Musa peyğəmbərlə (ə.s) Həzrəti-Xızırın görüşməsi


Həzrəti Musa (ə.s.) öz qövmünü bir möcüzə ilə Qırmızı dənizdən keçirir, firon və əsgərləri qalğalar qoynunda boğulub ölürlər. Artıq bundan sonra Həzrəti Musanın qövmü azaddır. Hz. Musa onlara vəz oxuyur, Haqqı təbliğ edir.
 Bir dəfə qövmündən biri ona belə deyir:
- Ey Musa, görəsən Allah-Taala bir başqa quluna da sənə verdiyi qədər elm veribmi?
 Söyləndiyinə görə, Hz. Musa bu sualı sükutla qarşılayır ki, bu da təxminən razılıq anlamına gəlir. Hz. Musanın bu davranışına qarşı Allah-Taala ona belə buyurur:
- Get iki dənizin qovuşduğu, balığın dirildiyi yerdə bir adama rast gələcəksən, o adam sənə elm öyrədəcək.
Hz. Musa Yuşanı da yanına alır, bir qədər ərzaq, bir də bir ölü balıq götürüb yola çıxırlar. Günlərlə yol gedəndən sonra gəlib bir sahildə yatır və durub yollarına davam edirlər. Bir xeyli gedəndən sonra Musa yemək istəyir, Yuşa da deyir ki, yeməyi balığın dirilib dənizə atıldığı yerdə unudub. Hz. Musa bu söhbəti eşidən kimi geri dönür və gəlib həmin yerdə, qayanın üstündə yaşıl əbalı bir adam görürlər. (Mənbələr bu zatın Xızır Peyğəmbər (ə.s.) olduğunu söyləyirlər- red.) Hz. Musa yaxınlaşıb salam verir və "mən Musayam" deyir. Hz. Xızır onu süzüb:
- İsrailoğulları qövmünün peyğəmbəri Musa sənsənmi? - soruşur. Hz. Musa təsdiqləyir. Hz. Xızır belə deyir:
- Ey Musa, Allah-Taala sənə bir elm verdi, onu mən bilmirəm. Mənə də bir elm verdi, onu da sən bilmirsən. Sən indi mənim elmimi öyrənməyə gəlmisən. Allahın mənə verdiyi elm lədunni elmdir (red. - yəni dünya gözü ilə anlaşılmayan, hadisələrin arxa planını göstərən və ancaq Allahın bəzi yaxın peyğəmbərlərinə öyrətdiyi elmdir).
Həzrəti Musa deyir:
- Mən o elmi öyrənmək istəyirəm.
- Sən mahiyyətini bilmədiyin bir elmi öyrənə bilməzsən, gördüyün hadisələr qarşısında tab gətirə, səbir edə bilməzsən.
Hz. Musa gördüyü hər şeyə səbir edəcəyini deyir və onlar yola düşürlər. Qarşılarına böyük bir çay çıxır. Qarşı tərəfə keçmək üçün gəmiyə minirlər.
Çayın ortasında Hz. Xızır gəminin dibinə enir və onu deşir. Hz. Musa etiraz edir.
- Bu gəmi onların çörək təknəsidir. Onların günahı nədir ki?
Hz. Xızır hz. Musaya deyir:
- Sənə dedim ki, gördüklərinin qarşısında səbir edə bilməyəcəksən.
Hz. Musa peşman olur və bağışlanmağını xahiş edir.
Beləcə yollarına davam edirlər. Qarşılarına bir uşaq çıxır və Hz. Xızır onu öldürür. Hz. Musa yenə üsyan edir:
- Sən məsum bir cana qıydın, o körpənin günahı nə idi ki, sən onu öldürdün?
Xızır (ə.s.) xəbərdarlıq edir:
- Dedim axı səbir edə bilməyəcəksən.
Hz. Musa:
- Bir daha səbirsizlik etsəm, məndən ayrılarsan - deyir.
Xızır (ə.s.) razılaşır və onlar yollarına davam edirlər. Gəlib bir qəsəbəyə çatırlar. Bərk acmışdılar, hansı qapıya gedirlərsə, kimsə onlara üz vermir və qovur. Qəsəbənin çıxışında Xızır (ə.s.) əyilmiş, yıxılmaq üzrə olan bir divar görür və onu təmir eləməyə başlayır. Hz. Musa deyir:
- Bu camaat bizə bir tikə çörək də vermədi, sən isə kimsədən bir şey istəmədən bu boyda əziyyətə qatlandın. Heç olmasa, bu işi bir şey qarşılığında görəydin.
Hz. Xızır deyir:
- Ya Musa, artıq biz ayrılmalıyıq. Ayrılmazdan əvvəl də gördüyün hadisələrin mahiyyətini sənə bildirim. Bəri başdan onu deyim ki, sənin gözlərin qarşısında nə elədimsə, öz iradəmlə eləmədim, Allahın əmri ilə elədim. Mən o gəmini deşdim. Bəli, dünya gözü ilə baxsan, bu bir qəsbdir, amma sən bilmirdin ki, qarşıda bir zalım hökmdar dayanıb və bütün sağlam gəmiləri sahiblərinin əlindən zorla alır. Gəminin dibinə kiçik bir zərər vurdum, həmin zərərə görə hökmdarın adamları qayığı sahibindən almayacaq. Onlar da bir qədər zəhmət çəkib gəmini təmir edəcək və işlərinə davam edəcəklər. O ki qaldı uşağı öldürməyimə, o işi Allahın əmri ilə yerinə yetirdim. Biləsən ki, onun atası da, anası da çox təmiz, Allahını tanıyan insanlardır, amma o uşaq böyüyüb çox pis adam olacaqdı, atasını da, anasını da, özünü də cəhənnəmə layiq hala gətirəcəkdi. Allahın inayəti ilə mən onun üçünü də cəhənnəmdən qorumuş oldum. Allah onun valideynlərinə yeni və daha xeyirli övladlar verər. Bu divar isə iki yetim qardaşındır. Ataları o divarın altında uşaqlarının gələcəyi üçün xəzinə gizləyib. Əgər mən o divarı düzəltməsəydim, yaxında uçacaq və oradakı xəzinə üzə çıxacaqdı. Beləcə adamlar o xəzinəni dağıdacaq, o yetim körpələrin haqqı əllərindən çıxacaqdı.
Bu hadisədən sonra Həzrəti Musa özünü çox elmli zənn etdiyinə görə Allah-Taala qarşısında tövbə edir.

Hədisi-şərif
Həzrəti-Musa (ə.s) buyurur:
- Ey Rəbbim, Sən mənə çox böyük lütf etdin, üstünlük verdin, Sənin hikmətin sonsuz, mərhəmətin nəhayətsizdir. Nə qədər şükür etsəm, yenə azdır. Sən məni Kəlimullah dərəcəsinə yüksəltdin, yəni mənimlə birbaşa danışdın. Dünyada bu cür şərəfə layiq gördüyün başqa bir qulun varmı?
Allah-Taala (c.c) buyurur:
- Ya Musa, doğrudur, Mən səninlə danışdım, amma danışarkən də aramıza yetmiş min pərdə qoydum. Sonradan gələcək bir ümmət var ki, o ümmətin fərdləri oruc tutarkən soluxmuş bənizi ilə Mənə üz tutanda Mən aradakı pərdələri də qaldıracam.

DİGƏR XƏBƏRLƏR

Top