Bu xəstəxana “ənənəsinə” sadiq qaldı – Yenə 2 aylıq şirkəti tenderin qalibi etdi


Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.
Yeniavaz.com
 xəbər verir ki, bu cwr tender müsabiqələrində Respublika Cüzəm (Leproz) Xəstəxanasının adı xüsusi olaraq fərqlənir.
Bu gün açıqlanan məlumata görə, Respublika Cüzəm (Leproz) Xəstəxanasının keçirdiyi tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Boranlı” MMC olub. Xəstəxana kotirovka sorğusunu oktyabr ayında keçirib. “Boranlı” MMC isə cəmi 2 ay əvvəl – 13.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan bu şirkətin Cüzəm (Leproz) Xəstəxanasına 14 min 797,5 manat dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
Məlumat üçün qeyd edək ki, ötən ilin sentyabr ayında Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun 3 qalibi - "Brett-Gruop" MMC, "Azola.az" MMC və "Valmart-MK" MMC olub. Bu şirkətlərə 5 kotirovka sorğusu üzrə ümumilikdə 81 min 601,8 manat vəsait ödənilib.
Maraqlıdır ki, Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun qalibi olan bu şirkətlərdən 2-nin - "Brett-Gruop" MMC və "Valmart-MK" MMC-nin hüquqi ünvanı, qanuni təmsilçisi, nizamnamə kapitalı və qeydiyyat tarixləri üst-üstə düşür.
Hər iki şirkət cəmi 4 ay əvvəl - 21 may 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətlərin hüquqi ünvanı kimi Nərimanov rayonu, Bakı ət kombinatı, ev 3 B göstərilir. Hər iki şirkətin qanuni təmsilçisi Məmmədov Kamal Fərman oğludur.
Kotirovka sorğusunun qalibi olan 3-cü şirkətin "Azola.az" MMC-nin hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olsa da, bu şirkət də cəmi 4 ay əvvəl - 23 may 2019-cu il tarixində qeydə alınıb.
Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

 A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top