Əl-Cahizin ən həcmli əsəri “Kitəbul-həyəvan” (Heyvanlar haqqında kitab) əsəridir. O bu əsəri tamamladıqdan sonra dövrün hökmdarı İbn Zəyyada təqdim etmiş və 5000 dinar mükafat almışdır. Bu əsərdə bir çox heyvan növündən, onların həyat tərzindən, doğuşdan ölənə qədər müxtəlif vəziyyətlərindən bəhs olunur. Əl-Cahiz, heyvanların yaradılışındakı xariqüladə həqiqətləri və mükəmməlliyi əsas tutaraq kainatın Allah (c.c) tərəfindən bir hikmət və qayəyə uyğun olaraq yaradıldığını qeyd edir. Bütün bunları izah edərkən də ayə və hədislərdən, şeir və qissələrdən istifadə edir.
Yeniavaz.com xəbər veir ki, əl-Cahizin heyvanlar haqqındakı kitabının əsas məqsədi heyvanlar barədə məlumatları bir yerə toplamaq olsa da, əsərin bugünkü dəyəri ədəbi və tarixi hadisələrə işıq tutmasın görə çox yüksəkdir. Əl-Cahizin “Kitəbul-həyəvan” (Heyvanlar haqqında kitab) əsərində şairlərin şeirlərindən gətirdiyi sitatlar bu kitaba ayrı bir zənginlik qatır. Misal üçün, bu kitabda Abbasilərin ilk dövrlərində yaşayan və ərəb şeirinə yeni üslub gətirən Əbu Nuvvasın (756-813) ov ovlamağını təsvir edən 50 şeiri vardır. Elm və texnologiya günümüzdə çox inkişaf etdiyinə görə kitabda yer alan heyvanlar haqqındakı bilgi və məlumatlar köhnəlmiş, ya da dövrü keçmiş hesab edilə bilər.
“TRT Diyanet” kanalında əl-Cahizin həyatı haqqında hazırlanmış sənədli film
Əl-Cahiz heyvanlar haqqındakı əsərində (Kitəbul-həyəvan) ayə və hədislərdən, ərəb şeiri və qissələrdən istifadə etməklə yanaşı, heyvanlar üzərində apardığı təcrübə və müşahidələrinə də yer vermişdir. Bəzən heyvanları öldürərək, bəzən yumurtalarını qıraraq onların daxili quruluşlarını araşdırırdı. Bəzən də heyvanların hərəkətlərini müşahidə etmək üçün onları diri-diri torpağa basdırır, heyvanlar arasındakı dostluq və düşmənliyi öyrənmək üçün onları eyni qab içərisində saxlayırdı.
Əl-Cahizin “Kitəbul-həyəvan” (Heyvanlar haqqında kitab) əsəri İslam coğrafiyasında zoologiya sahəsində yazılan ilk əsərdir. Bu əsər əsrlər boyunca həm İslam aləmində, həm də Avropada zoologiya sahəsində yazılan əsərlər üçün mühüm qaynaq olmuşdur. Buna görə də əl-Cahiz ondan 500 il sonra gələcək ingilis filosofu və təbiətşünası Rocer Bekonun (1220-1292) sələfi hesab edilir. Əl-Cahiz zoologiya elmində və heyvan anatomiyası sahəsində bir dahi olaraq qəbul edilmişdir. Canlı növlərindən ədəbi üslubda bəhs edən əl-Cahiz “Kitəbul-həyəvan” əsərini ömrünün sonlarına doğru qələmə almışdır.
Əl-Cahiz heyvanlar haqqında qələmə aldığı bu ensiklopedik mahiyyətdəki əsərində zoologiyanın müxtəlif sahələrindən, iqlim və ətraf mühitin heyvanlar üzərindəki təsirlərindən bəhs edir. O, bu əsərində yumor və ciddiliyi çox incə üslubda bir araya gətirmiş, əsassız və tutarı olmayan ifadələrdən, yorucu dildən uzaq durmuşdur. Əl-Cahiz günümüzün ifadəsi ilə sanki dövrünün mediası idi. O, Abbasilər dövründə İslam cəmiyyətini müxtəlif yönləri ilə əks etdirən bir güzgüdür. O, dolanışığını əsasən yazı və əsərlərini ithaf elədiyi şəxslərdən aldığı hədiyyələrlə təmin etmişdir.
Əl-Cahiz və heyvanların dili
Əl-Cahiz quşların çıxardıqları müəyyən səslərlə əslində öz aralarında danışdıqlarını söyləyir. Quşların çıxardığı səsləri mənasız hesab edənləri və öz aralarında danışmadıqlarını deyənləri isə tənqid edir. O bu görüşünü izah edərkən deyir: “Başqa bir millətin dilini bilməyən şəxs, o millətin danışa bilmədiyini iddia edə bilməz. Hər hansı millətin dilini bilməmək, onların danışdıqları sözləri başa düşməmək, o xalq və ya millətin danışıq dilinin olmamasına dəlalət eləmir”. Əl-Cahiz bu ifadələri ilə heyvanların çıxardıqları səslərin bir məna ifadə etdiyini, misal üçün nəyəsə hürən bir itin təbiətinə görə mənalı bir səs çıxardığını qeyd edir.
“Qiraətul-muyəssəra” adlı ərəb dili kitabında əl-Cahizin həyatı haqqında verilən hissə
Əl-Cahiz hər bir heyvanın müxtəlif xüsusiyyətlərə sahib olduğunu və hər bir heyvanda müəyyən xüsusiyyətlərin daha ön plana çıxdığını qeyd edir. Aslanın cəsarəti, qurdun hiyləgərliyi, əqrəbin düşmənliyi, baramaqurdunun sənətkarlığı heyvan növlərinin müəyyənedici xüsusiyyətləri arasındadır. Bu mənada heyvanın hiyləgərliyi, ya da heyvanın hiyləgərlikdən uzaq olması, il boyu yuvasına ərzaq yığması, ya da ərzaq ehtiyacını gündəlik olaraq təmin etməsi, balalarını himayə etməsi, ya da şəfqətdən uzaq olmaları yaradılışlarındakı müxtəlifliklərdir.
Əl-Cahizin həyatı motivasiya və şəxsi inkişaf nümunələri ilə doludur
Əl-Cahizin uşaqlıq və gənclik illəri Bəsrə şəhərində keçmişdir. Yoxsul bir ailənin uşağı olaraq dünyaya gələn əl-Cahiz uşaq ikən atasını itirmiş, heç bir maddi imkana sahib olmayan anası onu çox çətinliklə böyütmüşdür. Uşaq yaşlarından etibarən həyatın çətinlikləri ilə üzləşən əl-Cahiz dolanışığını təmin etmək üçün işləməyə başlamışdır. Rəvayətə görə, o, Bəsrə şəhərinin sahillərindən birində balıq-çörək sataraq dolanışığını təmin etməyə çalışmışdır. Yaşadığı çətinliklərə baxmayaraq, elmə olan həvəsi və çalışqanlığı onun çoxyönlü bir alim kimi yetişməsinə və ədəbi qabiliyyətlərini inkişaf etdirməsində əsas stimul olmuşdur. Ancaq anası əl-Cahizin bu kitab və elmə olan sevgisindən o qədər də məmnun deyildi.
Bir dəfə o, evə gələndə anası yemək əvəzinə onun önünə içində kitablar olan bir boşqab qoymuşdu. Əl-Cahiz səbəbini soruşanda anası: “Sənin evə gətirdiklərin bunlardır” demişdir. O, qəmgin halda evdən ayrılaraq məscidə getmişdir. Onu kədərli halda görən Muveys ibn İmran əl-Bəsri yanına gələrək ona bir miqdar ərzaq və əlli dinar pul vermişdir. Əl-Cahizin əsərləri arasında yer alan “Risalə ilə Muveys ibn İmran” bəlkə də elə bu səbəblə yazılmışdır. Əl-Cahiz aldığı ərzaq və pulla evə qayıdanda anası bunları haradan aldığını soruşur. O da anasının bir az əvvəl boşqaba qoyduğu kitablardan qazandığını söyləyir.
Əl-Cahizin müxtəlif illərdə ərəb dilində nəşr olunmuş “Kitəbul-həyəvan” əsərinin nüsxələri
Bu kasıb uşaq əslində zəngin bir mühitdə yaşayırdı. Ətrafında zəngin və rifah dolu bir hayat öz axarında davam edərkən o, özünü belə bir mühitdə yoxsul, çirkin və önəmsiz bir şəxs kimi görürdü. Əl-Cahiz düşünürdü ki, insanlar ona çirkinliyinə, fəqir və kimsəsiz olduğuna görə əl tutub yardım edirlər. Həssas qəlbli bir insan olan əl-Cahizi bütün bu duyğular ruhdan salmayacaq, həyatdan küsməsinə səbəb olmayacaq, əksinə daha əzmlə çalışmasına, özünü daha üstün bir səviyyəyə qaldırmaq üçün bir yol axtarmağa sövq edəcəkdi. Həmçinin o, istəklərini reallaşdırmaq üçün yeganə yol olaraq təhsili görürdü.
“Heyvanlar Allahın (c.c) varlığına dəlalət edir”
Əl-Cahiz qeyd edir ki, ən kiçiyindən ən böyükünə, ən gözəlindən ən çirkininə qədər bütün heyvanlar Allahın (c.c) varlığına dəlalət edirlər. Heyvanların insanlar üzərində buraxdığı təəssüratlar müxtəlif olur. Bir sözlə, heyvanlar insanların gözündə sevimli, ya da sevimsiz olsalar da, Allahın (c.c) varlığına dəlil təşkil etmələri baxımından aralarında heç bir fərq yoxdur. Bu minvalla tovuz quşu sahib olduğu gözəl rəngi və qanadları ilə çirkin görünüşlü donuzdan daha artıq Allahın (c.c) varlığına dəlil təşkil etməz.
2017-ci ildə Küveyt şəhərində təşkil edilən kitab sərgisində əl-Cahizin heyvanlar haqqındakı kitabı üçün ayrılmış hissəsi
Əl-Cahizin düşüncə dünyasında heyvanlar Allahın (c.c) varlığına dəlil təşkil etmələri və insanlara fayda və xidmət vermələrinə görə tədqiq edilir. Əl-Cahizə görə, heyvanlar hikmətli bir formada var edildiklərinə görə onları hikmətlə yaradanın varlığına dəlalət edirlər. Heyvanlar həm daxili, həm də xarici quruluşlarına görə insanı təfəkkürə və heyvanları öyrənməyə sövq edir. Misal üçün, fil cüssə baxımından digər heyvanlardan böyük olsa da, təlqin və insanın əmri altında işləməyə əlverişli və uyğun olması onun yaradılış məqsədini də bizə göstərir.
Əl-Cahiz təmsil dilinin ilk təmsilçisidir
Əl-Cahiz öz dövrünün ən böyük zoologiya və antropologiya alimi idi. O, hər növ heyvanı tədqiq etmiş, əsərlərində heyvanların həyatı haqqında dəqiq məlumatlar vermiş, heyvanlar üzərində təcrübələr aparan ilk alim olmuşdur. Əl-Cahiz öz düşüncələrini əsərlərində heyvanları danışdırmaqla və sanki onların dili ilə ortaya qoymuş və ədəbiyyat sahəsində “intaq sənəti”ndən çox məharətlə istifadə etmişdir. Ədəbiyyatda heyvanların dili ilə danışma sənətinə (intaq sənətinə) şərq klassiklərindən olan “Kəlilə və Dimnə”də, həmçinin XIII əsrdə qələmə alınmış Mövlananın “Məsnəvi” əsərində də rast gəlirik.
“Kitəbul-həyəvan” əsərinin miniatürlü iki səhifəsi (Milano Biblioteca Ambrosiana, nr. 140)
Əl-Cahizdən səkkiz əsr sonra yaşamış XVII əsr fransız yazıçısı Jan de Lafonten (1621-1695), əl-Cahizin heyvanları danışdırma üslubunu təqlid edərək şöhrət qazanmışdır. Qərb dünyasında ilk dəfə heyvanları danışdırma sənətini (intaq sənətini-təmsil janrını) ilk dəfə ortaya qoyanın Jan de Lafonten olduğu iddia edilsə də, bu janrın hələ çox erkən dövrdə əl-Cahiz tərəfindən istifadə edildiyini görürük.
Əl-Cahizin ensiklopedik alim olması
Əl-Cahiz hərtərəfli və ensiklopedik alimdir. Əsərlərində ədəbiyyat, kəlam, fəlsəfə, şeir, atalar sözü, Quran ayələri və hədislərdən çox geniş və ustalıqla istifadə etməsi onun hərtərəfli və ensiklopedik alim olmasını isbat edir. Xüsusilə müəllifin qələmə aldığı “Kitabul-həyəvan” (Heyvanlar haqqında kitab) əsərində bunu açıq-aydın görmək olar. “Kitəbul-həyəvan” əsəri heyvan növləri ilə bağlı bir tədqiqat əsəri olmaqla yanaşı, eyni zamanda Cənab Allahın (c.c) heyvanların yaradıcısı olduğu fikrini sübut etməyə çalışan bir əsərdir.
Dini həssaslığı və hədislərə baxışı
Əl-Cahiz günümüzdə məşhur altı hədis kitabı olan “Kutubu-Sittə”nin qələmə alındığı əsrdə yaşamışdır. Ancaq əl-Cahiz əksəriyyəti yazılma mərhələsində olan bu ilk dövr hədis qaynaqları haqqında əsərlərində hər hansı məlumat vermir. Bunun səbəbi olaraq o dövrdə bu hədis qaynaqlarının hələ məşhur olmamaları, bəlkə də bəzilərinin hələ qələmə alınma mərhələsində olduğu göstərilir. Əl-Cahizin qələmə aldığı əsərlərində dini həssaslığı qoruduğunu görürük.
Həzrət Peyğəmbərimizin (s.ə.s) sözlərinin ədəbi xüsusiyyətlərindən bəhs edən əl-Cahiz, hədislərdə kəlmələrin az, mənaların isə çox olduğunu qeyd edir. Əl-Cahizə görə, Həzrət Peyğəmbərimizin (s.ə.s) kəlamlarında qeyri-səmimiliyə yer yoxdur. Həmçinin Onun (s.ə.s) sözlərində ədəbi baxımdan məna dərinliyi olmayan ifadə tərzlərinə də rast gəlmək olmaz. Həzrət Peyğəmbər (s.ə.s) sözlərini yerli-yerində söyləmişdir, ifadələrində başa düşülməsi çətin olan qısalıq, ya da lazım olandan çox uzunluğa da yer verilmir.
Əsərlərində Uca Allahı (c.c) həmd-səna ilə zikr etməsi, heyvanlarda, bütün yaradılmışlarda Uca Yaradanın (c.c) hikmətlərini təqdim etməsi, Quranı digər kitablardan üstün tutması və Həzrət Muhammədi (s.ə.s) ərəb dilində ən gözəl danışanların öndəri olaraq görməsi onun dini həssaslığının sübutudur. Əl-Cahizin yumoristik və zarafatcıl bir kimliyə sahib olması onu əsla zındıqlıq və dinsizlik səviyyəsinə endirməmişdir. Həmçinin əl-Cahizin zındıq və dinsizlərə qarşı yazdığı əsərlərini nəzərə alsaq, ona belə bir xüsusiyyət vermək haqsızlıq olardı. Əl-Cahiz sünnəyə bağlılığı bir üstünlük və haqlılıq vəsiləsi olaraq qəbul etmiş, sünnəni rədd edənləri sərt şəkildə tənqid etmişdir.
“İnsanla meymunun zahiri bənzərliyi bir ibrət vəsiləsidir”
“Kitəbul-həyəvan” əsərində meymunlarla insanlar arasında zahiri bənzərlikdən bəhs edilir, meymunun insan fiziologiyasına bənzərliyi, psixoloji münasibətlərdə üst-üstə düşən amillər, həmçinin əhilləşməyə meyilli olması vurğulanır. Ancaq əl-Cahizə görə, bütün bunlar insan üçün ibrət vəsiləsidir. Bütün bunlara görə insan Uca Yaradana (c.c) qarşı nankor olmamalı, həddi aşmamalı və üsyankarlıq içərisində olmamalıdır.
Gəzdiyi şəhərlər…
Əl-Cahiz kimisə həcv etmək istəyəndə ən kəskin ifadələr seçər, onun iyrənc tərəflərini açıb göstərər, ələ salardı. Bağdad, Səmərra, Kufə, Şam və Antakya şəhərləri əl-Cahizin gəzdiyi, oradakı alimlərlə görüşdüyü, müzakirələr apardığı məkanlar idi. O dövrdə Bağdad və Bəsrə kimi böyük şəhərlərdə hərbi cəhətdən məğlub olmuş digər dövlət və mədəniyyətlərin ziyalı təbəqəsinin nümayəndələri ilə saatlarla davam edən elmi müzakirələr aparılırdı. Əl-Cahiz həmin dövrdə İslamın “tövhid” inancını kəlam elminin metodları ilə ən ciddi şəkildə müdafiə edənlərdən biri idi.
Monqol istilası, kitabxanaların dağılması, ya da yandırılması, hökmdarların dəyişməsi və s. kimi mənfi amillərə baxmayaraq, əl-Cahizin yeddi cilddən ibarət olan “Kitəbul-Həyəvan” adlı ensiklopedik əsəri daxil olmaqla bir sıra əsərləri günümüzə qədər gəlib çatmışdır. Əl-Cahizə görə, hər bir millətin digər millətlərlə müqayisədə üstün cəhətləri var. Misal üçün, yunanlar fəlsəfə sahəsində, çinlilər sənətdə, iranlılar dövlət idarəçiliyində, türklər hərb sahəsində, ərəblər də xitabət və dilçilikdə daha öndədirlər.
Ərəb ədəbiyyatına dair qələmə aldığı əsəri
Əl-Cahizin ərəb ədəbiyyatına dair qələmə aldığı digər məşhur kitabı “Əl-bəyan vət-Təbyin” əsəridir. Müəllif bu əsərində bəyan, natiqlik və təsirli söz söyləmənin əhəmiyyətindən danışarkən belə deyir: “İnsanların qəlbində mövcud olan mənalar, zehnində var olan düşüncələr və daxili aləmində daşıdığı hiss və duyğular var. Bütün bunlar əksər hallarla gizli qalırlar. İnsanlar həmişə birlikdə olduğu insanların, ən yaxın dostunun, hətta qardaşının ağlından keçənləri, nə düşündüyünü bilmir. Ağıldakı bütün bu gizli qalmış mənalara, insanın düşüncə dünyasından keçənlərə həyat verən şey bunların dilə gətirilməsi, onların sözlə ifadə edilməsi, feillərlərlə göstərilməsidir. Bu xüsusiyyətlər mənanın başa düşülməsini təmin edər, gizli olanı aşkar, uzağı yaxın, görülməyənin də görülməsinə kömək edər”.
Nazim Mustafayev