Deputat: "Müharibəni davam etdirmək ermənilərə böyük fəlakət gətirəcək"


Xəbər verdiyimiz kimi, işğal altında olan Qarabağdakı seperatçı rejimin keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Quqasyan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüblər.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu görüşün səbəbi, ancaq vəziyyətdən çıxış yolu, müharibəni dayandırmağın üsulları və Azərbaycana ediləcək təkliflər barədə ola bilər:
“Artıq məğlubiyyəti anlayırlar və ən azı vəziyyətdən çıxış üçün öz layihələrini hazırlamaq istəyirlər. Çox güman ki, bunun üçün toplanıblar. Çünki onların toplanması hansısa bir gücün Azərbaycan Ordusunun qabağına çıxarılması mənasına gəlmir. Ermənistanın bununla bağlı resursları tükənib. Ancaq vəziyyətdən çıxış yolu, Azərbaycana nə təklif oluna bilər, ümumiyyətlə müharibənin dayanması üçün nə etmək olar - ancaq bunu müzakirə edə bilərlər. Mənim ehtimalım budur, başqa nə ola bilər? Müharibəni davam etdirmək onlara daha böyük fəlakət gətirəcək. Davam etdirməmək üçün də özlərinin cinayətkar fəaliyyətindən əl çəkmək, təslim olmaq yaxud da hansı həddə qədər geri çəkilmək və qoşunları hansı vaxta qədər çıxartmaq barədə müəyyən öhdəlik götürə bilərlər. Ancaq bununla bağlı ola bilər”.
Qeyd edək ki, Bako Saakyan və Arkadi Quqasyan Nikol Paşinyanla təxminən bir saat davam edən görüşdən sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla da görüşüblər. Daha sonra onlar birlikdə Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşə yollanıblar. Bu görüşlərdən sonra Bako Saakyan və Arkadi Quqasyan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla da görüşüblər.
Millət vəkili F. Mustafa Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfərinə də münasibət bildirib. O, bu diplomatiya sahəsində müəyyən addımlar atılmasının normal olduğunu deyib:
“Biz diplomatiya sahəsində işimizi görürük, sahədə də işimizi görürük. Heç biri bir-birinə mane olmur. Ona görə də Ceyhun Bayramovun Moskvaya getməsi, danışıqlar aparması normaldır, burada diplomatiya sahəsində müəyyən addımlar atması normaldır. Amma bunun Qarabağın azad olunmasına heç bir dəxli yoxdur, biz öz işimizi görürük. Burada da təbii ki, o cinahda da – informasiya, diplomatiya cinahında da, ağıllı formada fəaliyyətimizi davam etdirməliyik. Bunu da Azərbaycan dövləti edir. Ona görə burada narahatçılıq üçün heç bir əsas yoxdur. Azərbaycanın maraqları nə tələb edirsə, danışıqlarda da o mövqe əksini tapacaq”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top