Həkimlərin "Dəmir adam" dediyi şəhidin övladları ilə sonuncu dialoqu: "Səni gözləyirik, ata…" - FOTOLAR


Vətən Müharibəsi zamanı tarix yazan qəhrəmanlarımızdan biri də Ələkbərov Allahverdi Məzahir oğludur.
Şəhidin yaxınlarının Yeniavaz.com-a verdiyi məlumata görə, o, 15 fevral 1987-ci ildə Bakı şəhərində anadan olub:
“Əslən Qərbi Azərbaycandandır. 1994-2005-ci illərdə Ucar şəhər 2 nömrəli məktəbdə oxuyub. 2006-cı ildə Tovuz rayonu N saylı hərbi hissədə kəşfiyyat əsgəri olub. Nümunəvi əsgər olduğuna görə çavuş rütbəsi verilib. Vətənə olan sevgisinə görə 2015-ci ildə yenidən hərbiyə qayıdıb. Murovdağ və Tovuz rayonu N saylı hərbi hissədə kəşfiyyatçı olub, fəxri-fərmanlar alıb. Daha sonra tank komandiri kursunu bitirsə də kəşfiyyata olan xüsusi sevgisinə görə Ağcabədi rayonunda kəşfiyyat komandiri olub. İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan rayonları uğrunda gedən döyüşlərdə öz qrupu ilə düşmənə qalib gəlib. Oktyabr ayının 20-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq döyüşməyə davam edib. Yaralı vəziyyətdə döyüş bölgəsinə qayıdarkən yanına minaatan mərmisi düşüb. Ancaq həm güllə, həm də qəlpə yaraları almasına baxmayaraq müqavimətini itirmədən döyüşüb və düşmənə ağır zərbələr endirib. Daha sonra Mingəçevir xəstəxanasında 10 gün komada qalıb. Həkimlərin “Dəmir adam” dediyi gizir Ələkbərov qələbə sevinci yaşayıb, 11 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Allahverdi Ələkbərov xəstəxanada müalicə olunanda "Xocalının qisasını aldım” deyib. Son sözləri isə "Şəhidlik gözəl zirvədir, şəhid olsam ağlamayın” olub”.
Allahverdi Ələkbarov ailəlidir, 3  azyaşlı övladı var. O ailəsi ilə birlikdə Ucar şəhərində yaşayıb. Şəhidin yaxınları döyüşlər zamanı övladları ilə danışan A. Ələkbərovun səs yazısını da redaksiyamıza təqdim edib. Səs yazısında azyaşlılar atalarına onu gözlədiklərini, A. Ələkbərov isə qayıdacağını deyir. 
Şəhid Ələkbərov Allahverdi Məzahir oğlu ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!



DİGƏR XƏBƏRLƏR

Top