Bayağı musiqilər, aşağı zövqlərə köklənmiş verilişlər, aparıcıların qeyri-etik davranışları... Yəqin ki, bir çoxları bu yazının yenə televiziya kanalları barədə olduğunu düşünür. Xeyr, bu yazı radiolarımızdandır. Telekanallar kimi radio efirlərinin də vəziyyəti ürəkaçan deyil. Radio verilişlərdəki bəzi aparıcılar özlərini o qədər rahat, sərbəst hiss edirlər ki, efirlərdə təhqir, qeyri-etik, vulqar sözlərdən istifadə etməkdən belə çəkinmirlər. Məsələn, bir neçə gün bundan əvvəl Milli Televiziya və Radio Şurasına (MTRŞ) “106.3 FM” radiosunda yayımlanan “Bumeranq şou”nun aparıcısından dinləyici şikayətləri daxil olub. Dinləyicilərin şikayətinə görə, aparıcı Qoç bürcündən olanlara otlamağı məsləhət görüb.
Bu tip xoşagəlməz hallarla bağlı ekspertlerin fikrlərini öyrəndik.
“Efir mədəniyyətinə zidd vulqar ifadələr, fikirlər yolverilməzdir”
“Radiolarda efir daha çox canlı və dinamik olduğu üçün dillə bağlı belə hallar çox tez-tez baş verir”. Bunu MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov mövzu ilə bağlı “Yeni Avaz” qəzetinə müsahibəsində bildirdi. T. Dadaşovun sözlərinə görə, dilin normalarına riayət etmək aparıcıların vəzifələridir: “Hər bir insan canlı ünsiyyətdə dil normalarından müəyyən kənaraçıxmalara yol verə bilir. Lakin əlbəttə ki, dilin normalarına riayət etmək aparıcıların vəzifələridir. Kütləvi şəkildə dil normalarını pozmaq, efir mədəniyyətinə zidd vulqar ifadələr, fikirlər yolverilməzdir. Bu kimi hallarla bağlı radio yayımçılarına tərəfimizdən mütəmadi olaraq tövsiyələr verilir. Ciddi faktlar aşkar olunanda isə daha ciddi tədbirlər görülür”.
“Aparıcıların bir çoxu mikrofon qarşısında məsuliyyət hiss eləmir”
Ekspert teletənqidçi, Əməkdar jurnalist Qulu Məhərrəmli qəzetimizə açıqlamasında radiolarda dillə bağlı problemlərin çox olduğunu vurğuladı: “90-cı illərin əvvəllərində dillə bağlı olan problemlər isə əsasən bunlar idi. Həddindən çox alınma sözlər, Azərbaycan dilinə xas olmayan fikirlər, intonasiyalar, tələffüzlər və s. Lakin bunlar zaman keçdikcə tənzimləndi. İndiki dövrdə radioda yayımlanan bədii, əyləncə xarakterli verlişlərin, “Dj” verlişlərinin sayı artır. Bunların içərisində yaxşı verilişlər aparan aparıcılar da var, mən özüm maşında vaxt olduqca qulaq asıram. Eyni zamanda bəsit aparıcıların da veriliş apardıqlarının şahidi oluruq. Bütün bunlar bəzi jurnalistlərdə mütaliənin zəif olmasından qaynaqlanır, Aparıcıların bir çoxu mikrofon qarşısında məsuliyyət hiss eləmirlər. Anlamaq lazımdır ki, efir dili, radio dili bunlar nizamlanmış ədəbi dildir. Tələffüz normaları, bədii normalar bunlar hamısı gözlənilməlidir. Biz aparıcının danışığı zamanı müəyyən üslub yaratmasına normal baxırıq. Bəzən görürsən səslər uzanır, bəzən çox sərbəst variasiyalar olur, bunu anlıyırıq, bir aparıcı üslubu kimi qəbul edirik. Azərbaycan dilinə xas olmayan tərzdə danışmaq, Azərbaycanın bədii dilinin normalarını pozmaq, başqa dilləri yamsılamaq isə yol verilməzdir”.
Q.Məhərrəmli son vaxtlar həm televiziyalarda, həm də radiolarda aparıcıların yığışıb verliş aparmasının dəb halını aldığına diqqət çəkdi: “Bəzən heyrətlənirəm ki, bu tip verlişləri efirə buraxmaqla televiziya nə demək istəyir?!. Əvvala deyim ki, bu şəxslərin çoxu öz fikirləri, öz tərzi olan aparıcılar kimi cəmiyyətdə tanınmır. Ona görə də bunların ya bir kitaba, ya bir əsərə, ya bir tamaşaya, musiqi əsərinə olan münasibəti cəmiyyət üçün maraqlı deyil. Mən bu cür verlişləri bəyənmirəm. Elə aparıcının əvəzinə nüfuzlu şəxsiyyəti dəvət etmək olar və ya bir peşəkarı, bir mütəxəssisi, tanınmış incəsənət adamını, öz fikri ilə cəmiyyətdə maraq doğura biləcək bir vətəndaşı çağırsaq auditoriyaya, cəmiyyətə daha çox fayda vermiş olarıq”.
“Efir müqəddəs ərazidir, hər kəsi, hər musiqini buraxmaq olmaz”
Ekspert radio efirlərində bayağı musiqilərin doldurulması məsələsinə də toxunub: “Hətta nüfuzlu radiolarda belə bayağı müğənnilərin mahnıları səsləndirilir. Efir müqəddəs yerdir, hər kəsi, hər musiqini buraxmaq olmaz. Yəni bunun məsuliyyətini hiss eləmək lazımdır. Mən radiolarda musiqi siyasətini müəyyənləşdirib yayımlayan redaktorlara deyirəm ki, onlar xalq musiqisinin dəyərini bilsinlər, ümümiyyətlə efirin dəyərini bilsinlər. Hər təsadüfi adamın musiqisini efirə buraxmaq olmaz. Biz demirik ki, o tip musiqiləri heç vaxt vermək olmaz. Olar, əlbəttə! Ancaq onun üçün müəyyən saat ayrılmalıdır. Onsuz da elə mahnıların sözləri, o melodiyalar yadda qalmayacaqdır. Bunlar əriyir, unudulur, yaddaşlardan tez bir vaxtda silinir. Xalqın zəngin mədəniyyətinin əsasında klassik xalq musiqisi, yüksək bədii zövq aşılayan musiqilər dayanır. Xarici musiqilərin də olması yaxşı haldır. Ancaq bunun da ölçüsünü bilmək lazımdır. O xarici musiqini verəndə də mütləq tanıtmaq lazımdır, bu hansı musiqidir. Aşılanmalıdır, bu fransız bəstəkarının, bu italyan bəstəkarının repertuarındandır və s. “DJ” bilmədiyi musiqini efirə buraxır bir saat səslənir, yəni heç özünün də başı çıxmır, hardandır, necədir, kimdir? Ona görə hesab edirəm ki, radiolar bir az məsuliyyətli olsunlar”.
Ruzbeh Məmməd