1998-ci ildə ABŞ-ın Afrikadakı iki səfirliyində törədilən partlayışların hazırlanmasına kömək etməkdə günahlandırılan Əl-Qaidə komandiri, ABŞ-ın əmri ilə hərəkət edən İsrail əməliyyatçıları tərəfindən Avqust ayında İranda öldürülüb.
Yeniavaz.com xəbər verir ki, “New York Times” bu barədə kəşfiyyat səlahiyyətlilərinə istinadən məlumat yayıb. Bildirilib ki, Əbu Məhəmməd əl-Məsri 7 avqust tarixində Əhməd Abdullahın yanından qayıdarkən Tehran küçələrində motosiklet sürən iki nəfər tərəfindən vurulub.
Qəzet Əl-Qaidənin hazırkı lideri Ayman əz-Zəvahirinin varisi kimi görünən Məsrinin öldürülməsinin bu günə qədər gizli saxlanıldığını yazıb. ABŞ səlahiyyətliləri illərdir İranda Məsri və digər Əl-Qaidə əməliyyatçılarını izlədiklərini bildiriblər.
“Times” yazır ki, Əl-Qaidə Məsrinin ölümünü elan etməyib. İran rəsmiləri isə məsələni ört-basdır edib və heç bir hökumət məsuliyyəti açıq şəkildə üzərinə götürməyib.
Ağ Ev Milli Təhlükəsizlik Şurası məsələyə şərh bildirməsi ilə bağlı mətbuatın tələbinə hələ də cavab verməyib.
Qeyd olunub ki, Əl-Qaidənin qurucu liderlərindən biri olan Məsri, qızı - keçmiş Əl Qaidə başçısı Usamə Bin Ladenin oğlu Həmzə bin Ladenin dul arvadı ilə birlikdə öldürülüb.