“Bavariya” “Barselona”nı 8 qolla məğlub edib yarımfinala adladı


Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində "Bavariya" ilə qarşılaşan "Barselona" antirekorda imza atıb.

Rəqibinə 2:8 hesabı ilə yenilən kataloniyalılar ilk dəfə avrokuboklarda qapısında 8 top görüb.

Buna qədər ən ağır məğlubiyyət 8 sentyabr 1962-ci il tarixində Yarmarkalar Kubokunda "Valensiya" ilə görüşdə olub. Komanda həmin matçda da 2 qol vurmasına baxmayaraq, 6 dəfə mərkəzə dəvət edilmişdi.

"Bavariya" isə ilk 31 dəqiqə ərzində 4 qol vuraraq pley-offlarda bunu ən erkən vaxtda bacaran komanda olub.

Qeyd edək ki, "Bavariya" yarımfinalda "Mançester Siti" - "Lion" matçının qalibi ilə qarşılaşacaq. Həmin görüş avqustun 15-də keçiriləcək.

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 2:8
Qollar: Müller, 4 (0:1), Alaba, 6-avtoqol (1:1), Perişiç, 22 (1:2), Qnabri, 28 (1:3), Müller, 31 (1:4), Suares, 57 (2:4), Kimmix, 63 (2:5), Levandovski, 82 (2:6), Koutinyo,  86 (2:7), 89 (2:8)

"Barselona"nın kapitanı Lionel Messi isə turnirdə 143-cü matçına çıxaraq, bu göstərici ilə "Real"ın əfsanəvi hücumçusu Raul Qonzalesi geridə qoyub və 4-cü pilləyə yüksəlib. Onu yalnız Xavi Ernandes (151 oyun), Kriştianu Ronaldo (170) və İker Kasilyas (177) qabaqlayır.

Leo eyni zamanda ÇL-in 1/4 finallarında 23-cü oyununu keçirməklə yeni rekord müəyyənləşdirib. Kataloniyalıların hazırkı müdafiəçisi Pike və sabiq kapitanı Andres İnyestanın aktivində isə 1/4 final mərhələlərində 22 matç var.


APAsport

DİGƏR XƏBƏRLƏR

Top