
Şəriət dinin anayasasıdır, bütün “olar-olmaz”lar şəriətlə tənzimlənir. Şəriət, Allahın kitabı Qurani-Kərim və Peyğəmbərimizin sünnəsi, yəni Quran əmrlərinin həyata tətbiqi əsasında formalaşır. Şəriət halalı, haramı, oları, olmazı, xoş olanı, xoş olmayanı bildirir. Allah-Taalanın öz qulları üçün müəyyən etdiyi dini hökmlərin məcmusudur şəriət. Şəriət dindir, şəriətin təməl hökmlərini müəyyən edən Allah-Taala Özüdür. Şəriətə qarşı çıxmaq Allahın əmrlərinə qarşı çıxmaqdır.
Təriqət isə yoldur, şəriət dairəsi içində incə bir yol. Şəriətdə hər şey icazələrlə tənzimlənir, bir əməlin doğru və ya yanlış, halal, ya haram olması Allahın hökmlərinə, Peyğəmbərin buyruqlarına əsaslanır, bu qaynaqlarda əmsalı tapılmayan əməllər isə icmanın rəyi ilə hər hansı kateqoriyaya aid edilir, təriqətdə isə icazəli əməllər içində belə seçim aparılır. Məsələn, insan halal yolla qazanır və gündə üç dəfə, ya dörd dəfə yeyir, əmr olunan bütün ibadətlərini yerinə yetirir. Bu oldu şəriət, yəni halal, icazəli, təriqətdə isə daha həssas olursan, məsələn, bir təriqətin qərarı belədir ki, biz gün ərzində bir, yaxud iki dəfə yeyəcək, əlavə bu qədər də ibadət edəcəyik. Ən mühüm fərq ordadır ki, şəriətdə hər şey izacə ilə, təriqətdə isə fədakarlıqla tənzimlənir. Şəriətə əməl eləmək hər bir müsəlmanın borcudur, amma təriqətin dediklərini yerinə yetirmək şərt deyil. Təriqətin tələblərini yaşaya bilməyən ondan dönər və normal şəriət qanunları ilə yaşayar, amma şəriətdən dönmək olmaz, şəriətdən çıxan əbədi hüsrana uğrayar.
Şəriər – müsəlmanın gündəlik həyatıdır, onu Allah-Taalanın vəd etdiyi nemətlərə aparan doğru yoldur; təriqət isə həyatı bir qədər zorlaşdıraraq, fədakarlıq edərək axirəti qazanmaqdır. Bütün müqayisələr qüsurlu olsa da belə bir misalla mənzərəni təsvir etməyə çalışaq: Dağın başına təhlükəsiz, dolanbac yollarla çıxılır. Bu yol bir qədər uzundur, amma güvənlidir, rahatdır. Şəriət bu yola bənzəyir. Təriqət isə ən kəsə yolla, ən qısa zamanda dağın başına dırmanmaq kimidir ki, bu yoldan yıxılanlar şəriət yolunda dayanarlar, burda da dayanmayanlar yazıq olurlar, amma o kəsə yoldan zirvəyə yetişənlər də könül ərləridir, həyatını baha qiymətə Allah-Taalaya satanlardır, Allahın sevimli qullarıdır.
Meyvəli ağac kimi
Namaz qılmağa yenicə başlamış birisi bir din aliminin yanına gəlir və soruşur:
- Mən əvvəlllər namaz qılmırdım və şeytan də mənə yaxın düşmürdü, ən azı belə bir şey hiss eləmirdim. İndi isə namaza başlayandan bəri açıq-aydın hiss edirəm ki, şeytan məndən əl çəkmir, davamlı olaraq mənə vəsvəsə verir. Bunun səbəbi nədir?
Din alimi ona belə cavab verir:
- Eşitmisənmi, "meyvəli ağacı daşlayarlar"- deyilib. Əvvəllər sənin meyvən yox idi, şeytan də səninlə çox vaxt məşğul olmazdı. İndi isə namaz qılmağa başlamısan və meyvəli ağac kimisən. Şeytan da sənin meyvələrini daşlayıb yerə tökmək, zay etmək istəyir. Dəniz quldurları xəzinə daşıyan gəmilərə basqın elədiyi kimi şeytan da sənin xəzinələrini əlinən qoparıb almağa çalışır. Şeytan sənin Allaha ibadət etməyindən alışıb yanır və səni çəkindirmək üçün hər cür oyun oynayır.