İslam dinində insan…


Allah insanı niyə yaradıb…
İnsanın və cinlərin yaradılışının qayəsi Allahı tanıyıb, Ona (c.c.) ibadət etməkdir. Qurani-Kərimdə bu haqda belə buyurulmaqdadır:
Mən cinləri və insanları başqa deyil, (Məni tanıyıb) Mənə qulluq etsinlər deyə yaratdım. (Zariyat surəsi - 56)
Yəni insanın mövcudluğunun qayəsi ibadət etməkdir. Allah bu kainatı, ətrafımızda gördüyümüz hər şeyi, - ağacı, otu, inəyi, balığı, qarışqanı, buludu… insan üçün yaradıb, insanı isə Allah üçün. Gördüyümüz canlılar, təbiət insanın xidmətindədir. Diqqət etsən, qarışqanın belə insana nə qədər böyük xidmət göstərdiyini anlayarsan. Səhradakı vəhşi heyvanlar, ilanlar, meşədəki ağaclar, ağacdakı meymunlar da hansısa yolla insana xidmət edirlər. Bəli, hər şey insana xidmət edir, insan da öz ibadətində ona xidmət edən bütün canlıların haqqını Allaha təqdim etmiş olur.
Allah bu yer üzünü insan, insanı da Allahı tanıması, Ona itaət və ibadət etməsi üçün yaradıb.
 
İslam dinində İnsan mələkdən üstün ola bilərmi?
Yapılan ibadətlərin qarşılığı Allahdan gözlənilir. Ən böyük mükafatları Allah-Təala axirətdə verəcəkdir. İnsanın üzərində ruhun hakimiyyəti zəifləyərsə və ya cəsəd hakim duruma gələrsə, insan ləzzət və şəhvətlərinin yedəyində gedər. O insan ağılın hüdudunu dinin çəkdiyi sərhədləri heçə sayar, bütün duyğularını, düşüncələrini yeməyin çeşidinə, içkinin növlərinə həsr edər. Belə bir insan heyvandan betərdir. İnsan mələklərin altında, digər canlıların isə üstündə yaradılmışdır. Ancaq Allah-Təala ona mələklərdən yuxarıya ucalmaq imkanı ilə yanaşı şeytandan da aşağı düşmək yolu vermişdir.
İnsanı mələklərdən ayıran xüsusiyyətlərdən biri onun nəfs sahibi olmasıdır. Mələklərdə yemək-içmə, evlənmə, Allaha üsyan etmə və s. kimi davranışlar yoxdur. Yaradılışdan bəri onlar məsum, hər an Allaha təsbih və itaətlə məşğul olan varlıqlardır. Qurani-Kərimdə bu haqda bildirilir:
Ondan öncə söz söyləməzlər və onlar Onun əmri ilə hərəkət edərlər. (Allah) Onların önlərində və arxalarında nə varsa (nə etmiş və nə edəcəklərsə) bilir. (Allahın) Razı olduğundan başqasına şəfaət edə bilməzlər və onlar Onun qorxusundan tir-tir titrərlər. (Ənbiya surəsi - 27-28)
İnsan isə həyatını yemək-içməklə davam etdirə bilir. Allaha üsyan etməsi, xəta işləməsi hər zaman ehtimal oluna bilər. Oruc tutan bir mömin isə sabahdan axşama qədər yemək-içməkdən imtina etməsi ilə, şəhvətinə hakim olması ilə, qeybət və zülmdən qaçması ilə, nəfsini iradəsi altına alaraq bir növ mələkləşir. Hətta bu daranışları ilə o, mələkləri belə arxada buraxır.

DİGƏR XƏBƏRLƏR

Top