“Təhsil Nazirliyinin imtahanından yayınan müəllimlər var”

Bir neçə ildir ölkəmizdə müəllimlər Təhsil Nazirliyinin keçirdiyi müsabiqə yolu ilə işə qəbul olunurlar. Lakin Təhsil Nazirliyinin təşkil etdiyi bu müsabiqədən keçə bilməyənlər də sonradan müəllim ola bilirlər. Onlar müqavilə əsasında 1 il müddətinə işə götürülürlər. Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyir ki, əgər növbəti il də onlarla müqavilə imzalanarsa, bu, qanun pozuntusudur.

“Üstünlük mərkəzləşdirilmiş müsabiqədən keçid balı toplayan namizədlərə verilməlidir”

Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər yalnız müsabiqədən keçdiyi ixtisas üzrə dərs apara bilərlər. Müəssisələrə işə qəbul olunan müəllimlərin ikinci ixtisas üzrə dərs aparmaları üçün onların həmin ixtisasdan da mərkəzləşdirilmiş müsabiqədə iştirak etməsi tələb olunur. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.

Lakin Təhsil Nazirliyinin keçirdiyi işə qəbul müsabiqələrində yetərincə bal toplaya bilməyən namizədlər də var ki, sonradan müəllimlik fəaliyyəti göstərirlər. Sual yaranır: müəllimlərin işə qəbulu müsabiqəsindən keçə bilməyənlər sonradan necə bir neçə il müəllim işləyirlər? Təhsil Nazirliyinin məlumatında qeyd olunur ki, müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) müəllimlərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə müəssisə rəhbəri tərəfindən həyata keçirilir. İşə qəbul zamanı üstünlük mərkəzləşdirilmiş müsabiqədən keçid balı toplayan namizədlərə verilməlidir...

“Müqavilə əsasında işə 1 il müddətinə qəbul olmaq olar”

Ölkəmizin bir çox bölgələrindəki məktəblərdə illərdir müddətli müqavilə işləyən gənc müəllimlər var. Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev “Yeni Avaz” qəzetinə müsahibəsində bunun yolverilməz olduğunu dedi: “Müqavilə əsasında işə 1 il müddətinə qəbul olmaq olar. Əgər həmin müəllim ikinci il də Təhsil Nazirliyinin keçirdiyi imtahandan keçə bilməsə, daha həmin şəxs işə qəbul edilməməlidir. Sadəcə, bu 1 il müddətində onlara şans verilir ki, müqavilə üzrə işlə, təkmilləş, hazırlaş, imtahanlarda iştirak elə. Bu mümkündür, mümkün olan şeydir. Əgər həmin şəxslər ikinci il müəllimlərin işə qəbulu imtahanlarına getmirlərsə, onlarla müqavilə bağlanmamalıdır. Kim saxtakarlıq eləyirsə, bu, ayrı məsələdir. Mən bir neçə adam tanıyıram ki, müqavilə müddətləri bitib, ancaq növbəti il Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqəyə getməyiblər, buna görə məktəbdən çıxarılıblar. Növbəti il üçün onlarla müqavilə imzalanmayıb. Mənə zənglər olur ki, bəs bizi çıxarıblar, bir ildir işləyirdik və s. Onlara da deyirəm ki, əgər ikinci il müəllimlərin işə qəbulu üzrə keçirilən imtahana getməyiblərsə və ya gedib işə qəbul oluna bilməyiblərsə, müqavilə bağlana bilməz”.

“Müqavilə bağlayır, xəlvəti işlədir”

“Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə iştirak etməyən və ya keçib uğur qazanmayanlar illərdir orta məktəblərdə müqaviləli şəkildə çalışırlarsa, buna nə ad vermək olar?” sualımıza Əjdər müəllimin cavabı belə oldu: “Bilirsiniz, bu, əyri yolla işləməkdir, düzgün yol deyil bunlar. Cürbəcür haqq-hesablar var təəssüf ki. Gizlinlər var, məktəbdə yer var, amma direktor bildirmir, müqavilə bağlayır, xəlvəti işlədir. Müqavilə bir az direktorları rahatlandırır ki, guya müqavilə bağlamışam. Amma müqavilə bir illik ola bilər, müddətsiz ola bilməz. Yaxud eyni şəxslə ikinci il müqavilə bağlana bilməz”

“Təhsili naziri “yox” desə də, İcra Hakimiyyəti “hə” deyə bilər”

Əjdər Ağayevin sözlərinə görə, bu məsələdə yalnız 65 yaşı tamam olan müəllimlərə güzəşt var: “Tutaq ki, hansısa müəllimin 65 yaşı var, pensiyaya çıxmalıdır, ancaq yaxşı müəllimdir. Yaxşı müəllimdirsə, valideynlər də, şagirdlər də onun məktəbdə qalıb dərs deməsini istəyirlərsə, 70 yaşı tamam olana qədər onunla hər il müqavilə bağlana bilər. Həmin müəllimlərə imtahandan keçmək vacib deyil”.

Müqavilə ilə məktəb direktoru vəzifəsində çalışanlara gəlincə, müsahibimiz: “Müəllim başqadır, direktor başqadır. Direktor təyinatı məsələsində iki qurumun rəyi əsas götürülür. Belə deyək, direktoru təkcə Təhsil Nazirliyi deyil, İcra Hakimiyyəti də işlədir. Təhsil naziri desə ki, bu şəxs direktor işləyə bilməz, İcra Hakimiyyəti deyə bilər ki, mən işlədirəm. Belə mübahisəli məsələlər də var”,-dedi.

“Qanunvercilik qarşısında məsuliyyət daşıyırlar”

Bəs orta məktəblərdə müqavilə ilə işə götürülənlər üçün müddət niyə məhz bir il müəyyənləşdirilib? Azərbaycan Təhsil Şurasının sədrinin dediyinə görə, bir il müddətində onlara tapşırıqlar verilir ki, gələn il üçün hazırlaşsınlar: “Bir şəxs müqavilə əsasında məktəbə ona görə götürülə bilər ki, orada dərs var, ancaq müəllim çatışmır. Yəni belə əsas götürülür ki, uşaqların dərs proqramından geri qalmasındansa, uyğun şəxs müqavilə ilə 1 illiyə məktəbdə işləsin, uşaqlar müəllimsiz qalmasın, fənn keçilsin. Şərtlərə və şəraitə görədir bunların hamısı. Bütün hallarda müqavilə müddəti ikinci il üçün artırıla bilməz. Yenə də müəllim olmaq istəyən həmin şəxs mütləq imtahan verməlidir. İmtahan verməsə, direktor mütləq müəllim tələb eləməlidir. Əgər bunlar olmursa, müqavilə müddəti uzadılırsa, bu, mənim fikrimcə, saxtakarlıqdır”.

Qeyd edək ki, məktəblərdə vakant yer ola-ola bunu gizlədən, lazımi orqanlara məlumat verməyən təhsil qurumunun rəhbər şəxsləri qanunvercilik qarşısında məsuliyyət daşıyırlar.

Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top