Yəhərüstünə ikinci həyat verilib

Milli Azərbaycan Tarixi Muzeyi milli sərvətlərimizin qorunması və bərpası sahəsində mühüm missiyanı həyata keçirir. İllər ərzində Muzeyin Bərpa Laboratoriyası tərəfindən minlərlə eksponat bərpa və konservasiya olunaraq onlara ikinci həyat verilib. Belə maddi-mədəniyyət nümunələrindən biri də XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olan yəhərüstüdür. Bu barədə saytımıza muzeydən məlumat verilib. Məlumata görə, Şuşa sənətkarlıq məktəbinə məxsus bu əl işi qırmızı məxmərdən tikilmiş, üzərinə xırda metal piləklərlə və güləbətin üsulu ilə nəbati naxışlar salınıb. Yəhərüstünün kənarında iki rəngli - sarı və qırmızı saçağı, əlavə olaraq da yaşıl məxmərdən köbəsi var. Etnoqrafik eksponatın uzunluğu: 138 sm, eni: isə194 sm.-dir.

Yəhərüstü bərpaya və konservasiyaya ehtiyacı olduğundan Muzeyin Bərpa Laboratoriyasının bərpaçı-rəssamı İlhamə Rəhimova tərəfindən bərpa-konservasiya olunub əvvəlki görkəminə qaytarılıb. Belə ki, eksponatın cırılımış və sökülmüş hissələri ənənəvi üsulla tikilib, piləklər bərkidilmə üsulları ilə bərpa olunaraq öz estetik görkəminə qaytarılıb.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top