
Mələklər güclərini daha üstün qaynaqdan alan, dolayısı ilə müstəqil səlahiyyətləri, yəni seçim imkanı olmayan, onları vəzifələndirən Uca Allahla (c.c) insanlar arasında vasitəçi olan xoş niyyətli ruhani varlıqlardır.
Quranda yer üzünə göndərilən ilahi dinlərin hamısının mələk vasitəsilə Allah (c.c) qatından peyğəmbərlərə çatdırıldığı, İslam dininin də eyni şəkildə bir mələk (Cəbrayıl) vasitəsilə endirildiyi xəbər verilir. Mələkləri duyğu orqanlarımızla qavramasaq da, onlar insanlarla eyni aləmi bölüşən ruhani varlıqlardır.
Yeniavaz.com xəbər verir ki, İslam inanc sistemində “Allah-mələk-kitab-peyğəmbər-insan” arasındakı əlaqəni təmin edən ən mühüm ünsürlərdən biri məhz mələklərdir. Təbii ki, Allah-Taala (c.c) sonsuz qüdrət sahibidir və yaratdıqları ilə hər cür ünsiyyət, rabitə qurmaq imkanına sahibdir, ancaq Allah-Taala hər şeyi müəyyən qanunlara, səbəblərə bağlayır və bu mövzuda rabitəçi kimi mələkləri vəzifələndirmiş, onları bu uca məqamla şərəfləndirmişdir. Bu baxımdan ayə və hədislərdə iman əsasları sıralanarkən mələklərə iman, Uca Allaha (c.c) imandan sonra ikinci yerdə gəlir (Bəqərə, 2/286).
Quranda mələklərə imanın Cənab Allaha (c.c) imandan sonra, kitablara və peyğəmbərlərə imandan isə əvvəl gəlməsi, mələklərin Allah (c.c) ilə rəsulları arasındakı əlaqəni təmin edən vasitəçi olduqlarına görədir. Allah (c.c) və peyğəmbər arasında, ümumi olaraq da Allah (c.c) və bəndələri arasında ilahi bilginin axışında vasitəçi vəzifəsini icra edən mələklərin varlığına iman, eyni zamanda peyğəmbərə iman etməkdir. Mələklərin varlığını inkar isə peyğəmbərliyi inkar etmək sayılır. Bu halda peyğəmbərlərə və onlara endirilən səmavi kitablara imandan əvvəl, onlara peyğəmbərliyi gətirən, vəhyi, ilahi buyruqları endirən mələklərin varlığına qəti olaraq iman etmək lazımdır.
“Mələk” kəliməsi sami dil qrupuna aid olan həbəş, ibrani və ərəb dillərində “göndərmək” mənasına gəlir. Mələk kəlməsi “xəbərçi, elçi, qüvvətli, idarə edən” mənalarını da ehtiva edir.
Yəhudilik, Xristianlıq və İslam kimi vəhyi əsas alan səmavi dinlərdə Allah ilə insan arasındakı əlaqə və münasibəti təmin etmə funksiyası mələklərə verilmişdir. Politeist (çoxallahlı) dinlərdə isə səmavi dinlərdə mələklərə yüklənən funksiya və vəzifələr bəşəri varlıqlara, misal üçün təsvir etdikləri ilahlara verilmişdir. Monizmin əsas alındığı dinlərdə isə insanla tanrı arasında hər hansı məsafə olmadığı üçün (Monizmə görə Tanrı hər şeydir və hər şey Tanrıdır) mələk və buna bənzər vasitəçilərin rolu azaldılmışdır. Bununla birlikdə insanların ilah və ya tanrı ilə münasibət qurması üçün təsirli bir vasitəçi olan mələklər və mələklərə bənzər ruhani varlıqların mövcudluğu bütün dinlərdə vardır. Bir sözlə mələk inancı İslam dini ilə ortaya çıxmamışdır, İslamdan əvvəlki din və mədəniyyətlərdə də mələk kimi gözlə görünməyən varlıqlara inanılırdı.
Mələklərin mahiyyəti
Mələklər duyğu orqanları ilə hiss edilməyən, maddi olaraq bir vücuda sahib olmayan, həqiqi mahiyyətlərini sadəcə Allahın (c.c) bildiyi, bioloji baxımdan şəhəvi duyğulardan uzaq, nəfsani arzulardan təmizlənmiş, günah və xəta işləmək imkanından məhrum metafizik varlıqlardır.
Ülvi varlıqlar olan mələklər qeyb aləminin nurani və ruhani varlıqları olduğu üçün insanlar onları duyğu orqanları ilə qavraya, ağıl yolu ilə dərk edə bilmirlər. Bu vəziyyətdə onların varlığı ilə bağlı əldə Quran və Həzrət Peyğəmbərimizin (s.ə.s) səhih hədisləri olmaqla iki qaynaq qalır. İnsanın duyğu orqanları yaradılış olaraq kainatdakı hər şeyi qavraya biləcək şəkildə yaradılmayıb. İnsan gözü ilə çox balaca varlıqları görə bilmədiyi kimi, hava, ruh, duyğu, ağıl və elektrik kimi varlığından əmin olduğu bəzi şeyləri də görə bilmir. Ancaq ağıl bu varlıqların mövcud olduğunu qəbul edir.
Gözlə görə bilmədiyimiz külək və qasırğa ağacları kökündən çıxara, evlərin, binaların dam örtüklərini uçura biləcək güc və qüvvətə sahibdir. Hər il yüzlərlə belə hadisələrə şahid olduğumuz halda külək və qasırğadakı bu qüc və qüvvəti məhz görə bilmədiyimizə görə inkar etmirik.
Elektrik gücü bir düyməyə basmaqla böyük bir zavodu, böyük çarxları, iş alətlərini işlək hala gətirir. Elektrikdəki bu potensial gücü biz nəticəsi və ortaya çıxardığı əsərindən anlaya bilirik. Ancaq bu gücü bu günə kimi heç kim görməyib, həmçinin bu günə qədər elektrikdəki bu gücü inkar edən də olmayıb. Nəticəsini gördüyümüz, ancaq özünü müşahidə edə bilmədiyimiz yerin cəzb etmə xüsusiyyəti, suyun qaldırma gücü hamı tərəfindən qəbul edilən, ancaq heç kəsin görmədiyi xüsuslardan bəziləridir.
Bir şeyi görməmək onun yoxluğuna dəlalət etmir
Əslində mələklərin varlığını ağıl yolu ilə də dərk etmək olar. Çünki ağıl öz işləmə mexanizmi içərisində onların mövcudluğunun qeyri-mümkün olmadığını, əksinə bunun mümkün olduğunu deyir. İnsanın görməsi, bütün varlıq aləmi ilə müqayisədə çox məhduddur. Dolayısı ilə insanın gözlə görmədiyi hər hansı şeyə “yoxdur” deməyə əqli, mənqiti və mənəvi baxımdan haqqı çatmır. Elə şeylər var ki, varlığınından əmin olduğumuz halda onları görə bilmirik. Bir sözlə, görməmək yoxluğa dəlalət eləmir. Necə ki, biz insanlar duyğu orqanlarımızla yalnız bu orqanların ölçü dərəcəsinə daxil olanları görə, duya, dada, eşidə, quxusunu ala bilirik.
Mələk və insan arasındakı fərqlər
Mələklər, “Allahın onlara əmr etdiyi şeylərə üsyan etməz və nə əmr edilmişsə onu yerinə yetirirlər” (Təhrim, 66/6). Bu xüsusiyyət məhz mələklərə aid olan xüsusiyyətdir. İnsan isə əsla mələk kimi deyildir. Allahın (c.c) əmrlərinə itaət etmədə insan mələklər kimi daim eyni xətt üzrə deyil, eniş-yoxuşlu və ziqzaqlı bir yol üzərindədir. İnsan mənən mələklərdən üstün bir mövqeyə gələ biləcəyi kimi, ağılsız, şüursuz varlıqlardan daha aşağı səviyyəyə də enə bilər. Ancaq mələklərin məqamı sabitdir. Mələklər nurdan yaradıldıqları üçün insan və cinlərdə olduğu kimi onlarda üsyan və başqaldırma imkanı yoxdur.
Mələklərdə cinsi ayrılıq, yəni kişilik və qadınlıq yoxdur. Onlar qəzəb, kin, həsəd və qısqanclıq kimi pis hisslərə sahib deyillər. Mələklər yemir, içmir, ümumiyyətlə ac olmaz və susamazlar. Onlar hər hansı işin icrasından yorulmazlar, dolayısı ilə həm də dincəlməzlər. Mələklər hər bir işi Allah (c.c) adına edərlər və hər əmri yerinə yetirəndən sonra xoş bir ləzzət alarlar. Mələklər mənən inkişaf etməzlər və rütbələri yoxdur. Ancaq yaradılışdan onlara verilən dərəcələrinə görə Allaha (c.c) ibadət edərkən dərin bir həzz və feyiz alarlar.
Mələklərin qidası
İnsanın yaşaması üçün su, hava və işığa ehtiyacı olduğu və müxtəlif qidalarla qidalandıqları kimi, mələklərin qidası da Allahı (c.c) zikr, həmd və təsbih etmək, Ona (c.c) ibadət etməkdir. Hətta bəzi hədislərdə xəbər verildiyi üzrə gözəl qoxu da mələklərin qidası arasındadır. Mələklər gözəl qoxudan zövq alırlar. Burada onu da qeyd edək ki, səlim fitrəti ən üst səviyyədə təmsil edən Həzrət Peyğəmbərimiz (s.ə.s) də gözəl qoxudan xoşlanar və istifadə edərdi (Nəsai, İşarətun-Nisə, 10).

Mələklərə bənzəməyin fəziləti
Mövlananın dediyi kimi, insanda həm heyvanlara, həm də mələklərə aid xüsusiyyətlər var. İnsan bir yandan qəzəb, kin, nifrət, şəhəvi duyğular və.s kimi heyvanlarla ortaq hisslərə sahibdir. Digər yandan da insana Allahı (c.c) bilib tanıma, ona ibadət etmə, Uca Yaradan (c.c) qarşısında öz acizliyini dərk edib anlama kimi mələklərə aid xüsusiyyətlər də verilmişdir.
İnsan, ona verilən mələklərə xas xüsusiyyətləri inkişaf etdirmək, heyvani hiss və duyğuları isə tərbiyə etmək məqsədilə bu dünyaya göndərilmişdir. İnsanda bir toxum halında var edilmiş mələklərə xas xüsusiyyətləri inkişaf etdirənlər digər aləmdə bunun mükafat və qarşılığını görəcəklər. Həmçinin insanda var olan heyvani hiss və duyğuları önə çıxaran, bunları inkişaf etdirib bəsləyənlər, şəhəvi duyğularının əsiri olanlar da bunun cəzasını çəkəcəklər.
İnsanla mələk arasındakı əlaqə bütün həyat boyunca davam edir. Hətta bu əlaqə axirətdə əbədi olur və sonsuza qədər davam edir. Ancaq burada məsələyə Quran meyarları ilə baxmaq lazımdır. Əks təqdirdə mələklərə həqiqi güc və səlahiyyət vermiş olarıq ki, bu da (haşa) Cənab Allaha (c.c) ortaq qoşmaq mənasına gələr. Bu baxımdan unutmamalıyıq ki, Quran mələklərin vəzifələrinin sadəcə onlara verilən işləri icra etməkdən ibarət olduğunu xəbər verir.
İnsanların əməllərini yazan mələklər
Bəzi mələklər insanların əməllərini yazmaqla vəzifələndiriliblər. Bu haqda Quranda belə buyurulub: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 50/16-18).
Bu ayələrdə əvvəla insanın Allah (c.c) tərəfindən yaradıldığı, qəlbinin dərinliklərindən keçən hər şeydən Allahın (c.c) xəbərdar olduğu və Uca Allahın (c.c) insana şah damarından daha yaxın olduğu bildirilir. Daha sonra da insanın hər halının mələklər tərəfindən qeyd edildiyi xəbər verilir. Ayədə məsələnin bu şəkildə ortaya qoyulması İslamdakı “töhvid” anlayışı ilə üst-üstə düşür.
Ayənin: “And olsun ki, insanı Biz yaratdıq…” ifadəsi ilə başlaması yaratma feilinin birbaşa Cənab Allaha (c.c) aid olduğunu və heç bir varlığın bu məsələdə Ona (c.c) ortaq və şərik ola bilməyəcəyini anladır. Yəni mələklər Cənab Allahın (c.c) yardımçısı və ya köməkçiləri deyillər. Başqa varlıqlar kimi mələklərin də yaratma işində heç bir müdaxiləsi və rolu yoxdur.
Ayədə buyurulan: “Biz ona şah damarından da yaxınıq!” ifadəsi insanın hələ özündən xəbərsiz və bədəninin mövcud olmadığı dövrdə belə Cənab Allahın (c.c) onu əzəli elmi ilə bildiyini göstərir. Madam ki, Cənab Allah (c.c) insana şah damarından daha yaxındır, bu zaman insanla bağlı hər hansı feil və icraatında Onun (c.c) heç bir vasitə və köməkçiyə ehtiyacı yoxdur. Mələklərə gəldikdə isə, onlar sadəcə ilahi feil və icraatların nəzarətçiləridir. Unutmayaq ki, bir iş yerinin ya da bir fabrikin nəzarətçisi olmaqla oranın sahibi olmaq ayrı-ayrı şeylərdir. Nəzarətçi hər bir halda oranın sahibindən asılıdır, onun əmrinə tabe və bağlıdır.
Quran ayələri əvvəla insanı ağlına gələ biləcək hər cür şübhə və tərəddüddən təmizləyir, sonra da mələklərin bizimlə bağlı bir vəzifəsini açıqlayır: “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 50/18). Belə ki, insanın həm feilləri, həm söz və davranışları, hətta xəyalından keçənlər, onun hiss dünyasına qonaq olan düşüncələr belə bu iki mələk tərəfindən qeydə alınır. İnsan əbəs yerə yaradılan bir varlıq deyil ki, onun davranış və feilləri də qeydə alınmasın.
Bəzi təfsir müəlliflərinə görə mələklərin insanların əməllərini yazması əslində insanların faydası üçündür. Bu mənada əməllərin yazılması, bir insanın dünyada günahlara qarşı əngəllənməsi, axirətdə də əməllərinin qarşılığı veriləndə şahidlərin hüzurunda insanların bəhanələrinin qalmaması üçündür.
Mələklərin Həzrət Adəmə səcdə etməsi
Təfsir müəlliflərinin əksəriyyəri mələklərin Həzrət Adəmə səcdə etməsini, qardaşlarının Həzrət Yusufa (ə.s) səcdə etməsinə bənzətmişlər. Necə ki, Həzrət Yusufun (ə.s) qardaşları ona ibadət məqsədilə deyil, hörmət və ehtiram məqsədilə boyun əymiş, “səcdə” etmişdilər. Həmçinin hər iki ayədə səcdə sözü İslam fiqhindəki mənada deyil, lüğət olaraq bir şəxsin qarşısında boyun əymək, itaət etmək, mütəvazi olmaq, qısacası mələklərin Həzrət Adəmin (ə.s) üstünlüyünü qəbul etmələri mənasına gəlir.
Mələklərin Cənab Allaha (c.c):“(Yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” (Bəqərə, 2/30) sualını verməsi, onların Adəm övladının nə edəcəyini bildiklərini göstərirdi. Adəm övladının dünyada işləyəcəyi bu qədər cinayətləri, dünyanı qana boğan canavarlıqları, bütün insanlığı əhatə edən anarxiya və fitnə-fəsad çıxarması əslində mələklərin insanoğlunun mahiyyətini müşahidə edə bildiklərini göstərirdi.
Buna baxmayaraq, iman gətirən insanların uca və yüksək bir məqamı var idi ki, Cənab Allah (c.c) insanlığın çata biləcəyi bu yüksək məqama görə mələklərə: “Adəmə səcdə edin!” (Bəqərə, 2/30) əmrini vermişdi. Mələklər də bu əmrə qeyd-şərtsiz tabe olaraq Həzrət Adəmə (ə.s) səcdə etmişdilər.
Mələklərə nə üçün belə bir əmr verilmişdi? Hansı üstünlük və məziyyətinə görə qan tökəcəyi, fəsad çıxaracağı bilinən bir varlıq önə çıxarılır, məsumiyyətləri ayə ilə bildirilən mələklərin ona boyun əyməsi və tabe olması istənilir? Bunun bir sıra səbəbləri vardır. Onu qeyd etmək olar ki, mələklər Cənab Allahı (c.c) bilib tanımağa kömək edəcək ilahi isimləri öyrənməyi çox istəyirdilər. Ancaq bu ilahi isimlər Həzrət Adəmə (ə.s) öyrədilmişdi. Mələklər də Həzrət Adəmə (ə.s) verilən bu elmə hörmət olaraq Ona (ə.s) səcdə etmişdilər.
Növlərini və saylarını Cənab Allahdan (c.c) başqa heç kimin bilməsi mümkün olmayan mələklərin (Müddəssir, 74/31) Allah-təbiət və Allah-insan münasibətləri baxımından müxtəlif hikmətləri vardır. Mələklər Cənab Allaha (c.c) təslim olmağın simvoludur və maddi aləmlə zaman və məkandan uzaq olan üluhiyyət məqamı arasında köprü vəzifəsi görürlər.

Mələklərin fərqli şəkillərdə görünməsi
Bəzi ayə və hədislərdə mələklərin xüsusi vəzifələrindən, peyğəmbərlərlə dialoqları zamanı müxtəlif maddi surətlərdə görünərək insanlarla danışdıqlarından xəbər verilir. Pozğunluqlarına görə Lut qövmünü cəzalandırmaq üçün göndərilən mələklər əvvəla müsafir olaraq Həzrət İbrahimin (ə.s) yanına getmiş, onların insan olduğunu zənn edən Həzrət İbrahim (ə.s) yemək hazırlamağa çalışmışdı (Hud, 11/69-70). Həzrət Cəbrayıl Həzrət Məryəmə insan surətində görünərək bir övladının olacağını xəbər verməsi də (Məryəm, 19/17-19) mələklərin fərqli şəkillərdə insanlara göründüyünü göstərir. Həmçinin Həzrət Peyğəmbərimiz (s.ə.s) ona vəhy gətirən həzrət Cəbrayılı onun əsl surətində də görmüşdür (Nəcm, 53/5-7). Vəhyin qəbul edicisi və onu insanlara çatdırma vəzifəsi olan peyğəmbərlərin mələklərlə birbaşa əlaqədə olmaları, onları görmələri, səslərini eşitmələri təbii haldır. Ancaq mələklərin Cənab Allahın (c.c) lütf və inayəti ilə möminlərə, çətin vəziyyətdə qalanlara görünmədən dəstək verməsi (Ali-İmran, 3/123-125; Ənfal, 8/9; Tövbə, 9/26, 40), mübarək gecələrdə səmadan enərək möminlərin meydana gətirdiyi mənəvi atmosferə qonaq olmaları (Qədr, 97/4-5) və ya Quranı dinləməyə gəlmələri ayə və hədislərdə xəbər verilmişdir (Buxari, Fəzailul-Quran, 15).
Hədislərdə xəbər verildiyi üzrə vəhy mələyi Həzrət Cəbrayıl (ə.s) səhabələrdən Həzrət Dihyə əl-Kəlbi (r.a) surətində göründüyü kimi, adını bilmədiyimiz başqa bir mələk də Uhud savaşının ən qızğın anında səhabələrdən Musab ibn Umeyrin (r.a) surətində görünərək Həzrət Peyğəmbərimizin (s.ə.s) önündə savaşmışdır. Bədr savaşında da bir çox mələk səhabələrdən Zubeyr ibn Avvamın (r.a) surətində görünərək möminlərin mənəvi güc və qüvvətini artırmşlar.
Dörd böyük mələk və vəzifələri
Mələklər arasında insanlarda olduğu kimi dərəcə fərqləri vardır. Misal üçün Cəbrayıl, Mikayıl, Əzrayıl və İsrafil dörd böyük mələkdir və digərlərindən üstün hesab olunurlar. Həmçinin atomların hərəkətindən yağış damcılarının səmadan enişinə, galaktikaların hərəkətindən ağacların çiçək açmasına qədər yaradılış fəaliyyətlərinə nəzarət edən, bəlkə də kainatdakı zərrələrin ədədi qədər mələklər vardır.

Hökumət olmadan qanunlar bir dövləti təkbaşına idarə edə bilməz. Çünki qanunlar fiziki bir orqana, maddi bir kimliyə və öz-özlüyündə icra etmə mexanizminə sahib deyil. Bu minvalla qanunlar bir güc və ya bir hökümət vasitəsilə anlaşıla və tətbiq edilə bilər. Təbiətdə ümumiyyətlə kainatda var olan qanunları bir dövlətin qanunlarına bənzətsək, mələklər bu dövlət qanunlarını həyata keçirən icra orqanı kimidir.
Həzrət Cəbrayıl (ə.s) hədislərdə Həzrət Peyğəmbərimizə (s.ə.s) vəhy gətirən, İslamı öyrədən, Allah Rəsuluna (s.ə.s), hətta səhabələrə insan surətində görünən bir mələk olaraq bildirilir. Hədislərdə bildirildiyi üzrə Həzrət Cəbrayıl (ə.s) dünyada və axirətdə Allah (c.c) ilə qulları arasında elçidir. Allah Rəsuluna (s.ə.s) peyğəmbərliyi müddətində 26000 dəfə vəhy gətirmişdir.
İslam inancına görə böyük mələklərdən olan Mikayılın adı həm Quran (Bəqərə, 2/98), həm də hədislərdə keçir. Həzrət Mikayıl insan da daxil olmaqla canlıların rizqləri, dolayısı ilə yağışın yağması və bitkilərin inkişafı kimi təbiət hadisələrinin idarə edilməsi işində vəzifəli mələkdir.
İsrafil mələyin adı Quranda keçmir, ancaq onun görəcəyi işdən bəhs edilir. Qiyamət kainatın böyük bir kosmik dəyişikliyə səbəb olacaq sura ilk üflənmə ilə başlayacaq. İkinci dəfə sura üflənmə ilə də hər kəs dirilərək məhşər meydanına getməyə hazır hala gətiriləcək (Nəml, 27/87; Zümər, 39/68).
Bu ayələrdə keçən “sura üfləmək” (nufixa fissuri) vəzifəsini yerinə yetirəcək və insanları hesab meydanına çağıracaq mələyin (Qaf 50/41; Qəmər, 54/6-8) İsrafil olduğu barədə İslam alimləri görüş birliyi içərisindədir. Bu səbəblə Quranda “sur”dan bəhs edilən hər ayə dolayısı ilə onu üfürməklə vəzifəli olan İsrafil mələkdən də bəhs edilir.
Dörd böyük mələkdən biri olan Əzrayıl mələyin adı Quranda və səhih hədislərdə keçmir. Səcdə surəsinin 11-ci ayəsində insanların canını almaqla vəzifəli mələkdən “mələkul-mövt” (ölüm mələyi) olaraq bəhs edilir. Ancaq ilk iki xəlifənin (Həzrət Əbu Bəkr və Həzrət Ömər) dövründə İslamı qəbul edən Kab əl-Əhbar (551-652) və Vəhb ibn Münəbbih (654-732) kimi şəxslərin nəql etdiyi yəhudi mənşəli rəvayətlərdə Əzrayıl ilə bağlı bilgilər yer almışdır. Bu baxımdan Həzrət Əzrayılın ruhları almaqla vəzifəli olan mələklər topluluğunun (mələkul-mövt) rəisi olduğunu söyləmək olar.
Mələklər Allahın (c.c) qızları deyil
Mələklərə Quran və hədislərdə xəbər verildiyi xüsusiyyət və vəsfləri ilə inanmalıyıq. Əks halda İslamdan əvvəlki cahiliyyə dövründə olduğu kimi mələklərlə bağlı bir sıra yanlış inanışlara, yanlış yola düşmə ehtimalı da var. Necə ki, ayələrdə xəbər verildiyi üzrə cahiliyyə dövründə mələklərə (haşa) “Allahın qızları” deyilirdi. Quran belə bir inanışın yanlış olduğunu və mələklərlə bağlı doğru etiqadın nə olduğunu açıqlamışdır: “Onlar Allaha qızlar isnad edirlər. (Mələklər Allahın qızlarıdır, deyirlər). Allah pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur. ) Özlərinə gəldikdə isə istədiklərini (oğlan uşaqlarını) aid edirdilər” (Nəhl, 16/57).
Mələklərin Allah (c.c) qorxusu
Mələklər dəhşətli dərəcədə, hətta bizim anlaya bilməyəcəyimiz ölçüdə Cənab Allaha (c.c) qarşı qorxu hissi daşıyırlar. Quran ayələri onların bu vəziyyətini belə xəbər verir: “(Mələklər) üzərlərinə (hər an bir əzab göndərməyə Qadir olan) Rəbbindən qorxarlar və özlərinə buyurulanları (əmr edilən şəkildə, əmr edilən vaxtda, əmr olunan ölçüdə və könül rızası içində) edərlər!” (Nəhl, 16/50).
Ölüm mələyi Əzrail eyni anda bir çox canı necə ala bilir?

Həzrət Əzrailin bir fərd olması onun bütün ruhları almasına mane deyil. Bu iş üçün Həzrət Əzrailə nə məsafələrin uzaqlığı, nə də əlaqədə olduğu şəxslərin çoxluğu çətinlik törədir. Günəş bir dənə olmasına baxmayaraq, şüaları hər bir canlıya çatdığı kimi, nurani varlıqlar olan mələklər də hər yerdə görünə, vəzifələrini icra edə bilərlər.
Ruhu alınacaq hər bir fərdə göndəriləcək bir çox mələk vardır. Bunların hamısı da Əzrayıl mələyin idarəsi altındadır. O, Cənab Allahın (c.c) əmri ilə yaxşı və pis ruhlara görə fərqli mələklər göndərir və ruhları aldırır.
Sözün həqiqi mənasında insanların canlarını alan Cənab Allahdır (c.c). Əzrail mələyi və ya onun köməkçiləri isə ruhların alınması işində verilən əmri yerinə yetirən nəzarətçilər mövqeyindədir.
Quranda ölüm mələyi olan Əzrayılın əcəli çatan insanların canlarını almaqla vəzifələndirilən bir mələk olduğu xəbər verilməklə (Səcdə, 32/11) yanaşı, can alma feili, hər feilin həqiqi icraçısı olan Cənab Allaha (c.c) aid edilir (Zümər, 39/42). Bu səbəblə Cənab Allahın (c.c) vəzifələnidirdiyi elçilərin (ölüm mələyi Əzrayılın) can alması, eyni zamanda Cənab Allahın (c.c) alması mənasına gəlir.
Ölüm mələyi insanlara necə görünür?
Əgər vəfat edən şəxs mömin və saleh əməl sahibidirsə: “And olsun (möminlərin canını) rahatlıqla alanlara” (Naziat, 79/2) ayəsində xəbər verildiyi üzrə sevinc və hüzur dolu bir atmosfer içərisində o şəxsin ruhu alınar. Ruhu alınan insan o halı yaşayarkən bəzən çox cuzi bir acı hiss etsə belə, əksər hallarda acı duymuş sayılmaz.
Kafirlər isə öz əməllərinin cinsindən qorxunc görkəmli mələklərlə qarşılanırlar. Son anda açılan gözləri ilə gedəcəkləri yeri müşahidə edərlər. Bu mənzərə onların içini qorxuyla doldurar. “And olsun (kafirlərin canını) zorla alanlara” (Naziat, 79/1) ayəti bu hala işarə edir.
Kafirlərin ruhu su dolu böyük bir qabın dərin bir quyudan çıxarılması kimi ağır bir şəkildə, tikan üzərinə atılmış ipəkdən bir parçanın alınması kimi parçalana-parçalana alınacaqdır. Onlar növbənöv ağrı və iztirabı ruhlarında yaşayacaq və qapraqa bir ruhla bu dünyadan ayrılacaqlar.
Hər insana fərqli bir keyfiyyətdə görünmək, insanların ruhlarını bu görüntü və keyfiyyət içərisində almaq mələklərin (mələkul-mövt, ölüm mələyinin) vəzifələrindən biridir. Axirət həyatı dünya həyatının başqa bir keyfiyyətdə davamı olduğu kimi, mələklərlə oradakı dostluq da, dünyadakı dostluğun davamı mahiyyətindədir. Bu dünyada hər namazda sağ və solundakı mələklərə salam verən insan, axirətdə onları salamlaşacağı bir dost olaraq görəcəkdir. Əlbəttə salam vermə sırası bu dəfə onlarda olacaq.
Mələklərin yaradılma zamanı
Quran ayələrində sonradan yaradılmış olan (sonradan var edilən) mələklərin ilk olaraq hansı vaxtda yaradıldıqları barədə xəbər verilmir. Bununla yanaşı bəzi ayələrdə keçən dialoqlardan yola çıxsaq, mələklərin ilk insan olan Həzrət Adəmdən daha əvvəl yaradıldıqlarını anlamaq olar.
Mələklərin bilgilərinin məhdud olması
Quranda qeyb aləminin bilgisinə yalnız Allahın (c.c) sahib olduğu vurğulanır. Mələklər isə sadəcə Allahın (c.c) onlara öyrətdiyi qədərilə hər hansı bilgidən agah ola bilərlər. Bu minvalla mələklər insanların bilmədiyi bəzi bilgilərə sahib olsalar da, onların da bilgiləri məhdud bir çərçivədədir. Quranda mələklərin Allah-Taalaya müraciətlə: “Sənin bizə öyrətdiklərindən başqa bizim bilgimiz yoxdur” dediyinin bildirilməsi, onların Allah (c.c) qatındakı acizliklərini və bilgi səviyyələrinin məhdud olduğunu göstərir.
Cənab Allahın (c.c) mələklərə ehtiyacının olmaması
Cənab Allahın (c.c) mələkləri yaratması, onlara yaşadığımız dünya, ümumiyyətlə kainatla bağlı vəzifələr verməsi, insanın gücünü aşacaq işlərdə işlətməsi onlara möhtac olduğu mənasına gəlmir. Cənab Allah (c.c) bu vəzifə və işləri mələklər olmadan da görməyə qadirdir. Cənab Allah (c.c) arada Həzrət Cəbrayıl (ə.s) olmadan da peyğəmbərlərinə ilahi vəhyini çatdira bilər. Həmçinin qiyamətin gerçəkləşməsi sura üfürülmədən də başlaya bilər. O (c.c), ölüm mələyi olmadan da insanların ruhlarını almağa qadirdir. Cənab Allahın (c.c) elmi, insanların söz və feillərini yazan Kiramən-Kətibin mələklərinə ehtiyac olmadan da bu işi görməyə yetir. Ancaq Onun (c.c) iradəsi və istəyi bu şəkildə olmuşdur. O (c.c) belə istədiyi üçün mələklərə insanlarla, dünya ilə bağlı müxtəlif vəzifələr verilmişdir.
Nəticə olaraq deyək ki, İslamda mələklərin varlığının iman əsaslarından sayılması əslində insanın söz, feil və davranışlarının nə qədər dəqiq və həssas qeydə alındığını göstərir. Bu cür həssas bir şəkildə qeydə alınan hər bir yaxşı və pis əməlin sabah insanın önünə çıxacağını, onlara görə sorğu-suala çəkiləcəyini bilən, bunun şüurunda olan bəşər övladı da həyatını bu istiqamətdə quracaqdır.
Qeyd: Yazının hazırlanmasında aşağıdakı mənbələrdən istifadə edilmişdir:
Şuayip Karataş, “Kuranın konusu olarak melekler”, İstanbul Universiteti, (Doktora tezi) 2018.
Hasan Kurt, “Kuranda ve Kitabı Mukaddeste melek kavramı”, Kahramanmaraş Sütçü İmam Universiteti, 2014.
Ayla Pakyüz, “Osmanlı minyatüründe melek imgesi”, Marmara Universiteti, İstanbul-2015.
https://islamansiklopedisi.org.tr/melek
https://islamansiklopedisi.org.tr/cebrail
https://islamansiklopedisi.org.tr/mikail
https://islamansiklopedisi.org.tr/israfil
https://islamansiklopedisi.org.tr/azrail
https://islamansiklopedisi.org.tr/kiramen-katibin
https://islamansiklopedisi.org.tr/munker-ve-nekir
https://islamansiklopedisi.org.tr/harut-ve-marut
Nazim Mustafayev