31 Dekabrın qısa tarixi

Qarabağ hadisələri rəsmi olaraq 1988-ci ilin fevralında başladı, amma bunun əsasları çox-çox əvvəllərdən atılmağa başlamış, M.S. Qorbaçovun SSRİ rəhbərliyinə gəlməsi ilə ermənilər daha fəallaşmışdılar.

1988-ci ilin fevral ayında ermənilər Dağlıq Qarabağ Vilayət Sovetinin sessiyasını çağırıb Ermənistana birləşmək haqqında qərar qəbul etdilər və… bununla da Azərbaycan üçün bəlalı günlər başladı. Həmin ilin oktyabrında ermənilər Topqapı meşəsində bir neçə ağacı kəsib yerində nə isə tikməyə başladı. Bundan sonra Bakıda və başqa yerlərdə mitinqlər, bunun ardınca Qarabağdan və Ermənistandan azərbaycanlıların çıxarılması əməliyyatı başlandı və hadisələr o qədər gərginləşdi ki, artıq tamamilə məcrasından, nəzarətdən çıxdı və müharibə ilə əvəz olundu.

İslam dininin və türk xalqlarının qatı düşməni olan M. Qorbaçov Dağlıq Qarabağı heç bir vəchlə sevimli ermənilərinə vermək istəməyən azərbaycanlılara yaxşı bir qulaqburması verməyi, eyni zamanda, müsəlman dövlətlərinin başı üstündə ikinci bir cəza dövləti – daha böyük Ermənistan yaratmaq qərarına gəlmişdi.

Sovet hökumətinin ssenarisi ilə Bakıda həyata keçirilən və Moskvanın hər vasitə ilə ruslara və ermənilərə qarşı güya məqsədyönlü təcavüz kimi qələmə verməyə çalışdığı iyrənc siyasət Azərbaycanın paytaxtında, bir sıra regionlarında ictimai-siyasi vəziyyəti gərginləşdirmişdi. Qarabağın Ermənistana ilhaq edilməsi dövlət səviyyəsində həll ediləndən dərhal sonra, əvvəlcə Sumqayıt hadisələri törədilmiş, bütün İttifaqda və beynəlxalq aləmdə azərbaycanlıların vəhşi obrazı formalaşdırılmışdı. Buna paralel olaraq da ”məzlum, cəfakeş” erməni obrazı təbliğ edilmiş, beləliklə, ermənilərin çoxdankı arzularının həyata keçirilməsi üçün yol açılmışdı. Bakı qırğınına gedən yol da bu siyasətin nəticəsi idi. Addım-addım davam etdirilən məkrli siyasət təkcə Qarabağı deyil, bütün Azərbaycanı ermənilərə peşkəş etməyə xidmət edirdi. SSRİ dövləti, hökuməti Qarabağı və Naxçıvanı Ermənistana vermək üçün hiylə işlədir, öz məntiqinə görə güya buna əlini bulaşdırmaq istəmirdi. Hətta teleşoular təşkil edir, Qorbaçov yüz milyonların gözü qarşısında erməniləri haqsız çıxarır, amma əməldə onların istədiklərini edirdi.

Qorbaçov verdiyi sözü addım-addım yerinə yetirirdi: Azərbaycan cəzalandırılacaq, ermənilər üçün geniş imkanlar açılacaq, bundan sonra “mədəni, cəfakeş, zülmə məruz qalmış” ermənilərin “ədalətli tələbi” yerinə yetiriləcəkdi. Bu məkrli planda ermənilərin çox arzu etdikləri Naxçıvan da var idi. Bakı qırğınının kölgəsində Naxçıvan ermənilərə verilməli idi. Bakı özünə gələnəcən iş işdən keçmiş olacaq, Qarabağ məsələsinin üstünə bir də Naxçıvan məsələsi gələcəkdi.

…Naxçıvanda mitinqlər ara vermirdi. SSRİ dövlətinin ədalətsizliyinə cavab olaraq yeni-yeni tələblər irəli sürülürdü: müstəqil ordunun yaradılması, hakimiyyətin partiya nomenklaturasından alınıb xalqa verilməsi, demokratik seçkilər, sərhədlərin açılması və s. Sərhədlərin açılması tələbi müstəqil ordu qurulması tələbi qədər əhəmiyyətli idi. SSRİ rəhbərliyi Qərb sərhədlərində sərhəd rejimini xeyli yumuşaltmaq barədə qərar qəbul etmişdi, amma cənub sərhədində - İran və Türkiyə ilə olan sərhəddə vəziyyət eyni qaydada davam edirdi. Üstəlik SSRİ kütləvi informasiya vasitələrinin də Azərbaycanda baş verən hadisələri qərəzli, ermənilərin xeyirinə yorumlaması xalqda böyük narazılıqla qarşılanırdı. Yerli hakimiyyət orqanları – partiya komitələri baş verən proseslərdə Moskvanın mövqeyini müdafiə etdiklərindən onlar artıq xalqın inamını tamamilə itirmişdilər. Əvəzində, İranla sərhəd boyu aksiyalar keçirilir, Arazın o tayı ilə bu tayında toplanmış əhali bir-biri ilə uzaqdan görüşür, şeirlər oxuyur, iraq düşmüş qohumlar bir-birini tapır, ağlayır, sevinir, bir sözlə, xalqın gözü qarşısında qeyri-mümkünlər mümkün olurdu. Ceyran keçməz, quş uçmaz sərhəd ayaqaltı olmuşdu.

1989-cu ilin noyabr-dekabr aylarında artıq Azərbaycan faktiki olaraq idarə edilmirdi. Dağlıq Qarabağdan olan deputatlar Azərbaycan SSR Ali Sovetinin işində iştirak eməkdən imtina etmişdilər. Kommunist Partiyası həyata nüfuz edə bilmirdi, nəticədə hakimiyyət bir neçə yerdə Xalq Cəbhəsinin əlinə keçmişdi. Kommunistlər üzdə bundan narazı görünsələr də, daxildə buna yardım edənlər də çox idi. Çünki Xalq Cəbhəsi adı ilə rəhbər işə gətirilənlər təcrübəsiz adamlar idi və çox qısa zamanda kobud səhvlərə yol verərək xalqın etimadını itirirdilər. Kommunist məmurlara da elə bu lazım idi. Yanğının üstünə benzinlə gedirdilər.

Müharibə meydanlarında məğlubiyyət üstünə məğlubiyyət, ölkədə xaos üzərinə xaos, hər şey bir-birinə qarışmışdı. Dekabrın sonlarında Azərbaycan SSR Ali Sovetinin növbəti sessiyası keçiriləcək və ölkənin siyasi vəziyyəti, növbəti seçkilərin demokratikləşdirilməsi məsələsi müzakirə ediləcəkdi.

O illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri Səkinə Əliyevada idi. Vəzifəsinə görə o və Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin İcraiyyə Komitəsinin sədri Azərbaycan Parlamenti sədrinin müavinləri idilər. Ali Sovetin növbədənkənar sessiyası dekabrın 29-a çağırılmışdı. Dekabrın 28-də Səkinə müəllimə Respublika Ali Sovetinin növbəti sessiyasında iştirak etmək üçün Bakıya getdi.

Səkinə müəllimə qapıdan çıxana qədər çıxış mətni üzərində işlədi, nəhayət kabinetindən çıxdı. O, kabinetdən çıxandan beş dəqiqə sonra Ali Sovetin Rəyasət Heyətinin Katibi qəbul otağına girdi, Səkinə müəlliməni soruşdu.

- Səkinə müəllimə getdi, - deyə cavab verdim, sonra əlavə etdim, - bu dəfə sessiya çox şənlikli olacaq, deyəsən…

Katib həmişəki vəzifəli şəxs ədası ilə dodaqlarında xəfif təbəssüm belə dedi:

- Sessiya-zad olmayacaq.

Mən ürəyimdə onun bu sözlərinə göldüm, hətta o otaqdan çıxandan sonra iş yoldaşlarıma da gileyləndim:

- Nə qəribə adamdır e... Deyir ki, sessiya olmayacaq. Heç elə şey olar?..

Amma elə də oldu. İki gün davam etməsi nəzərdə tutulan sessiya ayın 29-da başladı, amma elə həmin gün də seçkilər haqqında qərar qəbul etmədən fasilə elan etdi və fasiləyə çıxan iclas bir daha bərpa edilmədi. Səbəb bir sıra rayonlarda cəbhəçilərin rayon partiya komitələrinin qapısını mismarlayıb bağlamaları, partiya təşkilatını qovmaları, üstəlik də, sərhəd dirəklərinin sökülməsi barədə Xalq Cəbhəsinin çağırışı olmuşdu.

Əlbəttə, bu da idarə olunan bir əməliyyat ola bilərdi. Bununla sessiyanın azacıq da olsa, demokratik seçki keçirmək üçün qanun qəbul etməsinə yol verməmək, gərginliyi artırmaq, son həddə çatdırmaq ola bilərdi. Və əlbəttə, elə də oldu. Ayın 30-da Səkinə müəllimə artıq kabinetində idi. Bu da bir başqa hadisələrlə əlaqədar idi. Cəbhəçilər sərhəd məftillərinin sökülməsi haqqında qərar qəbul etmişdilər.

Həmin gün – dekabrın 30-da Səkinə müəllimənin kabinetində günorta başlayan iclas səhərəcən davam etdi. İclasda bir tərəfdən Naxçıvan Xalq Cəbhəsinin rəhbərləri, digər tərəfdən isə Azərbaycan və Naxçıvan Sərhəd Qoşunları rəhbərliyi, KQB nümayəndəsi, ordu və daxili işlər nazirliyi rəhbərləri iştirak edirdilər.

Bir gündən artıq müddətdə davam edən müzakirələr olduqca gərgin keçirdi. Hər şey ola bilərdi, silahlı, ordu ilə müdaxiləyədək hər şey. Lakin cəbhəçilər güzəştə getmək fikrində deyildilər və bu vəziyyəti daha da gərginləşdirirdi. Arada cəbhənin liderlərindən Arif Rəhimov Səkinə müəllimənin kabinetindən çıxıb mənim otağıma gəlir, buradan Əbülfəz Elçibəyə zəng vurub dövlət nümayəndələri ilə gedən söhbətin əsas məsələləri və özlərinin davranışları barədə ona məlumat verirdi. Ondan lazımi təlimatı aldıqdan sonra yenidən müzakirə otağına geri qayıdırdı. Arif Rəhimov o zaman Naxçıvan Dövlət Universitetinin filologiya kafedrasının müəllimi idi.

Bu hal səhərəcən bu bir neçə dəfə təkrar edildi. Hər dəfə mən vəziyyət haqqında bir şey öyrənmək istəyərək Arifə suallar verirdim. Verdiyim suallara isə Arif səthi cavablar verir, başını bulayır, hər dəfə “Vəziyyət gərgindir,” deyib Səkinə müəllimənin kabinetinə gedirdi. Amma bizim katib də arabir kabinetdən çıxırdı. Ondan da digər tərəfə aid məlumatlar öyrənmək olurdu. Bir dəfə hirslə kabinetdən çıxdı. Mənim təəccüblü baxışlarımla qarşılaşıb ona sual verməyimi gözləmədən belə dedi:

- Sərhəd qoşunlarının nümayəndəsi təklif edir ki, siz (yəni cəbhəçilər) işə qarışmayın, yanvarın 3-də, ən gec 4-də biz özümüz sərhəd dirəklərini sökəcəyik. Amma bunlar bir addım geri atmırlar, dediklərini deyirlər.

Beləliklə, bir gün davam edən müzakirələrdən tərəflər istənilən nəticə ala bilmədilər. Cəbhəçilər 31 dekabrda, səhər tezdən sərhəddəki tikanlı məftilləri sökəcəklərini bildirib getdilər.

Dekabrın 31-də, səhər saat 10-da "Möminə-Xatun" məqbərəsinin yerləşdiyi meydanda onlarla avtobus, minlərlə insan toplanıb sərhəddə yürüş etməyə hazır vəziyyətdə gözləyirdi. Nemət Pənahov boynuna ağ parça (kəfən) bağlayıb xalqı arxasınca sərhəddə çağırdı. Cəbhəçilərin təşkilatçılığı ilə toplananların bir hissəsi avtobuslara minib sərhəddə getdilər. Digərləri isə şəhərin mərkəzi Lenin meydanında mitinqi davam etdirirdilər.

Möhkəm qar yağırdı, amma heç kəs meydanı tərk etmək istəmirdi. Cəbhənin liderləri növbə ilə mikrofonu əllərinə alıb iqtidarı, Moskvanı tənqid edir, xalq hərəkatının mütləq qalib gələcəyi vədini verirdi. Sözü qurtaranlar isə şeir oxumaqla meydanı coşdururdular.

Bir neçə saat sonra, təqrinən saat 4-də cəbhəçilərdən kimsə kəsilmiş sərhəd dirəklərindən birini, üstündəki tikanlı məftillərlə birlikdə başı üzərində yuxarı qaldıraraq mitinq meydanına gətirdi. Meydanda qulaqbatırıcı səslər yuksəldi. Bu, indiyədək görünməmiş hadisə idi. Bu həmin dövlət sərhəddi idi ki, quş quşluğu ilə ona yaxın düşə bilmirdi. Sərhəd dirəklərinin sökülməsi, ordunun bu hadisəyə müdaxilə etməməsi artıq SSRİ kimi nəhəng imperiyanın çökdüyünün bariz əlaməti idi. Öz sərhədlərini qoruya bilməyən bir dövlət, öz varlığını qoruyub saxlaya bilərmi?

Mitinqdə Yeni il bayramı əvəzinə həmin günü Dünya Türklərinin Həmrəyliyi günü kimi qeyd etmək barədə təkliflə çıxış etmək qərara alındı.

Həmin gün Təkcə Naxçıvanda deyil, Azərbaycanın İranla sərhəddi boyu bir neçə məntəqədə də tikanlı məftillərin sökülməsi aksiyasının keçirildiyi məlum oldu. SSRİ kimi nəhəng dövlət sus-pus oturub baxırdı. Qəribə idi, amma reallıq idi. Sonra, iyirmi gün sonra sovet ordusu bunun intiqamını alacaqdı, amma indi, 1989-cu ilin 31 dekabrında uzadan seyr etməklə kifayətlənirdi.

1990-ci il Naxçıvanda belə qarşılandı. Bir il də keçəcək, Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MR Ali Məclisi həmin hadisəni - dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq qəbul edəcəkdi. Sonra, Heydər Əliyev Bakıya, ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu hadisə ölkə miqyasında bayram olaraq qəbul edildi.

O illərdə əhalinin çoxu həm bu hadisə, həm də 20 yanvar qırğınına görə yeni il bayramını qeyd etməkdən imtina etmişdi. Amma illər keçdikcə yenə millət köhnə hamamda köhnə tasla yuyunmağa davam etdi. Nə edəsən? Əgər xalq əylənməyi, yeyib içməyi düşünməkdən və milli varlığından üstün tutursa, o zaman deyiləcək söz yoxdur. Bizə düşən isə dua etməkdir: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni – 2017-ci iliniz xeyirli, bərəkətli olsun!

Nazim Fərruxoğlu

DİGƏR XƏBƏRLƏR

Top