İcra hakimiyyəti 2 ay əvvəl yaranan şirkətə 38 min manat ayırdı


Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Anabar” MMC olub.
Yeniavaz.com
 xəbər verir ki, “Anabar” MMC “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi sifarişi ilə bu qurum üçün tikili və avadanlıqların cari təmirini həyata keçirəcək. 
Qeyd olunan işlər üçün “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi "Anabar” MMC-yə 38 min 97 manat 58 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, "Anabar” MMC – 13.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi müsabiqəni 12.10.2020-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 2 ay əvvəl yaranıb.
Onu da bildirək ki, “Anabar” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 2 ay əvvəl yaranan və 38 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Binəqədi rayonu, mikrorayon 7, ev 26, m. 90 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Ağayev Fuad Ələddin oğludur. 
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 2 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top