Zəngilan sakini: “Yoldaşıma o xəbəri deyəndə mənə cavab verə bilmədi”


Uzun müddət düşmən tapdağında qaldıqdan sonra rəşadətli Azərbaycan Ordusu tərəfindən 20 oktyabr 2020 –ci ildə Zəngilan şəhəri və Havalı, Zəməli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı düşmən işğalından azad olundu. Bu xəbəri eşidən Zəngilanlılar yaşadıqları ərazidə bayram edir, qələbə sevincini yaşayırlar.
Yeniavaz.com xəbər verir ki, Zəngilan sakinləri torpaqlarının azad edilməsi ilə bağlı böyük sevinc yaşadıqlarını bildiriblər. Milli Qəhrəman şəhid Dilqəm Nağıyevin bacısı Nəzakət Süleymanova və oğlu Nurlan ilk dəfədir ki, belə qürur dolu anlar yaşadığını dedilər:
“Ordumuz, Ali Baş Komandanımız var olsun.Televiziyadan bu xəbəri eşidən kimi yoldaşımın iş yerinə zəng edib göz aydınlığı verdim, dedim daha sən köçkün deyilsən. İnanın yoldaşım çaşdığından telefonda mənə bir söz deyə bilmədi. Çünki bu xəbəri biz 27 il gözləmişik. Mən Zəngilana gəlin köçmüşəm. İlk həmin torpağa ayağımı basan kimi qaynatamın qəbrini ziyarət edib deyəcəm ki, ay qaynata ruhun şad olsun torpaqlarımız erməni işğalından azad olub. Qaynanam da bu dünyadan torpaq həsrəti ilə köçdü”.
 Nurlan hələ gənc olsa da Zəngilanı görmədiyini deyir. Amma televiziyadan o yerlərin necə gözəl bir diyar olduğunu gördüyünü deyir:
”Əmilərim, atam həmişə Zəngilanın çinar meşələrindən qızıl, metal yataqları ilə tanınan bir diyar olduğunu danışıblar. Çox tələsirəm ki, ata baba yurduna tez qovuşaq. İnşallah, ordumuzun  sayəsində bütün torpaqlarımız azad olacaq və bu sevincli günləri hələ çox yaşayacağıq”.
Məhərrəmova Bağdagül də Zəngilan sakinidir. “Bu sevincimizi sözlə ifadə etmək çox çətindir. Hər gün torpaqlarımızın bir hissəsi düşmən tapdağından xilas edilir. Bu 27 ilin həsrəti artıq sevinclə əvəzlənir,biz köçkün düşəndə 22 yaşında gənc gəlin idim. İndi 50 yaşlı bir qadın kimi geri vətənimə dönəcəm” - deyə o bildirib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top