Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Rəşad Babayev - FOTOLAR


44 günlük Vətən Müharibəsi bizə heç vaxt tanımadığımız qəhərmanları tanıtdı. İkinci Qarabağ Müharibəsində igidliyinə və qorxmazlığına görə seçilən şəhidlərimizdən bir də Rəşad Babayevdir.
Yeniavaz.com
xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Rəşad Ağabəy oğlu Babayev 4 iyun 1992-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıqdan cüdo ilə məşğul olub. 20-dən çox qızıl, bürünc medallar alaraq yeniyetmələr arasında birincilik əldə edib. Cüdo üzrə Azərbaycan Yeniyetmələr Çempionu adına layiq görülüb. 2009-cu ildə 277 saylı idman təmayüllü tam orta məktəbi bitirərək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında daxil olub. 2013-cü ildə akademiyadan məzun olduqdan sonra hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra isə ordu sıralarında müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi Xüsusi Təyinatlı Qüvvələrin qəbul kurslarını keçib və buranı müvəffəqiyyətlə bitirib. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə kiçik gizir vəzifəsinə təyin olunub. 24 noyabr 2017-ci ildə  N saylı hərbi hissədə gizir kimi xidməti davam etdirib. O, həmçinin hərbi hissədə qrup komandiri kimi də fəaliyyət göstərib.

O, xidməti dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı, "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, eləcə də idman sahəsində qazandığı uğurlara görə bir sıra sertifikat və fəxri fərmanlarla təltif olunub.
Rəşad Babayev İkinci Qarabağ döyüşlərində Murovdağ zirvəsi, Kəlbəcər, Suqovuşan, Cəbrayıl, Füzuli və Xocavəndin şəhər və kəndlərinin azad olunmasında ön sıralarda döyüşüb.
10 oktyabr 2020-ci ildə Xocavənd rayonu, Hadrud qəsəbəsində gedən döyüşlərdə heyətə hücum istiqamətləri verib. Düşmənin önünə tək atılaraq vuruşub. Həmin vaxt xeyli sayda düşmən qüvvəsini məhv edərək özü də şəhidlik zirvəsinə ucalıb. Ailəli olub.

Yeniavaz.com-a Rəşad Babayev barəsində məlumat verən yaxın dostu Orxan Əhmədli şəhid olmamışdan əvvəl ən son onunla danışdığını deyib:
"Rəşadla biz qardaş kimi çox yaxın olmuşuq. Rəşad hər təlimdən gələndə mənə zəng edirdi, görüşüb dərdləşirdik. Oktyabr ayının 5-i Rəşadı yığdım, zəng çatmadı. Atasına yığdım, “biz də danışmamışıq”-dedi. Həmin gün axşam özü mənə yığdı, “telefondan hamının nömrəsi silinib. O biri telefon da evdədir, burada adi telefon işlədirik”-dedi. Hara getdiklərini soruşdum, bir şey demədi. Evdən narahat olmaması üçün atası ilə danışdığımı da bildirdim. Rəşad oktyabrın 6-sı sonuncu dəfə mənimlə danışdı “biz ən qabaqdayıq, bizdən qabaqda heç kim yoxdur”-dedi. Mən də “özündən muğayat ol, qardaşım”-deyə cavab verdim. Oktyabrın 5-dən ürəyimdə onunla bağlı narahatçılıq var idi. Sən demə o narahatçılığın sonu da Rəşadın şəhid olması ilə nəticələncəkmiş. Rəşad ayın 10-nu şəhid olub, 13-ü ailəsinə deyiblər. 14-də dəfn ediblər, amma mənə deməyiblər. Sonra qardaşı mənə zəng eləd onda şəhid olduğunu bildim. 3 qardaş idilər. Balaca qardaşı indi hərbi xidmətdədir. Bilirsiniz, ümumiyyətlə Rəşad çox güclü idmançı idi, mərd idi, cəsur idi. Düzdür onun döyüş yolu barədə çox şey danışmasalar da, dostları deyir ki, "Rəşad olmasaydı biz indi şəhid olmuşduq". Sən demə bir dəfə döyüş vaxtı Rəşadın dostu əlindəki qumbaranı açıb ani olaraq yerində donub, qalıb. Bunu görən Rəşad da cəld gəlib onun əlindəki qumbaranı alaraq ermənilərə tərəf atıb və düşməni məhv edib. Döyüş yoldaşları istirahət edən vaxt da Rəşad dayanmırmış, ancaq vurşurmuş".

Orxan Əhmədli Azərbaycan Silahlı Qüvvələrinin gizirinin şəhid olmasından da bəhs edib:
"Rəşada güllə arxa tərəfdən dəyib. Bir neçə saat döyüş meydanında yaralı vəziyyətdə qalıb. Döyüşlər güclü olduğu üçün onu yaralandığı vaxt döyüş meydanından çıxara bilməyiblər. Döyüş yoldaşları deyir ki, "Biz Rəşadın yanına gələndə gördük ki o, ancaq kəlimeyi şəhadət gətirir. Bir də anasının verdiyi ayətül- kürsünü oxuyurdu".
Qeyd edək ki, Rəşad Babayev Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən şəhadətindən sonra "Vətən uğrunda" medalı ,"İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!





Aygün Zayıdova
 

DİGƏR XƏBƏRLƏR

Top