Bu ilin 28 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsindən verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini kobud şəkildə pozaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminə üçüncü dəfə riayət etmədiyini, eyni zamanda Bərdə şəhərində dinc Azərbaycan əhalisini qəsdən hədəfə aldığını vurğulayıb.
ABŞ dövlət katibinin müavini Stiven Biqan mülki itkilərdən ciddi narahatlığını dilə gətirib və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirib. O, gərginliyin azaldılmasının və münaqişənin siyasi həllinə nail olmaq üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini vurğulayıb.