
Salam – Allah-Taalanın Əsmai-Hüsnasından, yəni Gözəl Adlarından biridir, bu ad lüğəvi baxımdan hər cür salamatlığın qaynağı, hər cür eybdən, qüsurdan, naqislikdən uzaq, qullarını salamata çıxaran anlamına gəlir. Amma bu adın mahiyyətində çox gözəl anlamlar var. Biz də ən yaxın,ən gərəkli hesab elədiyimiz anlamlardan bəhs edəcəyik.
İki müsəlman qarşılaşanda ilk söylənəcək söz salamlaşmaq olmalıdır. “Salamaleykum” demək, Allahın əmniyyəti altında olasan, səni Allah qorusun deməkdir. Salam verən həm də qarşı tərəfi sülhə, barışa dəvət etmiş olur. Sevimli Reyğəmbərimiz (Allahın salamı olun üzərinə olsun!) bizə salamlaşmağı yaymağı tövsiyə edir. Demək, söhbət salamın nə olduğunu anlayaraq onu yaymaqdan gedir. Əgər iki nəfər qarşılaşanda əvvəlcə salam verib, sonra da davaya başlayarlarsa. Demək onlar salamın mahiyyətini anlamamışlar. Çünki salam vermək həm də qarşı tərəfə bir vəd verməkdir, dolayısı ilə “məndən sənə zərər gəlməz” söyləməkdir. Özünüz düşünün, sən birinə “Allahın əmniyyəti, səlaməti içində olasan” deyəsən, amma özün onunla dava edəsən, heç belə də məntiqsizlik, ikiüzlülük olarmı? Demək salam verən adam xoşniyyətli olduğunu bəyan etmiş olur.
Bəli, bu qısa yazıda biz salamın üç mənasına toxunduq: Salam – qarşı tərəfə dua etməkdir; Salam – qarşı tərəfə sülhə, barışa dəvət etməkdir; Salam – qarşı tərəfə güvən əmniyyət vəd etməkdir.
Yeri gəlmişkən onu da deyək ki, sevmədiyin, xoşuna gəlməyən adama salam verməyə bilərsən, amma verilən salamı almaq dinimizə görə, borcdur, ən azı ona görə ki, Salam – Allahın adıdır və Salama hörmətsizlik dolayısı ilə o adın Sahıbınə hörmətsizlik anlamına gəlir. Salamın qarşılığı “aleykuməssalam”dır.
Salam verin, Salam alın, Salamın bərəkəti həyatınızı bəzəsin!
əs-Səlamaleykum!