Quraqlıq bu ilin sonunadək davam edəcək? - Nazirlikdən AÇIQLAMA


“Suya təlabat ilbəil artsa da, bu amil bu il yaranmış su çatışmazlığının səbəbi deyil”.
Bu sözləri ölkədə yaşanan quraqlıqla bağlı Yeniavaz.com-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, quraqlığın əsas səbəbi yağıntıların miqdarının əhəmiyyətli dərəcədə azalmasıdır:
“Təbii ki, suya təlabat ilbəil artsa da, kənd təsərrüfatı istehsalının artması bu il  yaranmış su çatışmazlığının səbəbi deyil. Quraqlıq təbii proses olduğuna görə, əksinə, quraqlıq kənd təsərrüfatına təsir göstərə bilər.
Çaylarda suyun azalmasının əsas səbəbi təbii meteoroloji hadisə olan quraqlıqla bağlıdır. Belə proseslər çox güman ki, gələcəkdə də təkrar oluna bilər. Və bunu nəzərə alaraq,  bizim məqsədimiz belə proseslərin mənfi təsirlərini mümkün qədər azaltmaq olmalıdır.
Bu istiqamətdə bütün səylər birləşməlidir. Bu həm aidiyyəti olan təşkilatların, yerli icra orqanlarının, həm də bələdiyyələrin gündəmində əsas məqsədlərdən olmalı, su itkilərinin qarşısı alınmalı, qənaətlə istifadə təyin edilməlidir.  
Bu ilin may ayında düşən yağıntının miqdarı çoxillik normadan orta hesabla 2 dəfə az olubsa, iyun ayında 4 dəfəyədək az olub. Yağıntının miqdarı aran rayonlarında normanın cəmi 11-28 faizini, Qazax-Gəncə bölgəsində və Lənkəran-Astara zonasında 19 faizini, Balakən-Şəki bölgəsində isə 26 faizini təşkil edib.  Bu da quraqlığı səciyyələndirən əsas amillərdəndir”.
U. Tağıyeva bildirib ki, bu ilin azsulu keçməsi gözlənilir:
“Hər il qarölçmə işləri bitdikdən sonra aprel, may və iyun ayları üçün hidroloji proqnoz hazırlanır. Kompleks təhlillərə əsasən həmin dövr üçün Kür çayından daxil olan suyun  (Şəmkir su anbarına) çoxillik normadan 40 faizədək az olacağı, Qanıx çayında isə (Mingəçevir su anbarına) 35 faiz normadan az olacağı proqnozu verilib. Faktiki olaraq isə sululuq normadan 33-53 faiz arasında az olub. Buna görə də faktiki müşahidə olunan sululuq bu ilin  aprel, may, iyun ayları üçün verilən hidroloji proqnoza yaxın olub. Bir sözlə, bu ilin azsulu keçməsi gözlənilirdi.
Bundan əlavə, ongünlük və gündəlik hidroloji məlumatlarda çaylarda sululuğun normadan az olacağı və çaylarda aşağı sululuğun davam edəcəyi də proqnozlaşdırılıb.
Hazırda müşahidə olunan vəziyyət, gözlənilən az sululuğun nəticəsidir.
Keçmişdə də ayrı-ayrı illərdə müxtəlif dərəcəli quraqlıq qeydə alınıb.  Ölkəmizdə 2000, 2001 və 2014-cü illərdə baş vermiş güclü quraqlıq da çayların sululuğuna mənfi təsirini göstərmişdi.  
Qeyd edək ki, iqlim dəyişmələri son zamanlar özünü daha uzunmüddətli quraqlıq dövrləri ilə göstərir. Belə ki, Kür çayının sululuğu son 8 ildə normadan az olub, lakin bu il proses daha qabarıq hal alıb.
Onu da qeyd etmək lazımdır ki, müşahidə olunan su çatışmazlığının əsas səbəbi təbii quraqlıq olsa da, təbii səbəblərlə yanaşı antopogen təsirlərin də olduğunu müşahidə edirik”.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top