“Yaponiyanın su problemi üçün qrant ayırdığı Goranboyun bu qəsəbəsində su tapılmır” – İDDİA + VİDEO


Goranboy rayonun Qazanbulaq qəsəbəsində 10 ildən çoxdur ki, şəbəkə suyunda problemlər var.
Bunu Yeniavaz.com-a müraciət edən Qazanbulaq qəsəbə sakinləri deyiblər. Onlar bildirirlər ki, ilin dörd ayında kənd sakinlərinə 15 gündən bir su verilir:
“Qışda, yağıntılı dövrdə belə su 5 gündən bir verilir. İlin 4 ayında (İyun-Sentyabr) isə 15 gündən bir verilir. Qəsəbə olduğundan pay torpağı yoxdur. Müəssisələr isə fəaliyyət göstərmir. Əhalinin əsas gəlir mənbəyi qonşu kəndlərdə günəmuzd fəhləlikdir. Su mənbəyi qəsəbədən 5-6 km yuxarıdadır. İllərdir bu məsələ həllini tapmır. Qəsəbədə həmçinin məcburi köçkün ailələri də məskunlaşıb. 196 ailəlik qəsəbəyə Yaponiya höküməti su probleminin həlli üçün qrant ayırmış, səriştəsiz su idarəsi işçiləri həmin pulla ortaya nəticə qoya bilməmişdir. Keyfiyyətsiz borulardan istifadə edən qeyri-peşəkar mühəndislər həmin vəsaiti israf etmişdir”.
Kənd sakinləri həmçinin, kəndin su mənbəyindəki quraqlığı əks etdirən görüntüləri də redaksiyamıza təqdim ediblər.

Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verdi və bildirdi ki, qəsəbədə həqiqətən də su problem var:
“O qəsəbə Kürəkçayın aşağı hissəsində yerləşir və sudan istifadə edən 140 ev təsərrüfatı var. Qışda, payızda və yazda insanlar normal qaydada içməli su ilə təmin edilir, amma hazırda  çayda su demək olar ki, quruyub. Bu da  əhalinin su təchizatında fasilələrin uzanmasına səbəb olur. Meliorasiya və Su Təsərrüfatı ASC kənddə bir artezian quyusu qazıb amma onun  suyu şor olduğu üçün içməyə yararsızdır. Ona görə də bizim mütəxəssislər yay aylarında alternativ su mənbəyi kimi qəsəbəyə ən yaxın şirin su mənbəyini tapmağa çalışacaqlar. Kənd əhalisinin su ilə təminatında maşınla suyun  daşınması da nəzərdə tutulur. O insanların su təchizatına köməklik olunacaq".
A. Cəbrayıllı həmçinin qeyd etdi ki, sözügedən qəsəbədə Yaponiya hökuməti yox, "British Petroleum" iş aparıb:
"Orada yaponlar iş görməyib, “BP” şitkəti iş görüb. Baku-Tbilisi-Ceyhan boru kəməri həmin qəsəbənin ərazisindən keçir. “BP” orada sosial layihə icra edib, vaxtilə anbarı və nasosları təmir edib”.

DİGƏR XƏBƏRLƏR

Top