4 gün əvvəl yaranan şirkət tenderdə 121 min manat uddu – FOTOFAKT


Daxili İşlər Nazirliyi “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 121 min 337 manat 4 qəpik olan tender müsabiqəsinin qalibi “Guven Techizat” MMC olub.
“Guven Techizat” MMC Daxili İşlər Nazirliyi “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi üçün təsərrüfat malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Guven Techizat” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Elçin Əliyev, ev 15, m. 5-da yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Pərviz Mətləb oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət  – “Guven Techizat” MMC tender müsabiqəsinin başlamasından sonra dövlət qeydiyyatına alınıb.
“Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi təsərrüfat malları almaq üçün keçirdiyi tender müsabiqəsini oktyabr ayının 27-də elan edib və sənəd qəbulu noyabr ayının 20-də saat 12:00-da başa çatıb. Tender müsabiqəsinin qalibi olan “Guven Techizat” MMC isə noyabr ayının 16-da dövlət qeydiyyatına alınıb. Göründüyü kimi “Guven Techizat” MMC-nin qeydiyyatdan keçdikdən sonra sənədlərini təqdim etmək üçün cəmi 4 gün vaxtı olub.
Çox qəribədir ki, cəmi 4 günlük təcrübəsi olan şirkət 121 min manat dəyərində tenderin qalibi olub.
Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 4 gün əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top