"İqtisadiyyat Nazirliyinin bəzi işçiləri dövlətdən boş yerə maaş alırlar" - İTTİHAM

Azərbaycanda istehsal edilən, məlumatları düzgün verilməyən məhsullar vətəndaşları çaş-baş salır. Söhbət ondan gedir ki, bəzi istehsalçılar məhsullarını "Rossiyskoe", "İvanovka" və s. adlarla markalayıb satışa çıxarırlar. Halbuki bu məhsulların Rusiya, İvanovka və digər adlarını qeyd etmədiyimiz ərazilərlə heç bir əlaqəsi yoxdur. Vətəndaş isə məhsulu alarkən elə bilir ki, Rusiya istehsalıdır və ya İvanovka məhsullardan hazırlanıb.

Lakin həmin məhsulların arxa hissəsində kiçik hərflərlə Azərbaycan istehsalı olduğu bildirilir. Alıcılar isə çox vaxt məhsulun arxa hissəsində, kiçik hərflərlə yazılmış məlumatlara diqqət etmirlər. Elə o məlumatı kiçik hərflərlə yazanların da məqsədi budur - vətəndaşları çaşdırıb daha çox məhsul satmaq.

Problemlə əlaqədar İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik. Qurumun cavabından belə aydın oldu ki, əgər məhsulun arxa tərəfində olsa belə, üzərində kiçik hərflərlə Azərbaycan dilində məlumatlar yerləşdirilibsə, burada problem yoxdur.

Belə çıxır ki, məhsulun ön tərəfində fərqli dildə yazılan məlumatlarla istehlakçıların çaşdırılması normal haldır? Hər halda qurumun rəisi Zahid İsayevin adından verilən yazılı cavabdan başqa qənaətə gəlmək mümkün olmur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyilənlərlə razılaşmır. Eyyub Hüseynov Yeniavaz.com-a açıqlamasında deyib: "Bütün bunlar istehlakçıların aldadılması, çaşdırılmasıdır. Biz neçə illərdir bununla bağlı işlər aparırıq. Mən keçən il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO-nun rəhbərliyi ilə görüşdüm. Azərbaycan mallarının təşviq olunmasındakı problemləri və bu məsələləri önə çəkdim. Cənab Prezidentin "Made in Azerbaijan" markasının tanınması barədə çağırışları, dövlət orqanlarına tapşırıqları var. Lakin bu məsələ ilə bağlı bir çox məqamlar yerli istehsalçılar tərəfindən nəzərə alınmır. Böyük problemlər yaşanır. Bizim ofisdə bununla bağlı çoxlu materiallar, misallar var. Xüsusən, spirtli içkilərdə, şirələrdə bunlara daha çox rast gəlinir. Əhalinin isə belə olan halda yerli mala inamı azalır. Bu isə Azərbaycanda effektsiz iqtisadi siyasətin aparılmasının nəticəsidir - yerli mallara inam azalıb. Azad İstehlakçılar Birliyi daim yerli malın gizli reklamını aparır, təşviqatçısıdır. Lakin istehlakçılar öz mallarını markalayanda çalışırlar xarici dildə markalasınlar, Azərbaycanın adı çəkilməsin və s. Bu anormal haldır, istehlakçıların hüquqlarının pozulmasıdır, aldadılmasıdır, ölkə Prezidentinin çağırışlarının sabotaj edilməsidir".

Eyyub Hüseynov iddia edir ki, İqtisadiyyat Nazirliyinin bu işlərlə məşğul olan işçiləri dövlətdən boş yerə maaş alırlar: "Sladkie saxar" deyilən bir məhsul var. Böyük hərflərlə üstünə yazılıb. Qeyd olunub ki, guya şəkər xəstələrinə xeyirdir, halbuki bu xəstəliyə heç bir xeyri yoxdur. Səhiyyə Nazirliyindən bununla bağlı rəsmi məktub almışıq. Məhsulun arxasına isə kiçik hərflərlə yazılıb ki, Azərbaycanda qablaşdırılır. Çoxlu belə içkilər də var. Bizdə bunların nümunələri də var. Duzlar var bu cür. Bu işlərin hamısı qaydaya salınmalıdır. Qaydaya isə salınmayıb. Ölkə Prezidenti bu məsələlərlə əlaqədar dəfələrlə tapşırıqlar verib və s. İqtisadiyyat Nazirliyi isə demək olar ki, heç bir iş görmür. Çox ciddi məsələlərdən biri də "İvanovka" mal nişanı ilə saxta məhsulların buraxılmasıdır. İnsanlarımız elə bilirlər ki, həmin məhsul İvanovka kəndində istehsal olunur. İvanovka məhsulu adı ilə süd məhsulları istehsal edirlər. İvanovka kəndi ilə heç bir əlaqələri yoxdur. Quru süddən, naməlum meyelərdən hazırlayırlar həmin məhsulları. Alıcı da elə bilir ki, İvanovka kəndində istehsal olunur. Bu, istehlakçıların aldadılması və çaşdırılmasıdır. Xahiş edirəm, elə belə də yazın - İqtisadiyyat Nazirliyində 140 nəfərlik işçi ştatı ya birdəfəlik bağlanmalıdır, ya da normal işlə məşğul olmalıdırlar. Nə yazırsan, nə konkret fakt verirsən yuvarlaq bir cavab verirlər".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top