
Qurani-Kərimdə buyurulur: Əgər duanız olmasa, Rəbbim sizə nə deyə dəyər verər?
Dua - bəndənin Allahı başının üstündə görməsi, tanıması, ibadətlə Ona yönəlməsidir, dərdini söyləməsi, çarə diləməsidir. Allahın razılığını qazanmaq üçün bəndənin hər əməli duadır.
Dua - ibadətin özüdür, namazdır, orucdur, zəkatdir, Allah rizası niyyəti ilə ehtiyac içində olan bir Allah bəndəsinin əlindən yapışmaqdır.
Bəndə ən səmimi şəkildə öz Allahına necə yalvara bilirsə, o cür də yalvarsın, amma səmimi olsun duasında. Allah-Taala Qurani-Kərimdə bir neçə yerdə buyurur ki, qulum məndən bağışlanmasını diləsin, qulum məndən bir şey istəsin, mən də onun istəyini yerinə yetirim.
Qurani-Kərimdə Peyğəmbərlərin dilindən söylənmiş dualar var. Rəsulullahın da çoxlu duaları bizə məlumdur. O duaların qəbul olduğuna şübhə etmirik, əgər bacarırsınızsa, onları əzbərləyib olduğu kimi söyləsəniz, daha yaxşıdır. Əgər bacarmırsınızsa, hər kəs necə bacarırsa, o cür də dua eləsin.
Allah-Taalanın Gözəl Adlarından biri də MUCİBdir, yəni yaratdıqlarının dualarına qarşılıq, cavab verən. Ağızdan çıxan heç bir söz, heç bir dua boşa getməz. Əmin olun ki, hər kəs öz istəyinin cavabını alacaq, kimi bu dünyada, kimi də axirətdə.
Allah-Taala buyurur ki, Ona boynubükük, mütəvazi bir halda, alçaq səslə dua edək.
Allaha yalvarmaq insanı alçaltmaz, yüksəldər. Allaha yalvarmayan qul qarşısında dizin-dizin sürünər.
Bəzi zamanlar var ki, duanın qəbulolnma ehtimalı çoxdur. Ramazan ayı, xüsusilə də iftar və sahur zamanı, Qədr gecəsi və bir də gecələrin son bölümü, yəni axşam namazının güməsi ilə səhər namazının girməsi arasındakı vaxtın üçüncü hissəsi...
Dua iki cür olur: Sözlü dua, əməli dua. Yəni bir şeyin olmasını Allahdan dilədiyin kimi o istəyinin düzəlməsi üçün də gərək çalışasan, boynuna düşən vəzifələri yerinə yetirəsən.
Dua edən duasının qəbul ediləcəyinə inanmalıdır. Allah duanizi qəbul edərsə, ən müşkül işləriniz düzələr, bağlı qapılar üzünüzə açılar.
Sən bir işin düzəlməsi üçün çalışacaqsan, Allaha dua edəcəksən, amma nəticətədən də şikayətlənməyəcəksən. Yəni, Allahdan bir şey istədinsə, Allah da sənə bir şey verdisə, demək sənin üçün ən xeyirlisi elə Allahın verdiyidir.
Bizim üçün nəyin xeyirli olduğunu ancaq Allah bilir. Ona görə də dua edəndə: "Allahım, mənim üçün xeyirli olanı ver" demək lazımdır.
Peyğəmbərimiz hədisi-şəriflərində də buyurur ki, dua ibadətin özüdür, elə digər ibadətlərin özü də duaların fərqli hallarıdır.
Hər zaman dua edin: evdən çıxanda, işə başlayanda, evə dönəndə, bir şey verəndə, bir şey alanda, hər məqamda dua edin və əmin olun ki, Allah-Taala bu duanızı eşidib sizə xeyirli olanı verəcək.
Yetimin, məzlumun, imkansızın, zülmə uğramışın, anaların duasını almağa çalışın. Çünki Peyğəmbərimiz bu cür insanlarının duasının qəbul edilməsini müjdələyib. Oturanda, duranda, yol gedəndə dua edin, içinizdən gələn ən səmimi duyğularınızla Allahı çağırıb sıxıntılarınızı Ona ərz edin, Allaha dua edin, Allaha yalvarın ki, zalımlara möhtac olmayasınız.