Psixoterapevt: "Müharibəni uşaqlara izah edərkən valideynlər bu cümlələrdən istifadə edə bilərlər"


"Cəbhəyanı kəndlərdə bir ailənin evi dağılıbsa, valideyn uşağa izah etməlidir ki, biz ondan da yaxşı ev tikəcəyik. Nəzərə alınmalıdır ki, qorxu uşaqlarda zehni, psixoloji geriliyə səbəb olur. Valideynlər əsasən, "Narahat olma, biz sənin yanındayıq", "Birlikdə hər şeyin öhdəsindən gələcəyik" kimi cümlələrdən istifadə edə bilərlər. Bu, ananın övladına olan güvənini artırır".
Bu sözləri psixoterapevt Arzu Qurbanlı Yeniavaz.com-a açıqlamasında bildirib.  Onun sözlərinə görə, müharibə şəraitində valideynlər uşaqlara vəziyyəti izah edəndə səs tonuna xüsusilə diqqət yetirməli və hər şeyi olduğu kimi deməməlidirlər:
“Hazırda müharibə dövründə yaşayırıq. Bu dövrdə uşaqlara aşıladığımız hər bir davranış, onların gələcəkdə göstərəcəkləri davranışlar üçün bünövrə təşkil edir. Valideynlər bilməlidirlər ki, uşaqların 7 yaşına kimi qarşılaşdıqları hadisələr onların gələcəyini formalaşdırır və onların həyatlarına təsir edir. Müharibə dövründə görürük ki, televiziyalarda, informasiya vasitələrində məlumatlar verilir. Bunlara baxmasaq belə, cəbhə bölgəsində olan kəndlərimizdə uşaqlar, qadınlar yaşananları daha dərindən hiss edirlər. Burada ölüm var, həyəcan var, istər-istəməz bunlar yaşanır. Bu hadisələrin şahidi olan uşaqlar daha emosional davranmağa başlayırlar. Emosional davranış nədir? Yəni, uşaq başına gələn istənilən hadisəyə səbirlə davranmır, aqressiv olur. Bu təhlükəli anlarda valideyn övladına nəyisə izah edərkən işlətdiyi cümlələri doğru seçməlidir. Yəni, uşaq valideynin yanında özünü təhlükəsiz hiss etməlidir. Bunun üçün baş verənləri olduğu kimi demək lazım deyil.  Çünki uşaqların zehni elə qurulub ki, onlar baş verən hadisələrin içərisində özlərini görürlər. Valideyn bu hadisələri izah edərkən səs tonuna da diqqət yetirməlidir. Uşaq valideynin səsində güvən hiss etməlidir, qorxu yox. Düzdür, biz bilirik ki, müharibə varsa, qorxu da olacaq. Lakin bu bacardıqca uşaqlara hiss etdirilməməlidir. İstər-istəməz analarda da qorxu olur, lakin bu məqamda onların üzərinə böyük öhdəlik düşür.
Bundan başqa, biz deyirik ki, bəzi xəstəliklər ana bətnində formalaşır. Müharibə şəraitində hamilə qadın stress, həyəcan, qorxu yaşayarsa, təbii ki, bu bətnindəki körpəyə də təsir edəcək. Uşaqda nevroz və psixoloji əlamətlər özünü göstərəcək. Buna görə, hamilə qadınlar da ehtiyatlı olmalıdırlar. Bacardıqca qorxu, həyəcan hisslərinə qalib gəlməlidirlər”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top