Elmlə helmin fərqi


"Helm" sözü, demək olar ki, hər yerdə "elm" sözü ilə yanaşı işlədilir. Kimisə tərifləmək üçün onun haqqında "elmi də var, helmi də"  deyərlər. "Helm" sözünün ifadə elədiyi əsas mənalar yumşaq təbiətli olmaq, dözümlülük, səbr, təmkindir. Hətta bəzi mütəfəkkirlər belə deyiblər ki, helmi olmayanın elmi yarımçıqdır. Çünki elm və helm bir-birini tamamlayan və bəsləyən anlayışlardır. Əgər birisi kiməsə bir şey öyrətmək istəyirsə, ancaq tez-tez əsəbiləşib özündən çıxırsa, demək heç istədiyini də öyrədə bilməyəcək.
Elm - Allah-Taalanın Alim ismi-şərifinə söykənirsə, helm də Onun Halim ismi-şərifinə dayanır. Halim Allah dedikdə, günahkar bəndəsinin cəzasını müəyyən müddətə qədət təxirə salan, gecikdirən, onun tövbə edərək, xoş əməllər işləyərək doğru yola yönəlməsini gözləyən və bunun üçün ona hər cür imkanlar verən Allah düşünülməlidir.
Bir hədisi-şəriflərində uca Peyğəmbərimiz (s.ə.s) belə buyurmaqdadır: "Elmin zinətı elm sahıbının hilmidir".
"Helm" həm də qüvvətli və haqlı olanın bağışlamasıdır; zəif olsa da haqlının haqsıza qarşı müqavimət göstərməsidir.
Bir məqamı unutmaq olmaz ki, helmdə niyyət ancaq va ancaq Allah rizasıdır. Altında başqa niyyət dayanan dözüm, təmkin, yumşaq davraniş helm deyil, ya qorxaqlıqdır, ya tamahgirlik, ya da hansısa başqa bir istəkdir.
 
İbrətli söhbət
Ciyərim “cızz” elədi
Bir dəfə İbrahim Peyğəmbər (ə.s.) belə deyir:
- Ey Rəbbim, sənin hikmətindən sual sorulmaz, Sən nə edirsənsə, gözəl edirsən. Bizim bilmədiyimizi Sən bilirsən. Bilirəm ki, sən öz elçilərini imtahana çəkirsən. Üsyan üçün olmasın, bilmək üçün soruşuram, mənim imtahanım bir qədər ağır olmadımı? Xüsusilə də övladın boğazına bıçaq çəkmək çox ağır deyildimi, ey Rəbbim?  Çox şükür ki, Sənin istəyindən başqa bir əmələ imza atmadım, amma o bıçağı çəkərkən də ciyərim "cızz" elədi.
Allah-Taala (c.c.) da qarşılığında belə buyurur:
- Ey İbrahim, xatırlayırsanmı, sən filan zaman filan yerdə Mənim bir bəndəmi günah işləyərkən görmüş və elə o andaca "Allahım, bunu qəhr elə",- deyə bədduaya başlamışdın?
- Bəli, ey Rəbbim, xatırlayıram.
- Bəs, ey İbrahim, sən o quluma bəddua edəndə Mənim ciyərimin necə "cızz" elədiyini bildinmi?
 
Gözəl bir söz
Səni tərk edib getmək, səndən ayrılmaq ehtimalı olan hər kəs və hər şey fanidir. Faniyə bağlanan sevginin sonu hüsrandır, kədərdir, göz yaşıdır. Allah hər kəsə istədiyini verər, fani istəyənə fanini verər, Əbədini istəyəni də Əbədiyə qovuşdurar. 

DİGƏR XƏBƏRLƏR

Top