Bu ayın əvvəli ölkə gündəmi Bakı Ali Neft Məktəbinin IV kurs tələbəsinin intiharı xəbəri ilə sarsılmışdı. Abbasov Hüseyn Maarif oğlu 14 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindən özünü atmışdı. Bu, 2016-cı ildə baş verən ilk belə hadisə deyil. Belə ki, bu ilin əvvəli Sumqayıt Dövlət Universitetinin tələbəsi Rumiyyə Qasımova, Azərbaycan Tibb Universitetinin tələbəsi Türkan Həsənzadə də həyatlarına intihar yolu ilə son vermişdilər. Bəs bu halların qarşısının alınması məqsədilə təhsil müəssisələrində hansısa tədbirlər görülürmü? Məsələ ilə bağlı universitetlərlə əlaqə saxladıq.
Bakı Slavyan Universiteti
Universitetin mətbuat katibi Elvin Hətəmov intihar hallarının olmasını insanın sosial statusuna aidiyyatı olmadığını bildirdi: “Bəli, psixoloqlar var amma hər universitetdə fərqli sistemdir. Bizdə bəzilərində təlim - tərbiyə şöbəsi bu işə baxır, bəzilərində psixologiya kafedrası və s. Amma intihar hallarının olması insanın sosial statusuna aidiyyatı yoxdur. O, tələbədir amma demək deyil ki, məhz universitetlə bağlı problemi olduğu üçün intihar edir”.
Azərbaycan Aqrar Universiteti
Təhsil müəssisəsinin mətbuat xidmətinin katibi Qalib Rəhimlinin sözlərinə görə universitetdə psixoloq yoxdur: “ADAU-da psixoloq yoxdur və bu günə kimi heç bir intihar hadisəsi baş verməyib. Universitetlərdə tərbiyə işləri üzrə prorektor olur və onlar uşaqların mənəvi dayaqları hesab edilir. Bütün gün tələbələrin arasında olan prorektor mədəni kütləvi tədbirlərdən tutmuş asudə vaxtın təşkilinə kimi daim tələbələrlə olur. Tərbiyəçi prorektorlar tələbənin şəxsi istəklərini belə dinləyir, gərəkən köməyi edirlər”.
Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası
Akademiyanın mətbuat xidmətindən Yusif Ağayev bildirdi ki, adıçəkilən təhsil müəssisəsində psixoloq yoxdur: “Konkret bu işlərlə məşğul olan olmasa da, universitetin təlim-tərbiyyəsi üzrə prorektoru müəyyən mənada tələbələrin problemləri ilə yaxından maraqlanır, çətinlik olan hallarda köməklik göstərirlər”.
Lənkəran Dövlət Universiteti
Universitetin mətbuat xidmətinin katibi Hacı Etibar təhsil ocağında psixoloqun olduğunu dedi: “Tez- tez maarifləndirici tədbirlər həyata keçirilir, tələbələrin diqqəti belə tədbirlərə yönəldirilir. Bundan başqa hər bir fakültənin dekanı tələbələrin çətinlikləri ilə tanış olub problemlərini həll etməyə çalışır”.
Milli Aviasiya Akademiyası
Akademiyanın mətbuat xidmətindən bildirdilər ki, təhsil müəssisəsində psixoloq yoxdur və buna ehtiyac da qalmır: “Ona görə ki, Akademiyada tələbələr üçün yüksək şərait yaradılıb. Yataqxanada qalma ucuz, yeməklər ucuz. Hər bir tələbəyə belə qayğı olan halda ümid edirəm ki, heç bir əlavə neqativ hallar baş verməz”.
Azərbaycan Dillər Universiteti
Sualımıza Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr departamentinin müdiri Kazımova Şəfaqət fərqli münasibət bildirib: “Bildiyimiz kimi, Azərbaycan Dillər Universiteti pedaqoji, beynəlxalq və tərcümə sahəsində kadrlar hazırlayan ali təhsil müəssisəsidir. Universitetdə 7 fakültə üzrə 7000-ə yaxın tələbə təhsil alır. Azərbaycan Dillər Universitetində universitetin Tərbiyə işləri üzrə prorektorunun başçılığı ilə müvafiq fakültə dekanları, onların müavinləri, tyutorlar tələbələrin dərsləri ilə yanaşı, onların sosial problemləri ilə maraqlanaraq nəzarətdə saxlayırlar. Bundan başqa, ADU-da Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar Təşkilatı (THT) fəaliyyət göstərir və onlar da daima tələbələrlə ünsiyyətdədirlər. Tələbələr TGT və THT-nin nəzdində yaradılmış klublara, bölmə və departamentlərə üzv olaraq asudə vaxtlarını dəyərləndirir, müxtəlif tədbirlərə qatılır, eyni zamanda öz intellektual biliklərini nümayiş etdirərək həmyaşıdları ilə bölüşürlər. Eyni zamanda, universitet tələbələrinin bilik və bacarıqlarını qiymətləndirmək üçün müxtəlif stimullaşdırıcı vasitələrdən istifadə olunur. Bu yaxınlarda Müəllimlər günü münasibəti ilə universitetin 10 nəfər tələbəsinə ADU THT tərəfindən pul mükafatı da verilib. Həmçinin, tələbələrin istifadə edə biləcəyi yataqxana fəaliyyət göstərir və burada da TGT, THT, eyni zamanda universitet rəhbərliyi tələbələrlə, onların sosial problemləri ilə yaxından maraqlanırlar. Azərbaycan Dillər Univesitetində, həmçinin Psixologiya kafedrası fəaliyyət göstərir ki, burada çalışan müəllimlər əgər ehtiyac olarsa tələbələrlə söhbətlər aparır, onlara problemlərinin həll olunmasında müvafiq köməklik göstərirlər”.
Psixoloq Fərqanə Mehmanqızı isə qəzetimizə müsahibəsində psixoloqların universitetlərlə yanaşı məktəb və bağçalarda da olmasının vacib olduğunu vurğuladı: “Mən hesab edirəm ki, bütün universitetlərdə psixoloqlar olmalıdır. Psixoloq dəstəyi gənc nəsil üçün daha çox lazımdır. Bu gün universitetlərdə nəzəri psixologiya tədris olunur, nəzəriyyəyə daha çox üstünlük verilir, psixologiya nədir, stress nədir kimi nəzəri biliklər öyrədilir. Halbuki, təhsil müəssisələrində tələbələrin müraciət edə biləcəyi konkret psixoloqların olması bir çox problemlərin həllində daha effektli olardı”.
Qeyd edək ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti kimi bəzi təhsil ocaqlarından da mövzu ilə bağlı münasibət öyrənmək istədik. Təəssüf ki, həmin təhsil müəssisələrindən bu barədə açıqlama verməkdən imtina etdilər.
Ruzbeh Məmməd