Dəb, yoxsa xəstəlik?-GEYİMLƏR


Bu gün ölkəmizdə geyim mağazalarının sayı əvvəlki illərə nisbətən daha çoxdur və bu say hər il daha da artmaqda davam edir. Etiraf edək ki, geyim alarkən daha çox keyfiyyətinə görə yox, rənginə, formasına və qiymətinə görə seçirik.
İstər xanımlar, istərsə də kişilər dəblə ayaqlaşmaq üçün dar geyimlərə üstünlük verirlər. Onda da belə bir deyim yada düşür: "Gözəllik qurban tələb edir". Halbuki, nə qədər dəbli görünsə də, tək diqqət yetirməli olduğumuz məqam paltarın təbii və zərərsiz parçadan istehsal edilib-edilməməsidir.


Beynəlxalq standartlara cavab verməyən geyimlər hətta, xərçəngə qədər gedib çıxan ciddi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə də, sintetik parçalardan hazırlanan geyimlər sağlamlığımıza kifayət qədər zərər verir. Yüksək bel və dar şalvarlar isə (cins şalvarlar da daxil olmaqla) bu zərəri ikiqat artırır. Çünki bu vəziyyət qan dövranının yavaşlamasına səbəb olur. Belə geyimlər beli və mədəni həddindən artıq sıxdığına görə mədə yırtılması, mədə xorası, qastrit və s. kimi müxtəlif xəstəliklər meydana gəlir. Ofis və oturaq şəraitdə işləyən şəxslər belə geyimlər geyindikdə bağırsaqda olan köp digər orqanları uzun müddət sıxır, qastrit olan nahiyə və qarın boşluğu təzyiq görür. Beləliklə də, qastro-ezofageal reflüks xəstəliyi kəskinləşir. Eyni zamanda mədənin təzyiq görməsi, bağırsaqların sıxılması metabolizmanı da zəiflədir. Metabolizmanın sürətinin azalması isə gələcəkdə artıq çəki probleminə səbəb olur.
Dar şalvardan mütəmadi istifadə insanlarda damar sıxılması, sinir pozulması kimi problemlərə də gətirib çıxarır. Digər tərəfdən, hüceyrələr zədələnir və onların inkişafı dayanır. Bu da hüceyrələrin ölməsi ilə nəticələnir. Ölmüş hüceyrələrin sayı getdikcə artdıqda isə dəridə qırışlar, sallanmalar meydana gəlir. Qan dövranının zəifləməsi baş ağrılarına, ayaq şişməsinə, yorğunluğa və halsızlığa səbəb olur.
Dar şalvarın zərərləri tək bununla da bitmir. Belə ki, bu cür geyimlər ürək-damar və dəri xəstəliklərinə də yol açır. Bu cür geyimlər qanın ürəyə nisbətən gec çatmasına səbəb olur. Bu da astma və bir çox ciddi xəstəliklərə gətirib çıxarır. Dar geyimlər sərbəst hərəkəti məhdudlaşdırdığı üçün müəyyən əzələlərin daha çox işləməsinə səbəb olur. Bu da onurğanın ikiqat işləməsinə gətirib çıxarır. Bu zaman budlar sıxılır və adi halda dəstəklədikləri bədənin ağırlığını götürməkdə çətinlik çəkirlər. Əgər bu cür geyimlər mütəmadi geyinilərsə, uşaqlıq və yumurtalıq xərçənginə də səbəb ola bilər. Qadınların ən çox ehtiyat etdikləri hallardan biri də selülitlərin yaranmasıdır. Dar şalvarlar selülitə meyilli olan dərilərdə selülitlərin dərinləşməsinə və daha çox yayılmasına səbəb olur. Digər tərəfdən, dar geyimlər sağlamlıq üçün nə qədər təhlükəlidirsə, qısa geyimlər də sağlamlıq üçün o qədər təhlükəlidir (xüsusilə də, üst geyimlər üçün).
Geyimlərin hansı formada tikilməsi ilə yanaşı, hansı parçadan hazırlanması da çox vacibdir. Çünki geyindiyimiz geyimlər dərimizlə daim təmasda olduğu üçün parçaların tərkibində olan kimyəvi maddələr tər vasitəsilə bədənimizə hopur. Bu da allergiyadan tutmuş xərçəng xəstəliyinə qədər gətirib çıxarır. Mütəxəssislər bildirirlər ki, süni dərilərdən və sintetik parçalardan mümkün qədər uzaq olmaq lazımdır. Çünki bu cür materiallardan hazırlanan məhsullar maddi baxımdan "təhlükəsiz" olsa da, sağlamlığımız üçün böyük təhlükə törədir.
Təmiz dəri məsaməli bir quruluşa malik olduğu üçün dərinizin nəfəs almasına imkan verir, süni dəridə isə bu belə deyil. Dəri düzgün nəfəs almadıqda tərləməyə səbəb olur, bu da göbələk kimi infeksiyalar üçün münbit şərait yaradır. Buna görə də, sağlamlığınızı qorumaq üçün təmiz dəri, ipək, pambıq, yun, kətan və kaşmir parçalardan hazırlanan məhsullardan istifadə etmək məsləhətdir.
Mütəxəssislər bildirirlər ki, insan bədənində ən həssas hissələr qoltuq altları, ayaqların iç tərəfləri, dizlərin arxa hissələri və beldir. Buna görə də, bədənin bu hissələrini parçaların zərərli təsirindən qorumaq lazımdır. Bu baxımdan, xüsusilə də, tünd geyimlərdən uzaq olmaq məsləhətdir. Çünki, insan tərlədikcə parçanın tərkibində olan boyalı maddələr dəriyə hopur.
İndi isə yuxarıda adlarını çəkdiyimiz parçalara və onların xüsusiyyətlərinə nəzər salaq:
Pambıq parça - Bu parçadan hazırlanan geyimlər bütün fəsillər üçün uyğundur, yüksək nəmçəkmə xüsusiyyətinə malikdir, allergiyaya və dəridə qıcıqlanmaya səbəb olmur.
İpək parça - Tut yarpaqları ilə bəslənən barama qurdlarının "istehsal etdiyi" çox zərif, parlaq saplardan toxunan qiymətli parçadır. Bu parçadan hazırlanan geyimlər yayda sərin, qışda isti saxlayır.
Kətan parça - Möhkəm, yüngül, parlaq qurulşa malik parçadır. Kətan parça günümüzdə bütün dünyada istehsal edilir. Yayda dəriyə sərin təsir bəxş edir və dəridə allergik reaksiya yaratmır.
Kaşmir parça - Keçi yunundan hazırlanan qiymətli parça növüdür. Çox zərif, yumşaq teksturaya və yüksək nəmçəkmə xüsusiyyətinə malikdir.
Hazırda payız və qış mövsümündəyik, neylon və sintetik parçalara məhz bu ərəfələrdə üstünlük verilir. Tül corablar, gündəlik həyatda istifadə edilən kapron corablar da məhz bu parçalardan hazırlanır. Mütəxəssislər bildirirlər ki, əsasən revmatizm və yel xəstəliyindən əziyyət çəkənlər parça seçimində daha diqqətli olmalıdırlar.
Bundan başqa, əsasən kişilərin istifadə etdiyi qalstuklar da düzgün taxılmadıqda sağlamlığa zərər verir. Belə ki, möhkəm bağlanmış qalstuk beyin-qan dövranını zəiflədir. Bu da damar tutulmalarına, boğaz xərçənginə və s. səbəb olur. Uzun müddət istifadə olunan qalstuklar vaxt ötdükcə şah damarı zədələyir. 50 yaşdan yuxarı olan şəxslərdə belə hallara daha çox rast gəlinir. Hətta, onlarda iflic xəstəliyi riski də daha çox olur. İş həyatında tez-tez qalstukdan istifadə edənlərə məsləhət görülür ki, qalstuklarını çox sıx bağlamasınlar.
 
Geyim alarkən nələrə diqqət etməliyik?
- Sintetik, ləkə saxlamayan və qırışmayan parçalar almaqdan çəkinin;
- Süni dəri məhsullarından uzaq olun;
- Alacağınız geyimlərin sağlam və təbii parçalardan hazırlanmasına diqqət yetirin.
 
Fraza jurnalı, Noyabr sayı,
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top