Türk mətbuatının gündəminə düşən Şuşa fatehi - Asəf Ağayev - VİDEO + FOTOLAR


Hər kəs onu Qarabağın müxtəlif yerlərində, xüsusilə Şuşada çəkdiyi videoları ilə tanımışdı. O, hər birimizin yaddaşında çəkilmiş videolardakı gülər üzü, xoş zarafatı, şux duruşu, ahəstə, bir az da qürurlu yerişi, şirin Qax ləhcəsi, tez-tez işlətdiyi "yaşasın spesnaz" sözü ilə həkk olmuşdu.
Müharibə bitdi. 10 dekabrda Bakıda möhtəşəm zəfər paradı keçirildi. Asəf Ağayev də, qələbə qazanmış ordunun müzəffər zabiti kimi zəfər paradında Xüsusi Təyinatlı Qüvvələrin heyətinin tərkibində iştirak etdi. Bu dəfə zəfər paradında azyaşlılarla uşaq sevinci ilə çəkdirdiyi şəkillərlə hər kəsin könlünü qazandı. Film lenti kimi fikrinizi azca geriyə çəksəniz onu xatırlayacaqsınız. Bəli, Asəf Ağayev...


Yeniavaz.com xəbər verir ki, Ağayev Asəf Abid oğlu 1993-cü il, noyabrın 24-də Qax şəhərində anadan olub. 2000-ci ildə Qax rayonunda orta məkbə gedib. Orta məktəbi 9-cu sinifə kimi oxuyub. Onun uşaqlıqdan hərbiyə böyük marağı olduğu üçün həmin arzusunun ardınca gedib. Anasının ürəyindən olmasa da, nəhayət bu arzusunu reallaşdırıb. 9-cu sinifi bitirdikdən sonra 3 il Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. Hərbi liseyi yüksək nəticə ilə bitirdikdən sonra, Heydər Əliyev adına Bakı Ali Hərbi Akademiyasına daxil olub. Oranı da müvəffəqiyyətlə başa vurduqdan sonra 5 dil bilən Asəf, Azərbaycanın Ordu sıralarında xidmət etməyə başlayıb. Onda hərbə olan marağı atası oyadıbmış. Azərbaycan Ordusunun zabitinin atası Abid Ağayev də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Onu tanıyan yaxınları deyir ki, onun harada qulluq etdiyini soruşduqlarında mütəmadi olaraq xidmət yerini deməyərək, fikri mövzudan yayındırırmış.
Vətən müharibəsinin ilk günlərindən Fizulidən Şuşaya qədər döyüş yolu keçən Asəf, üçün ailəsi qurban da kəsmişdi, müharibədən sağ-salamat çıxdığı üçün. 16 dekabrda məzuniyyətlə evlərinə qayıtmalı imiş. Amma separatçıların həyata keçirdiyi növbəti təxribat onun yenidən vəzifəsinin başına qayıtmasına mane oldu. Ailə üzvləri ilə olan sonuncu yazışmasında hələ bir neçə erməni yaraqlısının Qarabağda qaldıqlarını və onları məhv etməli olduqlarını qeyd edib. Ailəsi onun 16 dekabrda hazırlıq edərək geri qayıdacağını gözləsə də, o, 18 dekabrda geriyə qayıdır, amma şəhid kimi...

Onun şəhid xəbəri hər kəsi çox sarsıtdı. Axı Asəf qalib ordunun müzəffər əsgəri idi. Axı Asəf o cür müharibənin odunun-alovunun içindən çıxmışdı. Kimsə əvvəlcə inanmaq istəmədi eşitdiyi xəbərə. Amma.... Amma olan olmuşdu... İlk dostları eşitmişdi... Ailəsi belə bilmirdi... Atası xəstə olduğu üçün onlardan gizlətməyə çalışmışdılar. Amma nə qədər? Pis xəbər tez yayılar misalı ilə gecə olan hadisə sabahı gün Azərbaycanın hüdudlarını da aşdı. Türkiyədə də Asəfdən danışıldı. Şəhadətindən əvvəl olduğu kimi şəhadətindən sonra da hər kəsi bir yerə topladı. Minlərlə insan onun cənazəsini qarşıladı və yola saldı.

Asəf, Azərbaycan Silahlı Qüvvələrinin müharibədən sonra, Qarabağda antiterror əməliyyatı keçirməsi zamanı, 17 dekabr tarixində Xocavənd rayonunda içərisində olduğu avtomobilin qəzaya uğrayaraq minaya düşməsi nəticəsində şəhid olub.
Asəf şəhid olduqdan sonra onun haqqında tək Azərbaycanda yox, türk mətbuatında da yazılıb və danışıldı.
Zabitimiz məhz özünün "igidlərin yatdığı yer" adlandırdığı Qax şəhərinin şəhidlər xiyabanında dəfn olunub. Şuşa fatehi Asəf Ağayev şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top