Öd kisəsi əməliyyatı olmuş şəxslər daha sonra bu xəstəliyə tutula bilərlər – HƏKİM AÇIQLADI


Onkoloji xəstəliklər arasında yoğun bağırsaq xərçəngi olduqca geniş yayılıb. Xəstəlik təhlükəli olmaqla yanaşı 90 faiz hallarda simptomsuz keçir. Bağırsaq xərçənginin beynəlxalq adı kolorektal xərçəng adlandırılıb. Dünya ölkələri üzrə statistik məlumatın təhlili göstərir ki, kolorektal xərçəng, ən çox rast gəlinən bədxassəli şişlər arasında üçüncü yeri tutur. Xəstəliyin yaranma səbəbləri isə müxtəlifdir.
Bu barədə Yeniavaz.com-a danışan qastroenteroloq-hepatoloq Dr.Ülvi Maçanov öd kisəsi əməliyyatı olunmuş şəxslərdə bağırsaq xəstəliyinin yaranma ehtimalının olduğunu qeyd edib:
“İlk öncə onu qeyd edim ki, yoğun bağırsaq xərçənginin yaranma səbəbi hələ elmə məlum deyil. Lakin ən başlıca səbəb kimi yoğun bağırsaq poliplərinin olması göstərilir. Bununla yanaşı, irsi faktor, az hərəkətlilik, piylənmə, sosis, kolbasa kimi qidalar, qırmızı ət, siqaret çəkmək, alkoqol qəbulu və öd kisəsi əməliyyatı (xolesistektomiya) keçirmiş şəxslər də bu risk qrupuna daxildir. Bu məsələyə dair bir çox tədqiqatlar aparılıb. Ən böyük tədqiqat isə İsveçdə, Stokholm şəhərində, Karolin Tibb Mərkəzində aparılıb. Belə ki, tədqiqatlara görə, öd kisəsi əməliyyatı olunmuş  278 min 460 xəstənin sonrakı 33 illik həyatı müşahidə edilmişdir. Nəticədə öd kisəsi əməliyyat olunmuş xəstələrdə yoğun bağırsağın sağ tərəfində xərçəngin yaranma riskinin yüksək olması müşahidə olunmuşdur. Bu riskin yüksək olmasını öd kisəsi çıxarılmış xəstələrdə ödün tərkibinin dəyişməsi ilə əlaqləndirirlər. Bir daha qeyd edirəm ki, bu əsas risk faktoru deyil, ən başlıca risk faktoru yoğun bağırsaq poliplərinin olmasıdır”.
Qastroenteroloq-hepatoloq Dr.Ülvi Maçanov eyni zamanda tip 2 şəkərli  diabet xəstələrinin də bu risk qrupuna daxil edildiyini qeyd etdi.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top