Bakıda Xəzərin statusuna dair Azərbaycan-Rusiya məsləhətləşmələri keçirilib

Bakıda Azərbaycanla Rusiya arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib. Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə geniş fikir mübadiləsi aparılıb və Xəzəryanı ölkələrin Zirvə Toplantısına hazırlıq məqsədilə keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlərinin Müşavirəsinə qədər sözügedən Konvensiya layihəsində açıq qalan bütün məsələlər üzrə razılığın əldə olunmasının vacibliyi vurğulanıb. Bu məqsədlə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib-hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti görüşünün səmərəli yekunlaşması üçün birgə səylərin artırılması zəruriliyi qeyd edilib. Müzakirələr zamanı tərəflər bütün Xəzəryanı ölkələr tərəfindən qəbul ediləcək Konvensiyanın hər bir sahilyanı dövlətin suveren hüquqlarının təmin olunmasına və onların maraqlarına xidmət etməli olduğuna dair fikri bölüşüblər. İki ölkə arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətləri ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda aparılan məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və açıq qalan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd olunub.APA

DİGƏR XƏBƏRLƏR

Top