Təqva nədir, Allahı sevmək, yoxsa Allahdan qorxmaq?


Təqva – insanı Allahın mərhəmətindən məhrum edən əməllərdən uzaq durmaqdır; özünü günahlardan qorumaqdır, Allahın himayəsinə girməkdir; nəfsin arzularını tərk etməkdir, Allah-Taalanın bildirdiyi yasaqlardan qaçmaqdır, özünü cəzaya deyil, mükafata layiq hala gətirməkdir… Qurani-Kərimdə təqva sahiblərinə müttəqi, yəni qorunan adam deyilir. Rəsulullaahın (s.ə.s) səhabələrindən Ubeyb bin Kab (r.a.) təqvadan bəhs edərkən belə demişdir: “Təqva – tikanlı yolda yeriyərkən ayağına tikan batmasın deyə ayağını hara basdığına diqqət etməkdir.” Təqva – Allahın verdiyi nemətlərə şükür, imtahanlarına qarşı səbir göstərməkdir; Allaha itaət və ibadətdə qüsur etməməkdir; Həzrət Əlinin təbirincə, Allahdan qorxmaq, Quranın buyurduğu kimi yaşamaq, aza qane olmaq, ölümə hazırlanmaqdır. Qurani-Kərim təqva sahibləri üçün cənnət kimi misilsiz mükafat hazırlandığını müjdələyir. Təqva – Allah rizası üçün insanı sevməkdir, əldən tutmaqdır, yaxşılıq etmək, yetim-yesirə sahib çıxmaq, hər nemətin Allahdan gəldiyinə inanıb onu paylaşmaqdır, könül almaqdır, möhtaca dayaq olmaqdır, namaz, oruç, zəkat, sədəqə kim ibadətləri anlayaraq, sevə-sevə icra etməkdir, xeyirli insan olmaqdır…
Dilimizə çevrilən Quran məallarında “təqva” ifadəsi adətən “Allah qorxusu” kimi verilir ki, bu da oxucuda müəyyən anlaşılmazlığa səbəb olur. Oxucu haqlı olaraq düşünə bilər ki,  niyə daha çox Allah sevgisindən deyil, Allah qorxusundan bəhs edilir. Əslində burada qorxu insanın özündəndir, yəni doğru yoldan azmasındandır. Bəli, Allah-Taalanın mərhəməti qəzəbini keçmişdir, bizə bildirilən Əsmai-Hüsnanın, Gözəl Adların bir çoxu Allahın öz qullarına sevgisini, mərhəmətini xəbər verir, hətta Halim adında bir Gözəl Adı da var ki, qulun cəzasını verməyə tələsmir, möhlət verir ki, qul xətasından dönsün, tövbə eləsin və cəzadan qurtarsın. Qul öz xətasından dönmürsə, israrla xəta üstünə xəta işləyirsə, o zaman Allah-Taalanın Ədl ismi, yəni ədaləti ilə üz-üzə gəlməli olur.  
Allah-Taala Sübhandır, yəni Ona hər hansı haqsızlıq, qüsur, xəta isnad edilməz. Əgər qul cəzaya layiq hala gəlirsə, bunun səbəbini elə o qulda axtarmaq lazımdır.
Bəli, Allah-Taala quluna cəza verir, amma əsla zülm etməz. Cəza da ədalətin hökmü, əməlin haqlı qarşılığıdır. Zülm zalımların işidir və bu ifadəni Allaha şamil eləmək qədər bir zülm düşünülə bilməz.
Bizi Yaradan Allah bizə iradə verib, Peyğəmbır kimi müəllim, Quran kimi kitab göndərib, doğrunu-yanlışı açıq-aydın söyləyib. Qul başına bəla istəyirsə, onda kim neyləsin?
Təqva – bəndənin özünü qorumasıdır; Allahın mərhəmət dairəsi işərisində yer almaq üçün çalışmasıdır; Allahı sevməsidir, Onun əmrlərinə təslim olmasıdır; Həzrət Əlinin (ona Allahın salamı olsun) buyurduğu kimi, ən gözəl səfərə, ölüm yolculuğuna hazırlanmasıdır.
Allah-Taala oxuyub faydalanan hər kəsi təqva sahibləri arasına qatsın!

DİGƏR XƏBƏRLƏR

Top