Qızları 27 il sonra Allahverdi Bağırovun məzarını ziyarət ediblər – VİDEO


27 il sonra qızları Azərbaycanın Milli Qəhrəmanı şəhid Allahverdi Bağırovun məzarını ziyarət ediblər. 
Yeniavaz.com xəbər verir ki, şəhidin hər iki qızı Dövlət Sərhəd Xidmətinin zabitidir. 
Tibb xidməti kapitanı Bağırova Aynur bildirib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir: “Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək, bu gün fəxrlə DSX-nın zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Bu qələbə sevincini bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Müzəffər Azərbayan Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, bu gün, 27 ildən sonra işğaldan azad olunmuş Ağdama gəlişimizlə, atamın və digər şəhidlərimizin nigaran ruhları rahatlıq tapacaqdır”.  
Şəhid Allahverdi Bağırovun digər qızı polkovnik-leytenant Zümrüd Bağırova bildirib ki, bu gün sonuncu dəfə 6 yaşında ziyarət etdiyi atasının məzarı önündədir: “1993-cü ildə tərk etdiyim Vətən torpağındayam. Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə və qəhrəman döyüşçülərimizə öz dərin təşəkkürümü bildirirəm. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top