Mingəçevirdə Səməd Vurğun anıldı

Mingəçevir şəhər 4 saylı məktəbdə xalq şairi Səməd Vurğun anılıb. Yeniavaz.com saytı xəbər verir ki, Səməd Vurğunun məşhur "Azərbaycan" şeiri ədibin 110 iliyinə həsr edilmiş ədəbi-bədii kompozisiyada ulu öndərin səsi ilə səsləndirilib. Kompozisiyaya məktəbin rəhbərliyi, Şəhər Təhsil Şöbəsi, orta məktəb direktorları, "İstək" Liseyi və "Kür" hazırlıq kursunun direktorları da qatılıblar. Şagirdlərin ifasında əvvəlcə himnimiz səslənib. Daha sonra ədibin ömür yoluna işıq salan videoçarx nümayiş olunub. Şagirdlərin ifasında şairin şeirləri, poemaları, sözlərinə yazılmış mahnılar tədbirdə səsləndirilib və marağa səbəb olub. Qeyd edək ki, məktəbdə ay ərzində Səməd Vurğunun 110 illik yubileyi ilə bağlı mahnı, şeir, inşa müsabiqəsi də keçirilib. Tədbirdə müsabiqənin qalibləri mükafatlandırılıb. Daha sonra şagirdlərin ifasında "Vaqif" dramından bir hissə səhnələşdirilib. Tədbirin sonunda məktəbin direktoru Azər Qazıyev çıxış edərək bildirib ki, ana dilimizin şeiriyyət və ahəngini dərindən duyan şair ədəbiyyatla xalq arasında möhkəm bağlılıq yaradaraq, özü də bu birliyin bayraqdarına çevrilib: "Şairin poeziyası multikulturalizmə, tolerantlığa və birliyə çağrış kimi səslənir".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top