“Maşından 4 erməni düşdü, başa düşdülər ki, “Yaşma” gəlib, komandirlərini atıb qaçmağa başladılar” – Füzuli əməliyyatından


“Düşmən bizlə biraz vuruşan kimi silahlarını atıb qaçırdılar və “Yaşma”nın adı gələndə qorxurdular. Onlar bizi əvvəldən tanıyırdılar. Düzdür, biz onlara imkan vermirdik qaçmağa, qaçmaq istəyəndə tuturduq. Çalışırdıq, onları sağ tutaq ki, məlumat alaq. Biz başladıq Füzulinin kəndlərini almağa. Hər kənd aldıqca məlumat verirdik və Quru Qoşunları gələndə təhvil verib, irəliləyirdik”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri XTQ-nin hərbu qulluqçusu Vüsal Şahbazov Füzuli istiqamətində gedən əməliyyatı Mircavidan Niftullayevin “Youtube” layihəsinə danışarkən deyib.

O, bildirib ki, həmin istiqamətdə gedərkən 3 erməninin onları müşahidə etdiyini görüb: “Həmin ərazilərdə taxıl əkinləri var idi. Biz də o yolla irəlilədik və taxıllıqdan çıxdıqdan sonra Füzulinin bir yüksəkliyi istiqamətinə doğru getdik. Qabaqdan 7-ci adam mən idim. Gedə-gedə yüksəkliyə baxırdıq ki, erməni bizi müşahidə edə bilməsin, etsə belə biz onu görə bilək. Həmin an gördüm ki, sol tərəfdən üç nəfər bizə baxır. Tez komandirə məlumat ötürdüm. Snayperçimiz də baxdı ki, erməniyə oxşayırlar. Sağ tərəfdə dərə kimi yer var idi taborumuz ora yerləşdi. Komandir 5-ci qrupdan 5 nəfər yolladı ki, getsinlər baxsınlar. Qrup getdi, bizə bildirdilər ki, ermənilərdir. Onlar da təpənin arxasındakı hərbi birliklərinə gedib məlumat verdilər ki, “Yaşma” gəlir, artıq yaxınlaşıblar.  5-ci qrupun komandiri bizə bildirdi ki, burada hərbi birlik var, köməyə gəlin. Biz 3-cü qrupdan 8 nəfər getdik. Yolun yarısını getmişdik ki, atışma başladı. Biz çatana kimi 5-ci qrup cavab atəşi vermişdi, biz çatanda isə döyüşlər şiddətləndi. Onlar tərəfdən təqribən 70-80 nəfər olardı. Taborun yarısı da bizim olduğumuz yüksəkliyin ətrafını müşahidə edirdi ki, düşmən digər tərəflərdən gəlməsin. Daha sonra birimiz sağdan, birimiz soldan irəliləməklə qruplara ayrıldıq, digərləri isə yuxarıdan onların başını qatdı. Hava qaralmışdı və biz onların yarısını məhv etmişdik. Soldan hərəkət edərək, onların arxasında keçdik, bizi heç görmədilər. Hər iki tərəfdən başladıq bunları qırmağa və hamısını məhv etdik, postu da aldıq. Tankları, topları, maşınları və digər hərbi qənimətlərimizi götürdük. Bir gün də postda qaldıq və dəstək gələndə onlara təhvil verdik.  Biz tərəfdən bir şəhid, bir də yaralı oldu”. 
Qazi V.Şahbazov Füzuli şəhərindəki əsas erməni postunun alınması barədə də danışıb: “Biz Füzuli şəhərinə girmək üçün iki qrupa ayrıldıq. Şəhərdə yüksəklik var, erməninin əsas postu orada idi. Onlar da ora səsli kamera yerləşdirmişdilər. 2-3 km aralıqdan kimsə gələndə, səsli olaraq məlumat ötürürdü ki, adam gəlir. Bizim qrupun yarısı şəhərə girmişdi, biz də soldan hərəkət edirdik ki, həmin yüksəkliyi tutaq və döyüş yoldaşlarımızı qoruyaq. O yüksəkliyə gedən yol Füzulinin əsas yolundan keçir. Hansı ki, ermənilərə təminat ordan gedirdi. Biz o yola çatanda gördük ki, ağ “Niva” gəlir. Bildik ki, onların komandiridir. Bizi 300 metr aralıda görəndə saxladı. Maşından 4 hərbçi düşdü, bizə baxdı və şoka düşdülər ki, biz bunların içərisinə girmişik və bunların heçnədən xəbərləri olmayıb. Bizimkilər erməni dilini yaxşı bilirdi və dedik ki, narahat olmayın, yaxına gəlin. Bunlar bizi tanımırdılar. Sonradan bildilər ki, “Yaşma”dır. Başa düşən kimi əsgərlər komandirini orada qoydular və “Niva”ya minib qaçmağa başladılar. Komandir isə taxıllığın içərisi ilə qaçmağa başladı, hətta silahını və yükünü tulladı ki, möhkəm qaçsın. Amma biz imkan vermədik qaçsınlar və əsgərləri də, komandiri də vurduq”.

DİGƏR XƏBƏRLƏR

Top