müxtəlif ölkələrində - 2 dəfə ABŞ-da, 2 dəfə Türkiyədə, İraqda, Almaniyada, Macarıstanda, Çexiyada, Sloveniyada, Avstriyada və Pakistanda hərbi təlimlərdə olub. Biz Elzaminlə 2005-ci ildə tanış olduq və 2006-cı ildə ailə həyatı qurduq. 9 və 14 yaşlarında 2 qız övladımız var. Mən ona sual verəndə, deyirdi ki, nəyə hazırlaşdığımı bilirəm, möhkəm olmaq lazımdır, hər şey ola bilər. Əslən Laçınlıdır. Bir amalı da var idi ki, Şuşanı gedib görmək. “Şuşanın havası, qoxusu burnuma gəlir”, - deyirdi. Bütün toylarda “Laçınım” mahnısına qulaq asardı, çox nadir hallarda da, qol qaldırıb oynayardı. Müharibəyə yollanarkən Yevlaxda yerləşən hərbi hissənin kəşfiyyat rəisi idi. Sentyabrın 26-sı səhər saat 9-da növbəyə getdi. 12-də mənə zəng vurub dedi ki, “Günay, mən növbəni təhvil verib iş yerinə getməliyəm”. Səbəbini soruşdum, dedi ki, “Bizim işimiz artıq başlayır”. Talış istiqamətində Suqovuşanın azadlığı uğrunda mübarizə aparırdılar. 


Jurnalist Tofiq Şahmuardovun feysbukda yayımladığı sujet də var ki, Polkovnik Babək Səmidli Elzaminə bildirir ki, siz 15 dəqiqə ərzində burada olmalısınız. Həmin istiqamət minalı olsa da, Elzamin öz döyüş yoldaşları ilə minalı sahəni aşaraq deyilən əraziyə gəlir. Orada Tofiq Şahmuradovun bir sözü var, deyir ki, Təhməzov Elzamin həmin yüksəkliyə 15 dəqiqədən gec çatsaydı, biz həmin yüksəkliyi əldən vermiş olacaqdıq. Elzamingil həmin yerdə mühasirəyə düşmüş 300 nəfəri xilas edirlər. Giziri deyir ki, rəisimiz döyüşü iki istiqamətdən idarə edirdi, gələndə gördük ki, könüllüləri ətrafına toplayıb təpənin başında vuruşur.


Sentyabrın 29-u səhər saatlarında minaatan mərmisinin düşməsi nəticəsində şəhid olub. Bərdə rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. “Qarabağ” və “3-cü dərəcəli “Rəşadət” ordenləri, həmçinin “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Təhməzov Elzamin bütün Azərbaycanın itkisidir. 23 ildir Vətəninə xidmət edirdi. Çox mükəmməl insan idi. Sözün əsl mənasında qoca bir çinar ağacı idi. Övladlarına söz vermişdi ki, sizi Qələbə paradına aparacağam. Heyf ki, qismət olmadı. Bayram olurdu, biz evdə özümüzə heç nə eləmirdik. Amma mənə deyirdi, müxtəlif yeməklər hazırlayırdım, onları əsgərlərinə aparırdı, bayramı onlarla qeyd edirdi. Biz Salyanda yaşayırdıq. Kürün suyundan içirdik. Həmin suyu duruldurduq, qaynadırdıq, daha sonra soyudub şərbət hazırlayırdım, əsgərlərinə aparırdı”.

G. Təhməzova şəhid Elzamin Təhməzovun illər əvvəl Füzulinin işğal günüdə torpaqlarımızın azad olunması üçün etdiyi duanı da redaksiyamıza təqdim edib. Dua zamanı E. Təhməzov Tanrıdan Şuşaya, Laçına ayaq basmağı arzulayır:
“Tanrı bizə güc versin, Tanrı bizə milli qeyrət versin, torpaqlarımızı düşmən tapdağından azad edək. Tanrı bizə Laçına, Şuşaya ayaq basmağı, yaşamağı nəsib etsin”.
Şəhidin səsindən həmin duanı təqdim edirik:








Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top