İslamda ruh köçü varmı?


İnsanlıq tarixinin tapmağa çalışdığı ən ciddi sual və problemlərdən biri də insanın öldükdən sonra nə olacağı məsələsidir. İnsanda əbədi olma, sonsuza qədər yaşama, başqa bir ifadə ilə ölümsüz olma duyğusu vardır. İnsan bu duyğunu bu və ya digər formada həyata keçirmək istəyir.
Yeniavaz.com
xəbər verir ki, uca dinimiz İslam insanı nə sadəcə ruhdan, nə də sadəcə bədəndən ibarət bir varlıq olaraq qəbul edir. İslama görə bir insan həm ruh, həm də bədənlə bir insandır. İslamda ölüm hadisəsi insanın sonu hesab edilmir. Həyat ölümdən sonra da  “axirət” adı verilən başqa bir dünyada sonsuza qədər davam edəcəkdir. Ayə və hədislərdə dünya keçici bir yurd olaraq tanıdılmış, həqiqi həyat və həqiqi xoşbəxtliyin axirət dünyasında olacağı xəbər verilmişdir.
İslamdakı axirət inancı müsəlmanların həm ölümsüzlük arzusuna, həm də mütləq bir ədalətin gerçəkləşməsi məsələsinə tutarlı cavablar verir. Hər bir insanın yaxşı və ya pis bütün əməllərinin hesabını verəcəyi axirət yurdu mövzusu İslamın əsasları və vazkeçilməzləri arasındadır. Quranda həşr (dirilmə), axirət, hesab, mizan, əməl dəftəri, cənnət, cəhənnəm və.s axirət aləmi ilə bağlı o qədər ayə var ki, bunları görməzlikdən gəlmək və ya bu ayələri fərqli mənalara yozmaq mümkün deyil.
İslam dini insana axirət üçün hazırlıq etməsini, bu dünyanın keçici, axirət dünyasının isə qalıcı olduğunu təlqin edir. Ancaq axirətin varlığını qəbul etməyən tənasüx və ya reinkarnasiya görüşündə isə bu dünya əsasdır və hər şey burada cərəyan edir. Bu görüşə görə insanların əməllərinə görə mükafat və ya cəza varsa, o da elə bu dünyada, insan ruhunun bir sonrakı bədənlə bu dünyaya gəlməsi ilə olur.
İnsana şəxsiyyət qazandıran sadəcə onun ruhu deyil, bununla yanaşı onun bədəni, xarici görünüşüdür. Axirət həyatının insanı tətmin edəcək bir həyat olması üçün insanın orada ruh və bədən birliyi ilə tam şəkildə olması lazımdır. Bu dünyada insan şəxsiyyət və kimliyini ruh və bədəndən biri olmadan, sadəcə ruh, ya da sadəcə bədən olaraq davam etdirə bilmədiyi kimi, axirət həyatında da insanın bədəninin olması lazımdır.
Ruh köçü, ya da ruhun bədəndən-bədənə keçdiyini iddia edən görüş və nəzəriyyələrdə isə axirət aləmi yoxdur. Bu nəzəriyyələrdə insanın varlığının bir parçası olan ruh da müəyyən bir bədənə sahib deyil. Ancaq burada ciddi əxlaqi problemlər ortaya çıxır: “Bir çox bədən dəyişdirən ruh hansı bədəndə işlədiyi əməllərə görə cəza ya da mükafat alacaq, bir ruh hansı bədənlə işlədiyi əməllərindən məsul tutulacaq?”

Yuxarıdakı rəsmdə reinkarnasiya düşüncəsinə görə kamilliyə doğru təkamül edən ruhun inkişaf mərhələlərinin təsviri göstərilib.
 
Reinkarnasiya inancının ortaya çıxardığı bəzi əxlaqi problemlər
İnsanlar yenidən dünyaya gəlmə düşüncəsinin arxasında gizlənərək etdikləri yanlış və pis əməllərə çox rahatlıqla bəhanə tapa bilərlər. Belə bir vəziyyət cəmiyyətdə sosial anarxiyanın baş verməsinə gətirib çıxara, əxlaqi aşınmaya səbəb ola bilər.
Əgər öldükdən sonra ruhun başqa bir bədəndə təkrar həyata dönməsi varsa, belə olan halda insanlar həyatları boyunca özlərinə nə üçün hər hansı sərhəd və məhdudiyyətlər qoysunlar? Nə də olsa etdikləri yanlışları bir sonrakı həyata gəlişdə düzəldə biləcəklər! Bu anlayışda olan insanlar hər cür pisliyi edə, hər kəsə zərər verə bilərlər. Belə bir vəziyyət əxlaqi dəyərlərin ortadan qalxmasına səbəb olacaq, yaxşı və pis məfhumları heç bir məna ifadə etməyəcək. Bu minvalla reinkarnasiya fikri, yəni insan həyatının sona çatmasından sonra ruhun yenidən başqa bir bədənə köç etməsi anlayışı əxlaqi baxımdan uyğun deyil.

Reinkarnasiya anlayışının təsvir edildiyi bir rəsm
 
Reinkarnasiya və tənasüx arasındakı fərq
Əslində həm reinkarnasiya, həm də tənasüxə ruh köçü, ya da ruhun bədən dəyişdirməsi desək də bu iki məfhum arasında bəzi fərqlər var. Reinkarnasiya anlayışında əsasən ruhun təkamülündən söhbət gedir. Burada insanın dəfələrlə və təkrar olaraq dünyaya gəlməsinin səbəbi ruhun təkamül prosesini tamamlamasıdır. Ancaq tənasüxdə isə təkamül fikri yoxdur.
Ruhun insan bədənindən ayrılaraq yenə məhz başqa bir insan bədəninə getməsi reinkarnasiya anlayışında var. Tənasüx anlayışında isə insan ruhu həm insan, həm də bitki və heyvanların bədəninə keçməsi mümkündür. Reinkarnasiya sadəcə insan ruhunun təkamülünü əsas alan bir nəzəriyyədir. Tənasüxdə isə təkamül deyil, cəza və mükafat üçün dünyaya yenidən gəlmə var. Bu səbəblə tənasüx inancına görə, bir insanın cəzalandırılması üçün o heyvan olaraq yenidən bu dünyaya gəlir. Reinkarnasiya nəzəriyyəsindəki təkamül prosesində isə geriləmə olmaz.
 
Yenidən dünyaya gəlməyin mümkünsüzlüyü

Quran ayələrində insanların dünyaya yalnız bir dəfə gələcəyini və təkrar gəlmək üçün “kaş ki” deyənlərin bu istəklərinin qəbul edilmədiyi xəbər verilir. Yer üzünün xəlifəsi olaraq yaradılan və bütün yaradılanlar içərisində müstəsna yerə sahib olan insana, yer üzündə etməli olduğu missiya və vəzifələr verilib. Verilmiş bu vəzifə və missiyaları yerinə yetirməsi üçün də insana bir ömürlük zaman verilmişdir. Bəs görəsən bu qədər çətin bir vəzifə üçün bir ömür bəs edərmi? Bu iş üçün dünyaya bir neçə dəfə gəlmək lazım deyilmi? Bu sualın cavabını bir mənalı olaraq Quran ayələrində görürük: “Allah hər kəsi yalnız onun qüvvəsi yetdiyi qədər yükləyər” (Bəqərə, 2/286). Bu halda insana düşən əsas vəzifə ona verilən imkanı yaxşı dəyərləndirib əbədi səadəti qazanmaqdır. Verilmiş vaxtı yaxşı dəyərləndirməyən və öldükdən sonra həqiqəti görənlər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm!” (Muminun, 22/99-100) deyə yalvaracaqlar. Ancaq onların bu istəkləri qarşılanmayacaq və yenidən dünyaya qaytarılmayacaqlar: “Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır (Muminun, 22/100).
Əslində insanın bu vəziyyətə düşmədən tədbir alması lazımdır. Təəssüf ki, insanın qəflət içində olduğu, sanki dünyada əbədi yaşayacaq, ya da yenidən dünyaya gələcəkmiş kimi  hərəkət etdiyini Quran ayələri belə xəbər verir: “İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər” (Ənbiya, 21/1).

Quranın vəd etdiyi cənnət və cəhənnəm səhnələrinə nəzər yetirdiyimizdə burada sadəcə ruhani əzab və ya mükafatdan bəhs edilmədiyini görürük. Ayələrdə anladılan axirət inancında bədənsiz ruhların cəza və ya mükafat alacağından bəhs edilmir. Əksinə axirətdə cəza və ya mükafat alacaq insanın ruh və bədən bütünlüyü içərisində olacağını görürük.
Quran ayələrində “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” deyən kəslərin geri qaytarılsalar belə yenə də eyni əməlləri edəcəkləri, yəni heç bir şeyin dəyişməyəcəyi xəbər verilir: “Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!” (Ənam, 6/27-28).
Bəqərə surəsində buyurulduğu üzrə günahkarların dünyaya qayıtmaq istəmələri bir yana, öldükdən sonra cəhənnəm əzabından qurtulma istəkləri belə yerinə yetirilməyəcək. Əksinə ölümsüz bir şəkildə sonsuza qədər orada qalacaqlar: “O zaman (bütpərəstlərə) tabe olanlar: “Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”, - deyərlər. Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər” (Bəqərə, 2/167).
Qeyd edək ki, dünyaya dönmənin mümkün olmadığını vurğulayan bu ayələri fərqli bir şəkildə izah etmək, əks mənalar çıxarmağa çalışmaq Quranın məna bütünlüyünə zidd olan davranışdır.
 
İslamdakı yenidən dirilmə ilə tənasüx arasındakı fərqlər
Quranın qəbul elədiyi öldükdən sonra yenidən dirilmə ilə tənasüx inancındakı yenidən dirilmə arasında bir çox fərqlər var.
  1. İslamdakı yenidən dirilmə bütün insanlar üçün eyni anda toplu olaraq baş verəcək. Tənasüx düşüncəsində isə yenidən dirilmə fərdi şəkildə baş verir.
  2. Tənasüx düşüncəsinə görə bütün yenidən dirilmələr bu dünyada baş verir. Əslində ruhların sonsuza qədər bədən dəyişdirdiyini iddia edən tənasüx anlayışına görə yaşadığımız bu maddi dünya da əbədidir. Bu məntiqin nəticəsi olaraq tənasüx anlayışında cənnət və cəhənnəm də elə bu dünyadadır. Ancaq uca dinimiz İslamda yenidən dirilmə bu dünyadan ayrı bir məkanda olacaqdır. Quran ayələrində mövcud olan bu kosmik sistemin qiyamətin qopması ilə pozulacağından bəhs edilir.
  3. Uca dinimiz İslamda yenidən dirilmə tamamilə Cənab Allahın (c.c) qüdrəti və iradəsi ilə baş verəcək olan bir hadisədir. İslamda bir insanın dünyadakı əməllərinin axirətdə qarşılaşacağı hal və vəziyyətlə bağlı mühüm rolu olsa da, yenidən dirilmə hadisəsini sadəcə insanın əməllərinin nəticəsi olaraq görmək mümkün deyil. İslamda axirət və yenidən dirilmə hadisəsi insan iradəsinin deyil, Uca Yaradanın iradəsi daxilində, Onun (c.c) istəməsi ilə reallaşacaq. Ancaq misal üçün Hind tənasüx düşüncəsində yenidən dirilmə insanın əvvəlki həyatında etdiklərinin məcburi bir nəticəsi olaraq baş verəcək.
 
Reinkarnasiya düşüncəsinin ortaya çıxma səbəbləri
Yenidən doğuş və ya yenidən dünyaya gəlmə düşüncəsi tarixin qədim dövrlərinə qədər gedib çıxan bir inancdır. Kim ya da kimlər tərəfindən ortaya çıxarıldığı tam olaraq bilinməyən reinkarnasiya inancının bir sıra ortaya çıxma səbəbləri var. Ruh, bədən, ölüm, ölümdən sonra nələrin olacağı kimi sual və məsələlər fərqli mədəniyyətlərdə müxtəlif şəkildə başa düşülmüş və izah edilmişdir. Unutmayaq ki, ruhun mahiyyəti, insanın önündə duran ölüm gerçəyi və ölümdən sonrakı həyatla bağlı bilgilər təcrübə yolu ilə əldə ediləcək məlumatlar deyil. İnsanın öz dünya görüşü ilə sınanmasının, həmçinin insan idrakına sığa bilməyən bu kimi məsələlər beləcə də fərqli-fərqli reinkarnasiya anlayışlarının doğmasına səbəb olmuşdur.
 
Reinkarnasiya fikrinin qəbul edilmə səbəbləri

Reinkarnasiya fikrinin insanlar tərəfindən qəbul edilməsinin iki əsas səbəbi var. Birinci səbəb: İnsanlarım ölüm qarşısında hiss etdikləri qorxu və təşvişə qalib gəlmə cəhdləridir. İkincisi isə bir insanın sosial həyatda, cəmiyyət içərisində gördüyü və mövcud olan ədalətsizliklərə məntiqli bir izah gətirməyə çalışmasıdır. İnsanların bir qisminin zəngin, bir qisminin kasıb, bir qisminin sağlam, bir qisminin fiziki məhdudiyyətli, bir qisminin ağ və ya qara dərili olması və s. kimi hallar “ədalətsizlik” kimi qəbul edilərək bütün bunların tənasüx və ya reinkarnasiya yolu ilə sonrakı bədənlərdə aradan qaldırılacağı fikri mövcuddur. Bu düşüncəyə görə insanların qarşılaşdığı hər cür mənfi, pis və neqativ hallar əvvəlki həyatlarında etdikləri əməllərin qaçılmaz nəticəsidir. Buna görə də tənasüx və reinkarnasiya inancı ilə bəzi insanlar bir yandan ruhlarındakı əbədi yaşama arzusunu tətmin etmiş, digər yandan isə məsuliyyətdən qurtularaq istədikləri kimi yaşamanın yolunu tapmış olurlar.
Gerçək dinin işığından uzaq qalan bəzi insanların ruhlarındakı sonsuz yaşama susuzluğunu aradan qaldırmaq üçün bir təsəlli vasitəsi olaraq belə bir düşüncəyə yönəlməkdən başqa hansı çarələri ola bilər ki?
 
Reinkarnasıya inancının çıxmazları
Hər varlığın bədəni ruhuna uyğun olaraq yaradılmışdır. Bütün ruhlar öz bədənləri ilə bir məna ifadə edirlər. İnsan ruhunun bir heyvan bədənində rahatlıq və hüzur tapması, ya da yırtıcı bir heyvan ruhunun misal üçün bir eşşəyin bədənində öz potensialını ortaya qoya biləcəyini fərz etmək əqli, mənqiti və fəlsəfi cəhətdən absurddur.
Reinkarnasiya inancına görə yenidən dünyaya gələn hər bir körpə özü ilə sadəcə əvvəlki qabiliyyətlərini gətirmir, yeni həyatında da qazanacağı yeni qabiliyyətlərlə ruhunu daha da olğunlaşdırır. Beləcə yeni qabiliyyətlər və güclərin əldə edildiyi düşünülür. Ancaq bu düşüncəyə görə yeni dünyaya gələn bir körpənin eyni zamanda köhnəlmiş və yaşlı bir ruhla dünyaya gəldiyi həqiqəti də gözdən qaçır. Bu məqamı psixoloq Miss Doughall bu şəkildə izah edir: “Tənasüx düşüncəsi əl dəyməmiş bir ruhun başlanğıcı olaraq görünən gözəl, şirin və məsum körpəlik və uşaqlığı böyük bir ilana çevirir. Tənasüx inancının hər hansı bir ananı uşağının gözlərindəki parıltıya baxaraq daha əvvəlki saysız həyatlar içərisində, yəni ruhun vəhşi və mədəni təcrübələrdən keçərək sırası ilə fahişə və ya pozğun bir şəxs, qurban və ya cəllad, evdar qadın ya da savaşçı, siravi bir şəxs və ya kamil bir insan, ya da yüzlərcə dəfə bunlardan biri olaraq gəldiyinə inandırması son dərəcə çətindir” (Turan Koç, Ölümsüzlük Düşüncesi, İstanbul 1991, s.159).

Belə bir baxış tərzi dünyaya yeni gözlərini açan körpələrin şəfqətlə böyüməsinə mane olur. Ağıla gələn bu suallar səbəbilə uşaqlarına “ətrafı hiyləgər gözlərlə seyr edən qocalmış bir ruhun yeni versiyası” gözü ilə baxan ana və ata o uşağı necə böyüdəcək və onu necə himayə edəcəklər? Burada başqa bir problem də odur ki, insanların ruhlarının milyard illərlə təkamül etdiyi söylənilir. Bu halda nə üçün dünyamızın halı gün keçdikcə daha da pisləşir? Nə üçün sistemli bir şəkildə yaxşıya doğru gedişat müşahidə olunmur?
Bir tərəfdə zəiflərin əzildiyi, aclıq və susuzluq səbəbilə milyonlarla insanın öldüyü bir dünya, digər tərəfdə də zövq-səfa içərisində sanki bütün bunlardan xəbərsiz yaşayan kütlələrin dünyasını görürük. Müharibələrin daha ölümcül və qalıcı təsirlər buraxdığı, cinayətlərin artdığı bu dünyada təkamüldən deyil, təxribatdan, geriyə doğru getməkdən söhbət açıla bilər. Bu sadalananların hamısı təkamül etdiyi iddia edilən insan əli ilə baş verir. Halbuki reinkarnasiya düşüncəsində olduğu kimi təkamül qanunu olsaydı, təkamül etmiş ruhların saylarının artdığını düşünsək, bu suçların azalması lazım idi. İndiki vəziyyət isə bunun belə olduğunu göstərmir.
Tənasüx inancındakı insan ruhunun təkamül və kamilliyə çatması üçün onlarla, yüzlərlə bədən dəyişdirərək uzun və yorucu bir səyahətə çıxması Cənab Allahın (c.c) rəhmət və lütfünə ziddir. Çünki O (c.c) istədiyi vaxt günah və çirkab içərisindən aldığı ən dəyərsiz şeyləri belə ən dəyərli bir qızıl halına gətirə bilər.
Həzrət Peyğəmbərimizə (s.ə.s) tabe olan insanlar içərisində uzun və kirli bir keçmişə sahib şəxslər də var idi. Ancaq o kirli keçmişdən sonra o insanlar səhabə adını almış və az vaxt içərisində çox yüksək mövqelərə yüksəlmişlər. Qısa bir zaman kəsiyində mənən belə yüksək mərtəbələrə çıxmaq Cənab Allahın (c.c) lütf və inayətini göstərdiyi kimi, tərəqqi, inkişaf və yüksəliş üçün ruhun bədəndən-bədənə keçərək yer dəyişdirməsinin də yersiz olduğunu göstərir.

Hər bir bədən üçün ayrı-ayrılıqla ruhlar yaratmaq sonsuz qüdrətə sahib olan Cənab Allah (s.ə.s) üçün çətin deyil. Bir ruhu yüzlərlə bədənə  salıb çıxarmaq da sonsuz qüdrətə sahib Uca Yaradan (c.c) üçün heç də çətin deyil, ancaq İlahi kitablar bu iki düşüncənin heç birinin həqiqəti ifadə etmədiyini göstərir və bildirirlər ki, hər bədən bir ruhla yaradılıb, yaşayıb və həşr olunacaq.
Dünyada yaşayan yeddi milyard insanın heç olmazsa bir neçə milyonunda başqa bədəndəki həyatına dair bəzi işarələr olmalı idi. Həmçinin bəzi şəxslərdə bir neçə dəfə dünyaya gəlib-getmiş olmalarına görə çox zəngin bir dünya görüşünə və beynəlmiləl mədəniyyətə sahib olmaları lazım idi. Gəlin bu kimi insanların saylarının dünya əhalisinin sayı ilə müqayisədə sadəcə mində bir olduğunu qəbul edək. Belə olanda belə, hər yandan bu kimi insanlarla qarşılaşma ehtimalımız çox böyük olacaqdı. Ancaq belə insanlarla qarşılaşmırıq…
İçində yaşadığımız cəmiyyətdə daha əvvəl başqa bədənlərdə yaşamış köhnə, ya da yaşlı bir ruhu daşıyan hər bir fərdin 3-4 yaşına çatan kimi əvvəlki həyatlarına dair xatirələrini yadına salması lazım idi. İndiyə qədər qeydə alınmış belə bir hadisə yoxdur. Bəzi dahi və ilhama açıq şəxslərdə bəzi qeyri-adi hallar müşahidə edilsə də bu daha əvvəl yaşadığı həyatdan qalan hazır məlumatların istifadə edilməsi deyil, yüksək fətanətin, əşya və hadisələri qavramasından ibarətdir.
Bu günə kimi digər canlılarda insan xüsusiyyətləri daşıyan hər hansı işarəyə rast gələn olmayıb. Halbuki daha əvvəlki bədəndə qazanılan bir sıra xüsiyyətlərə sahib olan bir ruh heyvanlar, həşaratlar, bitkilər və s. kimi nə qədər aşağı səviyyədə bir həyat yaşasa da, əvvəlki həyatdan bir sıra işarələr göstərməsi qaçılmazdır. Botanika sahəsindəki elmi çalışmalar nə qədər inkişaf etsə də tənasüx inancını dəstəkləyəcək hər hansı qeyri-adi hadisəyə rast gəlinməyib.

Tənasüx və reinkarnasiya heç bir elmi təcrübəyə əsaslanmayan, əqli və məntiqi dəlildən məhrum olan, həmçinin ilahi vəhyin dəstəkmədiyi xürafə bir inancdan başqa bir şey deyil. Yaradılış olaraq çox şərəfli olan insanın belə bir xürafata bel bağlaması, ona inanması düşünülə bilməz.
 
Qeyd: Yazının hazırlanması aşağıdakı mənbələrdən istifadə edilmişdir…
Mustafa Ünverdi, “İslamda ahiret inancı ve reenkarnasyon”, Çukurova Universiteti, Adana – 2003
Mehmet Bulğen, “Reenkarnasyon ile ilişkilendirilen ayetlerin değerlendirilmesi”, Marmara Universiteti, İstanbul – 2005
Galimbek Sharivkhan, “Kuranda ölüm sonrası ve reenkarnasyon”, Səlcuq Universiteti, Konya – 2010
Veysel Güllüce, “Reenkarnasyon iddaları karşısında Kuranı-Kerim”, Erzurum – 2001
Ahmet Navruz, “İbn Sinada tenasühün reddi”, Ankara Universiteti, Ankara - 2018
https://islamansiklopedisi.org.tr/tenasuh
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top