Şərqin ən sevgili Sultanı - Səlahəddin Əyyubi


Bəzi qaynaqlarda səlib yürüşləri, bəzi qaynaqlarda isə xaçlı yürüşləri adlandırılan hücumlar Avropa xristian dünyasının, müqəddəs məkanları müsəlmanların əlindən almaq və bu torpaqlara yerləşmək məqsədilə başladılan, Orta Şərqi uzun müddət qan gölünə çevirən bir işğal hərəkatıdır. Əslində Qərb dünyasının İslam mədəniyyəti qarşısında geri qalmasını və əzikliyini də bu səfərlərin başlama səbəbləri arasında saymaq olar.
Səlib yürüşləri intiqam hissi ilə başlamış və orta şərqdəki bütün xalqlar arasında fərq qoymadan qətliamlar törədilmişdir. Qətliamlar elə qəddar və vəhşicəsinə törədilirdi ki, qərb tarixçiləri belə bu hadisələri yazmaqdan geri durmamışdılar. Səlahəddin Əyyubinin dövründə Səlib yürüşlərinin irəliləməsinin qismən qarşısı alınmış, 1180-cı ildə Xristinaların qurduğu Qüds krallığına qarşı hərbi üstünlük əldə edilmişdir. Müsəlmanlar İslam birliyini təmin edə bilmələri ilə itirdikləri yerləri 1186-cı ildə geri alaraq müdafiə mövqeyindən çıxa bilmişdilər.
 
Səlib yürüşlərinin hədəfini asanlaşdıran amillər
İslam coğrafiyasına qarşı ilk Səlib yürüşlərinin başladığı dövrdə müsəlmanlar Orta Şərqdə siyasi və hərbi əməkdaşlıqdan uzaq, xırda dövlətlər halında və öz aralarında rəqabət içərisində idilər. Onu da qeyd edək ki, mərkəzi Misirdə olan Fatimilər dövləti məzhəb olaraq şiə olduqları üçün Bağdaddakı Abbasi xilafəti ilə rəqabət halında idi. Bu da hər iki tərəfin güc itirməsinə, xaricdən gələcək düşmənə qarşı müdafiəsiz qalmalarına səbəb olurdu.

Əlbəttə İslam dünyasındakı belə bir rəqabət və münaqişə halını Səlib yürüşlərinin İslam torpaqlarına gəlmə səbəbi saymaq olmaz. Bu vəziyyət sadəcə Səlib yürüşlərinin işini asanlaşdıra bilərdi. Xristianlar İslam ölkələrinin bir hissəsini işğal etdikləri dövrdə müsəlman hökmdarlar və İslam orduları bir-biriləri ilə savaşmaqla məşğul idilər. Müsəlmanlar arasında görüş birliyi yox idi. Hər əmir və sultanın arzuları fərqli idi. İlk Səlib yürüşlərinin hədəfinə çatmasını mümkün edən əsas amil İslam hökmdarlarının bir-biriləri ilə qısqanclıq içərisində olmaları və birgə hərəkət etməmələri idi. Səlib yürüşlərinin önünü kəsəcək güclü bir İslam birliyi olmadığına görə 1098-1109-cu illərdə Tripoli, Qüds, Antakya və Urfa olmaq üzrə dörd krallıq qurulmuşdu.

Yuxarıdakı şəkildə Səlib yürüşləri nəticəsində yaranmış dövlətlərin xəritəsi verilmişdir
Xristianların İslam dünyasına daxil olduqları belə bir dövrdə məşhur ingilis tarixçisi Stanley Paulun ifadəsi ilə: “Xristian ordusu sanki çürük bir ağaca mismar vururmuş kimi ölkəyə daxil olmuşdular”. Səlib yürüşləri Bağdadda Abbasilər, Misir və Fələstində Fatimilər, İspaniyada (Əndəlüs) Əməvi xilafəti olmaqla İslam dünyasının üçə bölündüyü və xüsusilə də Abbasi və Fatimi xilafətinin bir-biri ilə çəkişmə və münaqişə halında ikən baş vermişdi.
Bəhs edilən bu münaqişələrin ən mühüm səbəblərindən biri olan Fatimi xilafətini süquta yetirmək Səlahəddin Əyyubinin ən mühüm məqsədlərindən biri idi. Səlahəddin Əyyubi Misirdə siyasi mühitə hakim olduqdan sonra müsəlmanların birliyi hədəfinə doğru hərəkət etməyə başladı. Səlahəddin Əyyubinin Fatimilər xilafətinə son verərək Misiri ələ keçirməsində əsas məqsəd İslam ordularını Səlib yürüşlərinə qarşı birləşdirmək idi. Əks halda xristianlar müsəlmanlar arasındakı münaqişə və rəqabət halından çox məharətlə öz məqsədləri üçün istifadə edə bilirdilər.
 
Səlib yürüşlərində din faktoru
Səlib yürüşləri düşüncəsinin ortaya atıldığı dövrlərdə Avropada uzun illərdən bəri aclıq, yoxsulluq və torpaq azlığı kimi problemlər hökm sürürdü. Avropa cəmiyyətində böyük bir təsirə sahib olan kilsə həm dağılan sistemin bərpası üçün həll yolları axtarır, həm də getdikcə artan gücünü Şərqə hakim olmaq üçün istifadə etmək istəyirdi. Beləlikə kilsə təbii olaraq Səlib yürüşlərinin başlamasında aparıcı rol oynamış, Şərq dünyasına ediləcək bu səfərlərdən əldə ediləcək faydaları cəmiyyətə çatdırarkən dini motivləri ön planda tutmuşdu. Kilsə səlib yürüşlərində iştirak edənlərin günahlarının bağışlanacağını, axirətdə də onlara mükafat veriləcəyini vəd etmiş, beləcə siyasi məqsədini həyata keçirmək üçün dini motivləri ön plana çıxarmışdı.
 
Səlib yürüşlərinin əsas məqsədi
Səlib yürüşlərinin tarixi ilə bağlı araşdırmalar aparan elm adamları belə bir hərəkatı ortaya çıxaran amilləri öyrənməyə çalışmışlar. Qərb dünyası Səlib yürüşlərinin əsl səbəbinin dini amillər olduğunu söyləyir. Ancaq orta əsrlərdə Avropa cəmiyyətini bu səfərlərə məcbur edən əsasən siyasi, sosial və iqtisadi amillər olmuşdur. Qərb dünyasının ortaya atdığı dini amillər isə bu yürüş və səfərlərdə sadəcə hərəkətverici qüvvə rolunu oynamışdır.
638-ci ildə Həzrət Ömərin (r.a) xəlifəliyi illərində və Həzrət Ömər (r.a) tərəfindən Qüds fəth edilmiş, şəhər müsəlmanların hakimiyyətinə keçmişdi. Bundan 457 il sonra, XI əsrin sonlarına doğru İslam dünyası həm siyasi, həm də dini (məzhəb ayrı-seçkiliyi) cəhətdən parçalanmış vəziyyətdəydi və onları bir araya gətirəcək güclü bir lider də yox idi. Buna görə də taxt və məzhəb münaqişələri ilə çalxalanan İslam dünyası Səlib orduları qarşısında müqavimət göstərə bilməmişdilər.
Səlib orduları tərəfindən Qüdsdə törədilən qətliam əsrlərcə yaddaşlarda canlı qalmışdı. Ancaq 638-ci ildə Qüds müsəlmanlar tərəfindən fəth ediləndə Həzrət Ömər (r.a) xristianların can və mal təhlükəsizliyinə, kilsələrin qorunacağına dair zəmanət vermişdi. Halbuki 457 il sonra Qüds şəhərinə daxil olan Səlib orduları şəhərdə qətliam törətmiş, öldürülənlərin sayı tam bilinməsə də şəhərdəki bütün müsəlman və yəhudi xalqı qətl edilmişdir. Hər yandan yayılan cəsəd qoxuları çox qorxunc hal almışdı. Şəhərin qala divarlarının çölünə daşınan bu cəsədlər kiçik təpələr əmələ gətirmişdi.
XI əsrin sonuna doğru Qərb dünyası əsrlər boyu Aralıq dənizinin sahillərinə hakim olan müsəlmanların gücünü qıra biləcəyini, xüsusilə də yarım əsrdən bəri Anadolu bölgəsinə yerləşməyə başlayan türkləri bu torpaqlardan çıxara biləcəyini düşünürdü. Həqiqətən də 1096-cı ildə başlayan I Səlib yürüşünün orduları hələ Qüds şəhərinə çatmadan və ordunun Qüdsə gəlib-gəlməyəcəyi hələ bəlli olmadan avropalıların əvvəlcə Urfada, sonra da Antakyada xristian dövlətləri qurmaları onların əsl məqsədlərini açıq bir şəkildə göstərirdi.
Səlib yürüşlərinin əsas hədəfi “Müqəddəs torpaqları xilas etmə” olaraq açıqlansa da bu şüar sadəcə olaraq əsas məqsədi gizlətmək üçün istifadə edilmişdir. Halbuki Qüds şəhəri Həzrət Ömər tərəfindən 638-ci ildə fəth ediləndən bu yana müsəlmanlar buranın hakimi idilər. O günə qədər xristian aləmi bu vəziyyətə çox cuzi də olsa hər hansı reaksiya verməmiş, Bizans imperiyası isə bu vəziyyəti qəbul etmişdi. 638-ci ildən sonra qeyri-müsəlmanlar Qüdsdə müsəlmanların hakimiyyəti altında hər hansı təzyiqlə qarşılaşmadan yaşamış, yəhudilər və xristianlar cizyə ödədikləri müddətcə inanclarına toxunulmadan zimmi statusunda həyatlarını davam etdirmişdilər.
XI əsrdə baş verən Səlib yürüşlərinin yaranma səbəblərindən biri də müsəlmanların ogünkü Avropanın sərhədlərinə gəlib çıxmaları və xristian qərb dünyası üçün bir təhdid meydana gətirmələri idi.
XI əsrin sonlarında başlayan Səlib yürüşləri İslam dünyasında üç əsrə yaxın bir müddətdə öz təsirini göstərmişdir. Müsəlmanlar Səlib yürüşlərinə qarşı əsasən iki bölgədə, Anadolu və Şamda mücadilə etməli olmuşdular. Xristianların işğal etdikləri torpaqlardan təmizlənə bilməsi üçün müsəlmanların bu bölgələrdə siyasi birliyi yenidən təsis etmələri lazım idi.
 
Xristian ordularının Qüdsdə törətdiyi vəhşiliklər

Səlib orduları Qüdsü ələ keçirəndə müsəlman xalq Qübbətus-Səhra və Əqsa məscidinə sığınsalar da xristianlar tərəfindən qılıncdan keçirilmiş və bir həftə boyunca müsəlman qırğınları davam etmişdir. Əqsa məscidində yetmiş mindən çox müsəlman qətl edilmişdir. Qüds şəhərini ələ keçirən xristian orduları şəhəri talan eləmiş, hətta müsəlmanlara kömək etdiklərinə görə yəhudiləri də öldürmüşdülər. Xristian orduları hədəflərinə çatmışdılar. Onların bu müvəffəqiyyətlərinin səbəbi, o illərdə birlik və bərabərlikdən uzaqlaşan müsəlman dövlətlərinin birləşə bilməməsi və öz aralarında rəqabət içərisində olmalarıdır.
Zəngilər (Mərkəzi şəhərləri Mosul və Hələb olan, Cəzirə (Yuxarı Mesopatomiya), şərqi Anadolu və Suriyada hökm sürən Türk-İslam xanədanı) səlib yürüşlərinə qarşı olduqca güclü mübarizə aparmışdılar. Zəngilər xanədanının qurucusu və ilk hökmdarı olan İmaduddin Zəngi (1127-1146) və Nurəddin Mahmudun (1146-1174) səlib yürüşləri ilə mücadilədə qazandığı zəfərlər bu bölgədə yeni bir birliyin meydana gəlməsinə səbəb olmuşdu. Zəngilər xanədanının bir növ davamı olan Əyyubilər (1171-1462) xanədanının hakimiyyətə gəlməsi ilə Şam bölgəsində İslam cəbhəsi səlib yürüşlərinə qarşı güclənmişdi.
İmaduddin Zənginin, daha sonra da oğlu Nurəddin Mahmudun xidmətində olan Əyyubilər sülaləsinin tarixdəki mühüm rolları 1164-1169-cu illərdəki Misir səfərləri ilə başlamışdır. Nurəddin Mahmudun Səlib yürüşlərinə qarşı savaşmasına yaxından şahidlik edən Səlahəddin Əyyubi xələfindən çox təsirlənmiş və Nurəddin Mahmudun ölümündən sonra bu siyasəti davam etdirmişdir. Səlahəddin Əyyubi İslam dünyasında birliyi təmin etməyə çalışmış və hər fürsətdə xristianlara ağır zərbələr vurmuşdur.
Əyyubilər xanədanının qurucusu və ilk hökmdarı olan Səlahəddin Əyyubi (1171-1193) mərkəzi Misirdə yerləşən Fatimilər dövlətinin hakimiyyətinə son verərək Suriya və Misiri birləşdirmiş (1171), güclü ordusu ilə Hattin müharibəsində (1187) xristianları məğlub edərək bir əsrə yaxın xristianların əlində olan Qüdsü geri almışdır.

Qüdsün fəthindən sonra Əyyubilər dövlətinin sərhədləri
Səlahəddin Əyyubi cihad fikrini canlı tutmaq və Qüdsü xristianlardan geri almaq üçün hər zaman güclü ordu saxlamış, dövlətin gəlirlərinin əksər hissəsini hərbi məqsədlər üçün xərcləmişdir. Əyyubilər dövləti dövründə Səlib yürüşlərinin təhlükəsi hər zaman mövcud olduğu üçün heç bir hökmdar ordunun xərclərini azaltmamışdır.
 
Nurəddin Mahmudun üç hədəfi
Səlahəddin Əyyubinin sələfi Nurəddin Mahmudun siyasi baxımdan üç hədəfi var idi. Bunlar Suriya sahilləri və Sina yarımadasındakı xristian dövlətlərini ortadan qaldırmaq, Misirdəki Fatimi dövlətinə son verərək İslam dünyasını Abbasi xəlifəsinin hakimiyyəti altında birləşdirmək və İstanbulu fəth etmək idi. Nurəddin Mahmud Abbasi xəlifəsinə yazdığı məktubda ortaya qoyduğu bu üç hədəfdən ikincisini (Misirdəki Fatimi dövlətinə son verərək İslam dünyasını Abbasi xəlifəsinin hakimiyyəti altında birləşdirməyi) həyata keçirmiş, ancaq xristian dövlətlərini tamamilə ortadan qaldıra bilməsə də Qüdsün yenidən fəth edilməsinə zəmin hazırlamışdı.
 
Səlahəddin Əyyubinin tarix səhnəsinə çıxması
Nurəddin Mahmud öz komandirlərinə xüsusi önəm vermiş və başda Səlahəddin olmaqla bir çox şəxsi həm komandirlik, həm də siyasət baxımından yetişdirmişdi. Nurəddin Mahmud tətbiq etdiyi siyasət sayəsində müsəlmanların birliyini təmin etmiş və sonradan komandirlərindən Səlahəddin Əyyubi tərəfindən reallaşdırılan Qüdsün fəthinə yol açmışdır.
Obyektiv və tərəfsiz tarixçilərə görə, xristian ordularına qarşı davam etdirilən mücadilənin ən qızğın illəri Səlahəddin Əyyubinin dövründə yaşanmışdır. Səlahəddin Əyyubi sadəcə hərbi zəfərləri ilə deyil, təşkilatçılığı, elm və mədəniyyətə verdiyi töhfələri ilə də tarixdəki yerini almışdır. Türk dünyasının böyük şairi Məhmət Akif “Çanaqqala şəhidləri” şeirində onun haqqında: “Şərqin ən sevgili sultanı” demişdir.
Səlahəddin Əyyubinin həyatı Səlib orduları ilə mübarizədə keçmişdir. Bu səbəblə onun həyatını öyrənmək bizə Səlib yürüşlərinin quruluş və mahiyyəti haqqında bir çox bilgi verir. Bəlkə də İslam cəmiyyəti Səlib yürüşləri kimi bir bəla və müsibət ilə üz-üzə gəlməsəydi, birləşərək yeni bir müdafiə strategiyası formalaşdıra bilməyəcəkdi. Həyatı boyunca cihad meydanlarında olan və bütün həyatı boyunca xristian orduları ilə mücadilə edən Səlahəddin Əyyubi İslam cəmiyyətinin özünü müdafiə etmə psixologiyasının lideridir.
 
Əqsa məscidinin minbəri
Nurəddin Mahmud gec-tez Qüdsün fəth ediləcəyinə inandığı üçün Əqsa məscidinə qoymaq üçün Hələbdə sənətkarlara çox dəyərli bir minbər düzəltdirmişdi. Səlahəddin Əyyubinin Qüdsü fəth edəndə Əqsa məscidinə qoyduğu bu minbər 762 il burada qalmış, xətib və vaizlər yeddi əsrdən çox bu minbər üzərində xütbə oxumuşlar. Bu minbər 1969-cu ildə bir yəhudi tərəfindən çıxarılan yanğında yanmışdır.

 Qüdsün fəthi və əfv etməklə qazanılan könüllər
Xristianların qurduğu Qüds Krallığını Əyyubilər dövləti süquta yetirmiş, 1187-ci ildə Qüds geri alınmışdır. Səlib orduları 88 il əvvəl on minlərlə müsəlmanı qətl edərək Qüds şəhərini ələ keçirsə də, Səlahəddin Əyyubi şəhəri geri alanda heç bir qətliam törədilməmiş, şəhər xalqı müharibə qanunları çərçivəsində əfv edilmişdir. Əqsa məscidi Səlib ordularının işğalı altında olanda saray olaraq istifadə edilmişdi. Ancaq fəthdən sonra Səlahəddin Əyyubi buranı yenidən məscidə çevirmişdir. Səlahəddin Əyyubinin bir əsrə yaxın xristianların əlində olan Qüds şəhərini fəth etməsi onu böyük bir qəhrəman halına gətirmiş, Qərb dünyasının da heyranlığını qazandırmışdır.
Səlahəddin Əyyubi Qüdsü yenidən geri alanda xristianların etdiyi kimi qətliam və zülmə əsla əl atmamış, heç bir xristianın zərər görməsinə icazə verməmişdir. Qüds şəhərini İslami qaydaların tələb etdiyi şəkildə geri almışdır. Səlib ordularının 88 il əvvəl (1099) Qüds şəhərini işğal edəndə törətdiyi müsəlman qətliamının intiqamı alınmamışdır. Şəhərdə təhlükəsizliyi təmin edən birliklər quraraq talana icazə verilməmiş, cuzi miqdarda fidyə verməklə xristian əhalinin şəhəri tərk etmələrinə imkan verilmişdir.
Qüds şəhəri xristianların əlinə keçəndə hansı qətliamların törədildiyini nə müsəlmanlar, nə də artıq məğlub olmuş xristian əhali unutmuşdu. Bu baxımdan onların etdiyi qətliamın eynisinin indi özləri üçün də tətbiq ediləcəyini düşünmələri əsassız deyildi. Tarixçilər Qüds fəth ediləndə buradakı xristian əhalinin belə bir qorxu yaşadığını qeyd edirlər. Ancaq Səlahəddin Əyyubi əfv yolunu seçmiş, şəhərdə qətliam yaşanmamışdı.
Səlahəddin Əyyubinin bu davranışı Qərb tarixçiləri tərəfindən də təqdir edilmişdir. O, həyatı boyunca İslami qaydalara görə hərəkət etmiş, şahid olduğu xristian qətliamlarının eynisini düşmənlərinə tətbiq etməmişdir. Şübhəsiz ki, o dövrdə müsəlmanların könlündə ən böyük sevincə səbəb olan hadisə Qüdsün fəthi idi. Şairlər bir çox şeirində başda Səlahəddin olmaqla Qüdsün fəthini təbrik etmişlər. Bu zəfər hər zaman müsəlmanların ağıllarında olan və həsrətlə gözlənən bir hadisə olsa da, yalnız müsəlmanların birliyi ilə həyata keçə bilmişdir.

Səlahəddin Əyyubinin Şamda Əməvi məscidinin həyətində yerləşən türbəsi
 
Mövzuya davam edəcəyik…
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top