Son yaşanan kadr dəyişikliyi zabitin ağır vəziyyətinə ən yüksək səviyyədə reaksiyadır


Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi General-mayor Natiq Əliyev və Müdafiə naziri Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduqları vəzifələrindən azad olundular. Son illər bu iki vəzifəli şəxsin rəhbərlik etdiyi qurum Azərbaycan ordusunun imicinə dəfələrlə zərbə vurub. Yəqin ki, bir çoxunuz həm kütləvi informasiya vasitələrində, həm də sosial şəbəkələrdə dövlət başçısından, vitse-prezidentdən, müdafiə nazirindən yardım istəyən vəziyyətləri həqiqətən ağır olan keçmiş hərbçilərin video-görünütülərinə rast gəlmisiniz. Həmin hərbçilərin arasında Aprel qazilərinin olması isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmamış, vətən uğrunda can qoymuş igidlərin indi dərman, müalicə, əməliyyat axtarışında olması böyük qınağa səbəb olmuşdu.

Həm Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, həm də Silahlı Qüvvələrin Baş Klinik Hospitalı vətənə xidmət zamanı sağlamlığını itirmiş hərbçilərə ən böyük “dəstəyi” onları hərbi xidmətə yararsız olaraq qeyd etmək və tərxis etmək olmuşdur. Tərxis olunan hərbçilərə isə “siz artıq hərbçi deyilsiniz biz sizə baxa bilmərik”, “müalicənizi mülkidə davam etdirin” kimi cavablar verilib.

Təkcə Yeniavaz.com olaraq səhhətində ciddi problemlər olan onlarla hərbçinin vəziyyətini siz oxucularımıza çatdırmışıq. 1 həftə bundan qabaq “Gərək mən şəhid olaydım, ancaq belə vəziyyətə qalmazdım" sərlövhəli video-xəbərimiz isə sözün əsl mənasında ölkədə böyük ajiotaj yaratdı.

18 il vətənə xidmət etmiş səhhəti ilə bağlı ordudan tərxis olunan və bu səbəbdən zabit kimi heç bir dəstək ala bilməyən Məmməd Quliyevin acınacaqlı vəziyyəti ölkə ictimaiyyətinin qınağına səbəb oldu. İnsanlar “Azərbaycan zabiti niyə bu vəziyyətdədir?”, “niyə hərbi hospital yerləşdirilmir?”, “18 il xidmət et, xəstələndin get bizə lazım deyilsən?” kimi haqlı suallar verməyə başladı. Təsadüfi deyil ki, sözügedən video-reportajdan sonra Müdafiə Nazirliyindən hadisəyə reaksiya oldu, keçmiş zabit evində ziyarət edildi. Hal-hazırda Məmməd Quliyevin hospitala yerləşdirilməsi üçün işlər görülür.
Bütün bu müddət ərzində bizə dəfələrlə fərqli məmurlardan, rəsmi qurumlardan, vəzifəli şəxslərdən belə desək “xəbərdarlıqlar”, “məsləhətlər” gəlirdi. Hər dəfəsində yardıma ehtiyacı olan şəxslərə dəstəkdənsə bizə “bu dövlətçiliyə ziddir”, “siz ordumuzun adına ləkə gətirirsiniz”, “bu təxribatdır”, “bu məsləhətli mövzu deyil” kimi “məsələhətlər” və “xəbərdarlıq”lar etməyə çalışırdılar. Hər dəfə də biz onlara Prezident İlham Əliyevin “İctimai nəzarət gücləndirilməlidir” sözünü xatırladırdıq.

Bir media orqanı olaraq son yaşanan kadr dəyişikliyini yuxarıda sadalanan problemə ən yüksək səviyyədə reaksiya kimi dəyərləndiririk.

DİGƏR XƏBƏRLƏR

Top