
"Mənim heç bir günahım yoxdur" demək özü günahdır. Allah qatında günahsız olanlar ancaq peyğəmbərlərdir.
İnsan fitrət etibarilə günaha açıq varlıqdır, yəni günah işləyə bilər. İnsanın insanlığı da elə günah işlədikdən sonra üzə çıxır.
Peşman olaraq tövbə edən insan Həzrəti Adəmin (ə.s.), günahında inad edənsə şeytanın yolundadır.
Tövbə - insanın xətasını anlaması, peşman olmasıdır. Allah-Taala Təvvabdır, yəni bəndəsinin tövbəsini qəbul edəndir.
İstiğfar isə - Allaha yalvararaq günahlarının bağışlanmasını diləməkdir. Bu söz Qafur sözü ilə eyni kökdən gəlib. Qafur Allah-Taalanın gözəl adlarından (Əsma-Ül-Hüsna) biridir və "günahları çox-çox bağışlayan" deməkdir.
Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şəriflərində buyurur ki, insan bir günah işləyib ardınca da tövbə etməzsə, qəlb aynasına bir qara nöqtə düşür. Tövbə-istiğfar insanın qəlb aynasına düşən o qara ləkələri yuyub təmizləyən ən gözəl iksirdir. Əgər insan günahlarına görə tövbə eləmirsə, onun qəlb aynası bu qara nöqtələrdən görünməz və göstərməz hala gəlir.
Bir alim deyir ki, Allah-Taalanın 65 beş gözəl adının insanda təcəllisi var. Allah-Taalanın o gözəl adları insanın könül aynasında əks edilərək, başqalarına görünür. Bir halda ki, insanın könül aynası günahlardan törəyən qara nöqtələrdən görünməz hala gəlib, demək, onda Allah-Taalanın o gözəl adlarının heç bir təcəllisini axtarmaq doğru olmaz.
Biz müsəlmanlara əmr olunub ki, əgər bir günah işlədiksə, tövbə edək və ardınca da xoş bir əməl işləyək ki, o günahın ləkələrini yuyub aparsın.
İnsana təşəkkür etməyən, Allaha şükr etməz, insandan üzr istəməyən Allahdan istiğfar diləməz.
Tövbə şüuru çox mühüm tərbiyə məktəbidir. Nə zamansa xətrinə dəydiyin, ayağını tapdaladığın birisinin qapısına gedirsən və halallıq istəyirsən. Əlbəttə, bu cür insanların formalaşdırdığı cəmiyyət gözəl olar.
Tövbə etmək bir daha o günaha dönməyəcəyinə dair Allah-Taalaya söz verməkdir. Peyğəmbərimiz hədisi-şəriflərində buyurur ki, səmimi şəkildə günahlarından tövbə edən insan yeni doğulmuş uşaq kimi tərtəmiz olur.